Antoni Braziliya millisinin heyətindən çıxarılıb. “Mançester Yunayted”in oyunçusu yığmanın DÇ-2026-nın seçmə mərhələsinin Boliviya və Peru ilə oyunlarını buraxacaq.
"Football-plus.az" xəbər verir ki, Braziliya Futbol Konfederasiyasının (BFK) məlumatına görə, buna 23 yaşlı hücumçunun keçmiş sevgilisi Qabriela Kavallinə qarşı zorakılıq etməsi ilə bağlı iddia səbəb olub. Onun yanvarın 15-də Mançesterdəki bir otel otağında Qabrielaya hücum etdiyi iddia olunur. Mançester və San Paulu polisi bu məsələ ilə bağlı araşdırma aparır. BFK-nın yaydığı məlumatda bu qərarın hadisənin ictimaiyyətdə əks-səda doğurması və araşdırmanın zəruriliyi səbəbindən verildiyi qeyd olunub.
Antoni sosial şəbəkə hesablarında bu cümlələri yazıb: “Haqqımdakı iddiaların yalan olduğunu rahatlıqla deyə bilərəm. Ortaya çıxacaq sübutlar mənim günahsız olduğumu göstərəcək”.