Harri Keynin Almaniya karyerası gözləniləndən də uğurlu başlayıb.
"Football-plus.az" xəbər verir ki, ilk oyunlardan yaxşı məhsuldarlıq sərgiləyən İngiltərə yığmasının kapitanı artıq indidən bəzi rekordları yeniləyib. Keyn bugünlərdə İspaniyanın ünlü “Marka” nəşrinə müsahibə verib. Keynin ən çox bəyəndiyi ispaniyalı futbolçunun adını eşidəndə yəqin siz də təəccüblənəcəksiz...
- Çempionlar Liqasında qrup mərhələsinə “Mançester Yunayted”i yenməklə start verdiz. Bu turnirdə hədəfiniz nədi? Ümumiyyətlə, favoritlər kimlərdi?
- ÇL hamımızın da bildiyi kimi əla komandaların yer aldığı çətin bir turnirdi. Burda əvvəlcədən heç nə proqnozlaşdırmaq mümkün deyil. Hər oyuna ayrılıqda hazırlaşmalı və pillə-illə irəliləməliyik. Favoritlərə gəlincə, söyləmək çətindi, amma ağlıma gələn ilk komanda son çempion statusunda olan “Mançester Siti”di. ”Real” da öz möhtəşəm tarixi ilə həmişə favoritlər sırasındadı. Elə “Bavariya”nın da favoritlər arasında olduğunu düşünürəm. Amma ÇL-i qazanmaq üçün “Bavariya”nın ən yaxşı versiyasını nümayiş etdirməliyik.
- İspaniyada bir çoxları “Mançester Siti”ni bu mövsüm ÇL-in aşkar favoriti sayır. Belə çıxır ki, Almaniyada fərqli düşünürlər?
- Onların aşkar favorit olub-olmadıqlarını bilmirəm. “Siti”nin necə oyunçulara malik olduğu hər kəsə məlumdu. Son illərdə çox yüksək səviyyə nümayiş etdirirlər. Bu, “sükan arxasında” Qvardiola kimi bir məşqçinin dayanması sayəsində mümkün olur. Biz “Bavariya” olaraq, daha çox özümüzdən asılı olan, öz əlimizdə olan şeylərə köklənməyə çalışırıq. Yəni rəqiblərimizdən çox özümüz nə edə biləcəyiksə, onu düşünməliyik. “Mançester Siti”yə rəqib olsaq, həmin duelə yüz faiz hazır olacağıq. Hərçənd ÇL-də bütün böyük klublar qələbəyə can atır və “Bavariya” da onlardan biridi.
- Bundesliqa ilə premyer liqa arasında əsas fərq meydandadı, yoxsa meydandan kənarda?
- Artıq bundesliqada bəzi oyunların atmoferini hiss etmişəm. Hərçənd mənim üçün fərqlər haqda danışmaq hələ tezdi. Əsas fərqin nədə olduğunu zaman göstərəcək. Mən isə hələ ki yeni stadionlardan, yeni ab-havadan və yeni azarkeşlik mədəniyyətindən zövq almağa çalışıram.
- Əsas fərq ondadı ki, premyer-liqada istənilən klub çempion olduqda bu, böyük uğur sayılır. “Bavariya” isə artıq hər il çempion olmağa borcludu. Zatən 11 ildi çempion olurlar...
- Təbii ki, burda hər kəs “Bavariya”dan növbəti çempionluq gözləyir. Amma bu, heç də bizim işimizi asanlaşdırmır. Bundesliqa turnir kimi ildən-ilə böyüyür. Eləcə də klubların səviyyəsi ildən-ilə artır. Çempion olmaq kənardan göründüyü qədər asan deyil. Hər halda, mənim üçün bu, yeni çağırışdı, ona görə də bu emosiyaları yaşamaq istəyirəm.
- “Bavariya” rəhbərliyi, demək olar, sabiq futbolçulardan qurulub. Bu məqam haqda nə düşünürsən?
- Sabiq futbolçuların rəhbərlikdə yer alması yaxşı və hətta vacib haldı. Çünki onlar futbolun incəliklərini və futbolçuların üzləşdiyi çətinlikləri bilirlər. Hər klubun özünəməxsus idarəçilik tərzi var. Konkret “Bavariya”dan danışırıqsa, indiyə qədər özümə qarşı yalnız xoş münasibət görmüşəm. Hər kəs mənə bacardığı qədər yardım etməyə çalışır.
- Premyer-liqada “9 nömrə” olmaq çətindi, yoxsa bundesliqada?
- Az öncə də dediyim kimi, iki turnir arasında fərqlərdən danışmağım üçün hələ tezdi. Düzdü, premyer-liqada çoxlu qol vurmuşam və bu baxımdan özümlə fəxr edirəm. Amma hər komanda və hər rəqib fərqli cür çətinliklər yaratmağa çalışır. Mən də şərtlərdən asılı olaraq oyunumu dəyişməyə, lazım olanda meydanın dərinliyinə çəkilməyə və ya əksinə, irəlidə qalmağa çalışıram. Mənim oyunum təkcə qol vurmağa əsaslanmadığı üçün hər dəfə daha yaxşı olmağa çalışıram.
- Daha çox “9 nömrə” kimi oynamağa üstünlük verirsən, yoxsa “10 nömrə” kimi?
- Çətin sualdı. Son 4-5 ildə oyunum dəyişib, inkişaf edib. Hər şey rəqibdən və oyunun gedişatından asılıdı. Oyun məndən daha çox topa meydanın mərkəzində toxunmağımı tələb edirsə, o zaman bir qədər geri çəkilirəm. Və ya lazım olan mövqelərə çəkilirəm. Qeyd etdiyiniz hər iki mövqedə özümü rahat hiss edirəm. Amma dediyim kimi, hər şey konkret rəqibdən asılıdı.
- Bu baxımdan Kərim Benzemaya bənzədiyini düşünürsənmi?
- Əlbəttə. Benzema son 10 ilin ən yaxşı mərkəz hücumçularından biri olub. Ən azı qol vurmaq bacarığı qədər məhsuldar ötürmə vermək bacarığı da var. Çox ağıllı futbolçudu. Benzema oyunundan çox şey öyrəndiyim futbolçulardan biridi.
- Premyer-liqanı 213 qolluq göstərici ilə tərk etdin və Alan Şirerin 260 qolluq rekordunu yeniləyə bilmədin. Buna görə daxilində bir məyusluq varmı?
- İndiyə qədər karyeramdakı bütün qərarları, addımları gələcəyi düşünərək atmışam. Münhenə gəlişimə də bu aspektdən yanaşmaq daha düzgün olar. Burda oyunumu daha da təkmilləşdirmək istəyirəm. Təbii ki, məhsuldarlığım haqda çox danışılacaq. Amma hədəfim yüksək səviyyədə oynamaq və titullar qazanmaqdı. Məhz buna görə “Bavariya” ilə müqavilə imzaladım. Düzdü, “heç vaxt “heç vaxt” demə” deyimi həyatda olduğu kimi, futbola da aiddi. Amma indi bütün diqqətimi Almaniyadakı kayerama yönəltmişəm.
- Cud Bellingemin “Real”dakı performansı burda hər kəsi yaxşı mənada təəccübləndirir. Bəs sən onun çıxışı barədə nə düşünürsən?
- Şəxsən mənim üçün onun belə oyunu sürpriz deyil. Uzun illərdi onu tanıyıram və necə mükəmməl potensiala malik olduğunu bilirəm. Elə son mundialda da çox yaxşı təsir bağışladı. Yaşı az olsa da, təcrübəli futbolçu təsiri bağışlayır. Ən əsası özünə çox əmindi. Keyfiyyətlərindən necə istifadə etmək lazım olduğunu bilir. “Real”da vurduğu qollar onu yeni səviyyəyə qaldırır. Madriddə xoşbəxt olduğu hiss edilir. Ümid edirəm ki, bu səviyyəsini mövsümün sonuna qədər qoruyacaq. Gələcəkdə həm yığma, həm də “Real” üçün vazkeçilməz oyunçulardan olacaq.
- Səncə, Bellingem tam potensialını açıb, yoxsa hələ də inkişaf mərhələsindədi?
- Bu məsələdə baş məşqçidən çox şey asılıdı. Məşqçinin ondan nə tələb etməsi çox önəmlidi. Madriddə ona meydanda daha çox sərbəstlik verilir və bu, Bellingemin xeyrinədi. Onun ideal yarımmüdafiəçiyə çevrilmək üçün hər cür keyfiyyətləri var. İstər “8 nömrə”, istərsə də “10 nömrə” mövqeyində eyni dərəcədə uğurlu oynaya bilir. Onun mövqeyində oynayan futbolçu üçün qollarda yaxından iştirak etmək vacibdi. Bellingem bunu bacarır.
- Onun yaşının az olmasına rəğmən, təcrübəli futbolçuya bənzədiyini qeyd etdin. İspaniyada bu məqam bir çoxları üçün sürpriz oldu. Bəs Bellingem paltardəyişmə otağında necədi?
- Elə orda da yaşından daha böyük görünür. Bellingem meydanda çox sakit və soyuqqanlı olur. Eyni zamanda ətrafındakı oyunçularla söhbət etməyi, onları motivasiyalandırmağı xoşlayır. Fikrimcə, “Real”dakı komanda yoldaşları onu yaxından tanıdıqca bu keyfiyyətlərini görəcəklər. Bellingemdə inanılmaz bir futbol ehtirası var. Çox istəklidi. Məhz bunun sayəsində indidən çox şeyə nail olub.
- İspaniyada uzun illərdi belə bir fikir hökm sürür ki, ingiltərəli futbolçular üçün La Liqada uğur qazanmaq çətindi. Sən bu haqda nə düşünürsən?
- Mən belə düşünmürəm. Hər şey futbolçunun özündən, xarakterindən, keyfiyyətlərindən asılıdı. Futbolçunun hansı millətdən olması o qədər də ciddi rol oynamır. İlk növbədə getdiyin ölkənin futbol mentallığını və məşqçinin səndən nə tələb etdiyini anlamalısan. Bir ingiltərəli futbolçu bunu anladısa, hər yerdə uğur qazana bilər. Bellingem buna bariz nümunədi.
- İngiltərə AÇ-2024-ün qalibi olmağa qadirdi?
- Gəlin tələsəməyək. İlk növbədə seçmə mərhələni uğurla başa vurmalıyıq. Son nəhəng turnirlərdəki nəticələri nəzərə alsaq, fanatlarımızın bizdən çox şey gözlədiyini bilirik. DÇ-2018-də 4-cü, AÇ-2020-də 2-ci olduq. Artıq növbəti addımımız çempionluq olmalıdı! Əslində İngiltərə hər nəhəng turnirə çempionluq hədəfi ilə qatılır. Amma uğurlu çıxış bir çox aspektlərdən asılıdı. Pillə-pillə irəliləmək lazımdı. Şübhəsiz, final mərhələsinə vəsiqə qazansaq, Almaniyada çempionluğa namizədlərdən olacağıq. Amma güclü rəqiblərimiz var ki, bunlardan biri də İspaniyadı...
- Ümumiyyətlə, həm İspaniyada, həm də dünya futbolu ictimaiyyətində bu sualın cavabı hər kəs üçün maraqlıdı. Necə olur ki, futbolu yaradan və eyni zamanda dünyanın ən güclü liqasına malik olan İngiltərə indiyə qədər cəmi bir nəhəng turnirin – DÇ-1966-nın qalibi olub?
- Səbəblər çoxdu və fərqlidi. Düzdü, bizdə hər nəsildə fantastik futbolçular yer alıb. Amma fakt budu ki, son illərdə heç bir nəhəng turnirdə qalib gələ bilməmişik. Qələbə futbolda ən çətin şeydi. Bəzən qələbənin biraddımlığına qədər gəlsək də, yenə əliboş qalmışıq.
- Gənc olarkən oyunundan ən çox zövq aldığın ispaniyalı futbolçu kim olub?
- Gənc yaşımda Serxio Busketsin oyununu çox bəyənirdim. Elə indi də onun oyununu böyük məmnuniyyətlə izləyirəm. Meydandakı hərəkətləri inanılmazdı. Oyunundan çox şey öyrənmişəm. Həmişə ona böyük dəyər vermişəm. Çünki əksər vaxtlarda Messi, Neymar, Xavi, İnyesta kimi komanda yoldaşlarının kölgəsində qalıb. Hazırda ABŞ-da oynadığını bilirəm. Mənim üçün Buskets tarixin ən yaxşı yarımmüdafiəçilərindən biridi.
- İndi İspaniyanın belə oyun tərzinə malik daha bir futbolçusu var. “Mançester Siti”dəki Rodrini nəzərdə tuturuq.
- Rodrinin ən çox xoşuma gələn özəlliyi sabitliyidi. Premyer-liqa kimi çətin turnirdə artıq uzun illərdi eyni səviyyədə oynayır. Ümumiyyətlə, İspaniyada tarix boyunca yaxşı yarımmüdafiəçilər çox olub. Bundan sonra da olacaq. Amma mənim üçün onların arasında ən yüksək səviyyəlisi Busketsdi.
- “Bavariya”nın tarixində Herd Müller kimi bir ismin varlığı hücumçuların üzərində əlavə təzyiq yaradırmı?
- Mənə özümdən çox təzyiq yaradan yoxdu (gülür). Çünki həmişə daha yaxşısına nail olmaq istəyirəm. Herd Müllerə gəlincə, onun haqqında çox şey eşitmişəm. “Yutub”da onun haqda videolara baxaraq necə futbolçu və necə insan olması barədə çoxlu məlumat əldə etdim. Burda eşitdiklərimə əsasən deyə bilərəm ki, inanılmaz bombardir olmaqla yanaşı, həm də yaxşı insan olub. Onun açdığı cığırla irəliləmək mənim üçün fəxrdi.
ƏLİ RAUFOĞLU