Futboldan ikiilliyə uzaqlaşdırılan “Zaqatala”nın üzvü Mahmud Məmmədovun yaşadığı problemi diqqətinizə çatdırmışıq.
O, məlumatlı olmaya-olmaya dopinq tərkibli dərman qəbul etdiyinə görə cəzalandı. Bu məsələdə konkret kimisə qınamaq olmur. Problem klublarımızın peşəkar idman həkimləri ilə işləməməsindədi. Görəsən, gələcəkdə belə hadisələrin yaşanmaması üçün nə etmək lazımdı?
“Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov bildirir ki, ölkədə peşəkar idman həkimi problem var. Həqiqətən belədi? Ümumiyyətlə, klubdan bildirilir ki, AMADA onları bu məsələ ilə bağlı məlumatlandırmayıb. Belə olan halda futbolçu niyə ikiilliyə diskvalifikasiya edilib?
Məsələ ilə bağlı qaranlıq məqamlar çoxdu. Problemə aydınlıq gətirmək üçün cüdo üzrə milli komandamızın həkimi Ceyhun Əliyevlə əlaqə saxladıq. Nəzərinizə çatdıraq ki, tanınmış tibb işçisi həm də “Turan Tovuz”un müdafiəçisi Şəhriyar Əliyevin qardaşıdı. Bu sahədə kifayət qədər təcrübəsi olan Ceyhun bəy Mahmud Məmmədovun yaşadığı problemə belə münasibət bildirdi:
“Bu durumda AMADA-nın günahı yoxdu. Ola bilər ki, qurum klubla bu məsələlərlə bağlı hansısa müzakirə aparmayıb. Bəlkə heç AMADA-daya təklif etməyiblər ki, 1-ci liqa klubları ilə seminar keçirmək lazımdı. Amma bir söz deyim: qurum 1-ci divizionda həmin futbolçudan test götürübsə, deməli, “Zaqatala”dan xəbəri olub. Onlara seminar keçməyiblərsə, tək günahı bu ola bilər. Amma qurum klublar, federasiyalar ilə daim əməkdaşlıq edir. İkinci məqam bundan ibarətdi ki, AMADA-nın dopinqlə bağlı qaydaları var. Orda belə məqamda həkimlərin, futbolçuların məsuliyyəti qeyd olunub. Hər məqamda göstərilir ki, idmançı qəbul etdiyi dərmanlara görə özü günahkardı. Məşqçi deyə bilər ki, ala bu dərmanı, iç. Amma idmançı bunu araşdırmalıdı. Çox güman, bu bəndi əsas götürərək futbolçunu cəzalandırıblar”.
Ceyhun bəy problemlərin yaranmasında klubların günahkar olduğunu bildirdi:
“Hər komanda peşəkar həkimlə işləməlidi. İstəyirsən 10 masajçı götür, amma həkimin işini görə bilməz. Çünki həkim belə məqamlara özü nəzarət edir. Mən cüdo üzrə milli komandanın həkimiyəm. Elə dərmanlar var ki, onların əlavələrini belə yoxlamalı oluram. Bundan başqa, AMADA-danın seminarlarından başqa hər yaş qrupu üzrə komandaların üzvləri ilə görüşlər keçirərək onlara hansı dərmanların qadağan olduğunu izah edirik. Bu yaxınlarda milli komandanın Göygöldə təlim-məşq toplanışı oldu. Orda bütün idmançılara yeni qaydaları izah etdik. Hamısına da tapşırmışıq ki, kənarda kimsə onlara nəsə təklif etsə, heç bir halda dərman kimi qəbul etməsin. Cüdo millisi Respublika Reabilitasiya Mərkəzi ilə işləyir. Futbolçuların müayinəsi, analizləri orda verilir. Ordakı həkimlər dopinqlə bağlı xırda detalları belə bilirlər. Amma müqavilə əsasında işlədiyimiz başqa klinikalar da var. Onlar bəzən analizin nəticəsinə uyğun dərman yazır. Biz əvvəlcə həmin preparatları yoxlayır, sonra idmançının qəbul etməsinə icazə veririk. Bir dəfə belə problem mənim başıma gəlib. İdmaçılarımızdan biri sidik kisəsi ilə bağlı ultrasəs müayinəsi etdirmək istəyib. Həmin vaxt sidik kisəsi dolu olub. Özəl xəstəxanın həkiminin dopinqdən anlayışı olmayıb. Təzədən idmançını yoxlamaq üçün sidikqovucu verib. Həmin dərman da idmançılar üçün yasaqdı, ondan çox vaxt çəki salmaq üçün istifadə olunur. Bu da dopinq siyahısına salınıb. Həmin idmançını da müəyyən müddətə özümüz uşaqlaşdırdıq ki, bədənindəki dopinq təmizlənsin. “Zaqatala”da peşəkar həkim olsaydı, çox güman, həmin futbolçuya da xəbərdarlıq edərdi. Hara fırlatsalar da, idmançı birbaşa özü məsuliyyət daşıyır. Başqa bir hadisəni də danışım. Bizim idmançılardan birinin evdə başı ağrıyıb. Anası ağrıkəsici verib. Həmin dərmanı da xaricdən alıblar. Ağrıkəsicinin tərkibindəki maddələrdən biri dopinqə düşürmüş. Uşaq dərmanı qəbul etməmiş mənə zəng etdi ki, başım ağrıyır, bu dərmanı atmaq istəyirəm. Dərhal dedim ki, atma! Belə şeylərin qarşısının alınması üçün hər klubda, komandada peşəkar həkimlər olmalıdı. Əvvəllər idman sahəsi üçün pəşəkar tibb işçisi tapmaq çətin idi. Çünki Tibb Universitetində idman ixtisası yox idi. Bu sahədə çalışanlar kənarda gəlib düşürdülər. İndi sağ olsun dövlətimiz, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman həkimliyi və reabilitasiyası ixtasasını açıb. Tibb Universitetinin də nəzdində idman həkimliyi fakültəsi var. Adını çəkdiyim təhsil ocaqlarının hər il məzunları olur. İndi həmin şəxsləri öz komandalarına cəlb edə bilərlər. Bunu da AFFA klublardan tələb etməlidi. Əvvəllər bizdə AMADA da yox idi. Son illərdə fəaliyyətə başlayıb. Çox gözəl də işləyirlər. Deyərdim ki, super səviyyədə işləyirlər. Hətta Bakının, digər rayon və şəhərlərimizin daxili yarışlarında da yoxlamalar aparırlar. Cəzalanmamaq üçün klublar, məşqçilər, həkimlər ehtiyatlı olmalıdı. Cüdo Federasiyasında bu işlər qaydasındadı. O qədər seminar keçirik ki, artıq məşqçilərin də çox dərmandan məlumatı olur. Bildiyim qədəri ilə premyer-liqa klublarının çoxunun peşəkar idman həkimi var. Digər klublarımıza da bunu məsləhət görürüm. Onlar da özlərinə peşəkar həkim götürsünlər. AMADA da mütləq şəkildə həkim kollektivləri, tibb işçiləri üçün seminarlar keçməlidi. İdmançılar ehtiyatlı olmalıdı. Ola bilər ki, onların klubunda peşəkar həkim yoxdu. Dost-tanışdan xahiş etsinlər, bizə yönəldə bilərlər. Ən azı qəbul edəcəyi dərmanı bizə göndərsinlər, şəxsən mən özüm onlara kömək etməyə hazıram. Kim istəyər ki, dopinq məsələsinə görə cəzalansın. İdmançıların məlumatı olsa, belə şeylər etməzlər”.
İLKİN SULTANLI