Liqada turnir cədvəli ənənəvi xarakter almağa başlayır.
“Football-plus.az” xəbər verir ki, hesabat turunda “Real” “Jirona” nağılını bitirdi, “Barselona” Ramosun yardımı ilə “Sevilya”ya qalib gəldi, “Real Sosyedad” “Atletik”i darmadağın etdi. “Atletiko” da yavaş-yavaş irəliləməkdədi. Madridlilər 0:2 geri düşdükləri oyunun axarını dəyişə bildilər.
Belə görünür ki, “Jirona” hədsiz çox təriflənib. “Ağ-qırmızılar”ın əvvəlki rəqibləri autsayderlər və ortabablar idi, ilk ciddi sınaqda isə onlar büdrədi. Meydan sahibləri “Real”la oyunun əvvəlində iki gözəl imkanı boşa verdi. Madridlilərlə belə zarafat etmək olmaz. 17-ci dəqiqədə Bellingem Xoselunu qapıçı meydançasında zərbə mövqeyinə çıxardı və veteran hücumçu hesabı açdı. Cəmi 4 dəqiqə sonra kataloniyalılar Çuamenini də gözdən qaçırdı. İki erkən qol oyunun sonrakı axarını müəyyənləşdirdi. “Real” hissənin sonunq qədər elə bir canfəşanlıq etmədi, heç 2-ci hissədə də hadisələri qabaqlamaq istəmədi. Ancaq hissənin ortalarında əks-hücum zamanı fərq darmadağın həddinə çatdı. Xoselu qapıçıdan dönən zərbəsindən sonra topu əlverişli mövqedə olan Bellingemə ötürdü. İngiltərəli ulduz fərqi üç topa çatdırdı. “Jirona” heç təsəlli qolunu da vura bilmədi. Uzatma dəqiqələrində Portunu “biçən” Naço birbaşa “qırmızı” ilə meydandan qovuldu. Qələbə “Real”ı zirvəyə qaldırdı, “Jirona” isə 3-cü pilləyə düşdü.
Futbolun qəribə ironiyaları var. Ramos “Sevilya”ya qayıdıb ki, karyerasını bitirsin. Klubda onun təcrübəsinə və xarizmasına güvənirlər. Məşqçi korpusu “Barsa” ilə oyunun veteran müdafiəçi üçün prinsipial əhəmiyyət daşıdığını nəzərə aldı. Nə qədər qəribə olsa da, bərabər keçən oyunun taleyini məhz Ramosun öz qapısına göndərdiyi top həll etdi. Demək olmaz ki, “Barselona” qələbə üçün oynamadı. Meydan sahibləri daha üstün təsir bağışladı. Hələ ilk yarıda Felişin zərbəsi tirdən döndü. Rafinya və onu əvəz edən Lopes yaxşı imkanları qaçırdı. Qonaqlar da boş dayanmırdı. Rakitiç və Okampos hesabı aça bilərdi. Fasilədən sonra oyun daha sakit xarakter aldı, təhlükəli vəziyyətlərin sayı azaldı. Kataloniyalıların müəyyən üstünlüyü sezilsə də, oyunun məntiqi qoldan xəbər vermirdi. Ancaq sona 15 dəqiqə qalmış Torresin ötürməsindən sonra Yamal zərbə vurdu və Ramosdan səkən top tora düşdü. “Barsa” minimal üstünlüyü sona qədər qorudu.
“Real Sosyedad” – “Atletik” oyunu qonaqların darmadağını ilə bitdi. Hərçənd bu hesab meydanda yaşananları heç də tam əks etdirmir. Sadəcə, “Real Sosyedad” bitirici mərhələdə konkret davrandı, qol vəziyyətlərindən yaxşı yararlandı. Bask derbisində komandalar uzun müddət təşəbbüsə yiyələnmək uğrunda mübarizə apardı. Nəhayət, yarım saatın tamamında Le Norman hesabı açdı. “Atletik” hissənin sonuna qədər ələ düşən imkanlardan yararlanmadı, 2-ci hissə başlayan kimi buna görə növbəti dəfə cəzalandı. Kubo komandasının sürətli əks-hücumunu qolla tamamladı. “Atletik” təslim olmasa da, qol vəziyyətlərindən yararlana bilən oyunçusu tapılmadı. Alquasilin əvəzetmələri də özünü göstərdi. Sonradan oyuna qoşulan Oyarsabal cəmi 5 dəqiqə sonra təkbətək zamanı fərqləndi. “Atletik”in qalan vaxt ərzində bu üç qolun əvəzini çıxması çətin idi.
“Kadis”lə oyunun ilk 5 dəqiqəsində “Atletiko” iki dəfə hesabı aça bilərdi, ancaq Qrizmann bu şansları boşa verdi. Onun ilk zərbəsi dirəkdən döndü, ikincinin qarşısını Ledesma aldı. “Hindular”ın start təzyiqini dəf edən qonaqlar ilk məntiqli hücumda qol vurdu. Pires 12-ci dəqidədə hesabı açdı, 27-ci dəqiqədə isə Marti “Atletiko”un şoka saldı. Düzdü, madridlilər tezliklə bu qollardan birinin əvəzini çıxa bildi. Fasiləyə məğlub yollanan “Atletiko” oyun canlanan kimi hesabı bərabərləşdirdi. Bundan sonra meydan sahibləri daha böyük qüvvə ilə irəli atıldı. Simoene üçlü dəyişikliyə əl atandan az sonra qələbə topunu vurmaq mümkün oldu. Korrea dublunu rəsmiləşdirəndən sonra da “Atletiko” qollar vura bilərdi. Ardıcıl 3-cü qələbəsini qazanan “hindular” artıq liderlər qrupundadı.
“Rayo Valyekano” “Malyorka” ilə ev oyununda məğlubiyyətə çox yaxın idi. Ancaq 90+7-ci dəqiqədə qonaqların qapısına penalti təyin olundu. Falkaonun ilk zərbəsindən sonra Raykoviç topu qaytarsa da, hakim penaltinin təkrarlanmasını istədi və kolumbiyalı ulduz 2-ci cəhddə istəyinə çatdı – 2:2. “Vilyarreal” heç cür turnir cədvəlinin 2-ci “10-luğ”undan uzaqlaşa bilmir. Düzdü, “sarı sualtı qayığ”ın “Xetafe” ilə səfər oyununun artıq 23-cü dəqiqəsində azlıqda qaldığını nəzərə alsaq, əslində 1 xal da qənimətdi.
Turun qalan oyunlarına gəlincə, həftəiçi Visente Morenonu qovan və Alberto Lasartenin rəhbərliyi altında ilk oyuna çıxan “Almeriya” “Qranada” ilə oyunda qələbəni inanılmaz şəkildə əldən verdi. İlk yarıdan sonra 3:0 öndə olan meydan sahibləri fasilədən sonra üç qol buraxdı. “Betis” “Valensiya”nı darmadağın etdi, “Alaves” evdə “Osasuna”ya uduzdu. Dünən axşam keçirilən son oyunda “Las-Palmas” “Selta”dan üstün oldu.
8-ci tur
Jirona – Real 3:0
Xoselu, 17. Çuameni, 21. Bellingem, 71. (14184)
Jirona: Qassaniqa, Qutyerres, Blind, E.Qarsiya, Kouto, Savio (Torre, 79), A.Qarsiya, Lopes (Portu, 60), Errera (Solis, 87), Sıqankov (Fernandes, 46), Dovbik (Stuani, 60).
Real: Kepa, Kamavinqa, Naço, Rüdiger, Karvaxal, Kroos, Çuameni, Valverde (Dias, 87), Bellingem (Sebalyos, 74), Xoselu (Vaskes, 86), Vinisius (Rodriqo, 68).
Barselona – Sevilya 1:0
Ramos, 76-öz qapısına. (41116)
Barselona: Ter Ştegen, Balde, Kristensen, Kunde, Kanselo, Gündoğan, Qavi, Rafinya (Lopes, 37), Feliş (Torres, 72), Yamal (Romeu, 82), Levandovski.
Real Sosyedad – Atletik 3:0
Le Norman, 30. Kubo, 48. Oyarsabal, 66. (38229)
Real Sosyedad: Remiro, Tirni (Munyos, 25), Le Norman (Paçeko, 63), Subeldiya, Traore, Barreneçea (Oyarsabal, 61), Merino (Turryentes, 81), Subimendi, Mendes, Sadik (Silva, 61), Kubo.
Atletiko – Kadis 3:2
Korrea, 32; 66. Molina, 46 – Pires, 12. Marti, 27. (53421)
Atletiko: Oblak, Ermoso, Vitsel, Aspilikueta (Qalan, 81), Rikelme (Lino, 61), Molina, Saul, Koke (Ximenes, 61), Lyorente (De Paul, 61), Qrizmann, Korrea.
Xetafe – Vilyarreal 0:0
(11255)
Rayo Valyekano – Malyorka 2:2
A.Qarsiya, 4. Falkao, 90+12-p. – Muriqi, 44. Sançes, 59. (14000)
Almeriya – Qranada 3:3
Suares, 41; 44; 45+1 – Saraqosa, 65-p. Sançes, 70. Uzuni, 86. (14264)
Betis – Valensiya 3:0
Diao, 41. Roka, 52. Ezzalzuli, 85. (50163)
Alaves – Osasuna 0:2
Arnais, 36. Budimir, 90. (19035)
Las-Palmas – Selta 2:1
Viera, 84-p. Kardona, 90+7 – Duvikas, 67. (22472)
1. Real 8 7 0 1 16-6 21
2. Barselona 8 6 2 0 19-8 20
3. Jirona 8 6 1 1 18-11 19
4. Atletiko 7 5 1 1 18-7 16
5. Real Sosyedad 8 4 3 1 16-10 15
6. Atletik 8 4 2 2 13-9 14
7. Betis 8 3 3 2 10-12 12
8. Rayo Valyekano 8 3 3 2 9-11 12
9. Osasuna 8 3 1 4 9-10 10
10. Valensiya 8 3 1 4 9-10 10
11. Xetafe 8 2 3 3 10-13 9
12. Kadis 8 2 3 3 8-11 9
13. Vilyarreal 8 2 2 4 10-13 8
14. Las-Palmas 8 2 2 4 4-7 8
15. Sevilya 7 2 1 4 11-10 7
16. Malyorka 8 1 4 3 11-14 7
17. Alaves 8 2 1 5 6-12 7
18. Selta 8 1 2 5 8-13 5
19. Qranada 8 1 2 5 13-21 5
20. Almeriya 8 0 3 5 11-21 3
Bombardirlər: Bellingem (Real) - 6, Levandovski (Barselona), Morata (Atletiko), Kubo (Real Sosyedad) – 5.
Növbəti turun oyunları oktyabrın 6-8-i aralığında keçiriləcək: Atletik – Almeriya, Kadis – Jirona, Real – Osasuna, Malyorka – Valensiya, Sevilya – Rayo Valyekano, Vilyarreal – Las-Palmas, Atletiko – Real Sosyedad, Alaves – Betis, Selta – Xetafe, Qranada – Barselona.
Turun rəqəmi
9 – “Jirona” ilə oyunda həm qol vuran, həm də məhsuldar ötürmə verən Bellingem mövsümünə əvvəlindən bəri “qol+ötürmə” sistemi üzrə xal sayını bu həddə çatdırdı. 20 yaşlı ingiltərəli 8 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə verib.
Turun ulduzu
Cud Bellingem (Real) – Ançelotti 74-cü dəqiqədə onu əvəz etməklə ÇL üçün qorudu. Ancaq bu müddət də parlamaq üçün bəs etdi. Cud məhsuldar ötürmə ilə darmadağının əsasını qoydu, özü də bu prosesi bitirdi. Meydanın mərkəzində dəfələrlə rəqibdən top aldı, 45 ötürməsindən yalnız biri qeyri-dəqiq oldu. Və onun cəmi 20 yaşı var.
Faktlar
* Modriç son 11 ildə ilk dəfə “Real”ın ardıcıl iki oyununda meydandan olmadı. “Atletiko” ilə oyunun fasiləsində əvəzlənən 38 yaşlı xorvatiyalı “Las-Palmas” və “Jirona” ilə oyunlarda ehtiyatda qalıb. Modriç son 11 ildə ilk dəfə zədəli və cəzalı olmadığı halda belə aqibətlə üzləşir. 2012-nin oktyarında Mourinyo onu “Ayaks” və “Barselona” ilə oyunlarda meydana buraxmamışdı.
* “Almeriya”nın kolumbiyalı forvardı Luis Suares 5 dəqiqə 25 saniyə ərzində het-trik etdi. Maraqlıdı ki, üç qolun hamısında Ramazani assitent rolunu oynadı. 21-ci əsrdə La Liqada yalnız iki futbolçu ondan tez het-trik edə bilib. Bunlar “Valensiya”dan David Vilya (2006, 4 dəqiqə 46 saniyə) və “Atletiko”dan Kevin Qameyrodu (2017, 4 dəqiqə 45 saniyə).