Neymar yeni komandasında problemlər yaşamaqdadı.
"Football-plus.az" xəbər verir ki, bu yay PSJ-dən “Əl-Hilal”a keçən braziliyalı futbolçu baş məşqçi ilə yola getmir.
“Mundo Deportivo” qəzetinin məlumatına görə, 31 yaşlı hücumçu komandada cəmi iki oyun keçirməsinə baxmayaraq, artıq problemlərlə gündəmə gəlib. Neymar Asiya Çempionlar Liqasının qrup mərhələsinin “Navbahor”la (Özbəkistan) ev oyunundan (1:1) sonra baş məşqçi Jorje Jezuşla mübahisə edib. Portuqaliyalı mütəxəssis paltardəyişmə otağında ulduz futbolçunu sərt şəkildə danlayıb. Bunu özü üçün təhqirə bərabər tutan Neymar klub rəhbərliyi ilə əlaqə saxlayıb və çalışdırıcının istefaya göndərilməsini istəyib.
Səudiyyə Ərəbistanı mediasının yaydığı xəbərlərə görə, “Əl-Hilal” rəhbərliyi Jezuşun meneceri ilə görüşüb. Görüşdə menecerə komanda oyunu və nəticələr tezliklə yaxşılaşmayacağı halda baş məşqçi ilə müqaviləyə xitam veriləcəyi haqda xəbərdarlıq edilib. Əslində Jezuşun fəaliyyəti heç də pis sayıla bilməz. Qeyd edək ki, Neymarın 2 illik müqavilə imzaladığı “Əl-Hilal” hazırda ölkə çempionatında 7 oyuna 17 xalla 2-ci yeri tutur. Jezuşun komandası lider “Əl-İttihad”dan bir xal geri qalır.