“Sabah”dan qalmaqalla ayrılan və artıq karyerasını Səudiyyə Ərəbistanında davam etdirən Coy-Lens Mikels iki gündü Bakıdadı.
“Football-plus.az” saytının əməkdaşı onunla “Port Baku Mall”da görüşə bilib.
- Bildiyimə görə, Bakıya gəzinti məqsədi ilə gəlmisən. Səudiyyə Ərəbistan çempionatında fasilədi?
- Bəli, səyahət məqsədi ilə gəlmişəm. Ayın 9-na kimi Bakıdayam. Çünki 11-i komandanın məşqi olacaq və ora çatmalıyam. Həm də bu ayın 10-da Bakıdan Səudiyyə Ərəbistanına reys yoxdu.
- Başqa yerə də gedə bilərdin, niyə məhz Bakı?
- Çünki Azərbaycan, Bakı vətəndi. Özümü burda çox rahat hiss edirəm. Həm də Bakıda özümə ev almaq niyyətindəyəm.
- Səudiyyə Ərəbistanında işlərin necə gedir? Yeni komandana uyğunlaşa bilirsən?
- Düzdü, bir az çətinlik var. Əsas da komandanın və futbolçuların "Sabah"ın oyunçuları qədər yüksək səviyyədə olmaması çətinlik yaradır. Lakin mənim də köməyimlə komandanı yaxşı duruma gətirəcəyimizə inanırıq.
- "Sabah"dan ayrılmağın böyük səs-küy doğurdu. Bu barədə danışardın...
- Düşünürəm ki, bu məsələdə menecer olsaydı, tərəflər arasında belə anlaşmazlıq olmazdı, məsələ daha yaxşı bitə bilərdi. Təəssüf...
- Baş məşqçi Murad Musayev səni komandada saxlamaq üçün çalışdımı?
- Bəli, Murad müəllim komandada qalmağımı istəyirdi.
- Niyə məhz "Əl-Faysal"? Daha iddialı klublara keçmək imkanın da var idi. Məsələn, "Qarabağ"a...
- "Əl-Faysal"dan təklif oldu, "Qarabağ"dan yox.
- Belə başa düşmək olar ki, bu keçiddə karyera yox, pul əsas rol oynadı?
- Əslində "Sabah"a görə böyük pullardan da imtina eləməyə hazır idim. Lakin "Sabah"la da maddi məsələdə anlaşa bilmədik. Səbəb təkcə pul da deyildi. Həyatımda bəzi dəyişikliklər etmək istəyirdim. Fikrimcə, "Sabah" rəhbərliyi mənə maliyyə baxımından istədiyim dəyəri vermədi.
- Bizdə olan məlumata görə, həyat yoldaşın da Səudiyyə Ərəbistanına yollanmaqda israrlı olub. Guya sən "Əl-Faysal"a keçməsəydin, xanımın səndən ayrılacaqmış. Pula görə...
- Əslində həyat yoldaşım burda qalmaq istəyirdi. Mən onun sözünə qarşı çıxdım və Səudiyyə Ərəbistanı klubuna keçdim.
- "Sabah"ın oyunları izləyirsənmi? Komandanın bu qədər uğursuz çıxış etməsinin səbəbi nədi?
- Bəli, izləyirəm. Uğursuzluğa səbəb isə bir çox zonalarda oyunçu dəyişikliyinin olmasıdı. Vaxta ehtiyac var.
- "Partizan"a məğlubiyyət sənin gedişinlə bağlıdımı?
- Bunu bəlkə çox adam demək istəməz. Lakin mən həqiqətən də komandanın əsas silahıydım. "Partizan"a məğlubiyyəti isə özümlə bağlamıram. Çünki Bakıdakı ilk oyunda mən meydanda yox idim, ancaq komanda 2:0 qalib gəlmişdi.
- "Sabah" rəhbərliyi Murad Musayevə şans verməlidimi?
- Bəli, Murad müəllimə də vaxt lazımdı. Bəzi oyunçular yenidi. Ümid edirəm ki, hır şey "Sabah" üçün yaxşı olacaq.
- Gələcəkdə yenidən Azərbaycanda çıxış etmək kimi istəyin varmı?
- Bəli, Azərbaycana qayıtmaq şansım olsa, ilk növbədə "Sabah"ı seçərəm.
- İndiki rəhbərlik komandada qalsa belə...
- Bəli. Ancaq əvvəlcə rəhbərliklə aramızda danışaraq anlaşmalıyıq.
- "Sabah"la bağlı ayrılıq mesajında bildirmişdin ki, rəhbərlik komanda yoldaşlarınla görüşməyinə icazə verməyib. Bu barədə nə deyə bilərsən?
- "Partizan"la Bakıdakı oyundan sonra komanda yoldaşlarımla görüşmək və onları qələbə münasibətilə təbrik etmək istəyirdim, lakin paltardəyişmə otağına girişimə icazə verilmədi.
- Azərbaycanda başına gələn ən maraqlı və unudulmaz hadisə hansı olub?
- Zəlzələ... Çox qorxmuşdum. Bütün gecəni səhərə qədər çöldə keçirdim. Çünki ondan əvvəl Türkiyədə də zəlzələ olmuşdu.
- Sən "Sabah"dan ayrılandan sonra klubun əsas azarkeş qrupu "Soldatı di Sabah"ın rəhbəri saytımıza açıqlamasında bildirdi ki, bizim üçün əsas klubdu, Mikels və futbolçular komandadan üstün deyil. Bu fikrə münasibətin necədi?
- Hər kəsin öz fikri var. Ancaq indi görürəm ki, bəzi belə danışan fanatlar "Sabah" uğursuz olduğuna görə stadiona oyunlarını izləməyə getmirlər.
- Azərbaycanda unuda bilmədiyin oyunun və qolun hansıdı?
- "Neftçi"yə qarşı səfərdəki oyun. 0:1 geridəydik, lakin mən sol, həm də sağ ayağımla yaxşı qol vurdum. Əsas da ikinci qolum əla alınmışdı. Qapıçının başı üzərindən topu tora göndərmişdim.
- "Sabah"dan ayrılandan sonra kimlərlə əlaqə saxlamısan?
- Baş məşqçi Murad Musayevə bir dəfə yazmışam. Marqarita, Apeh, İldar Alekberov, Ruslan Samiqullin ilə danışıram. Hətta Vinsent Till ilə görüşdüm.
- "Sabah"ın bu tur "Araz- Naxçıvan"la görüşünü izləməyə gedəcəksən? Sabiq komanda yoldaşlarınla paltardəyişmə otağında görüşmək niyyətin varmı?
- Bu barədə heç düşünməmişəm. Qorxuram ki, buna da icazə verməsinlər.
CAVİD ƏLİYEV