Bildiyiniz kimi, İspaniya La Liqasında yeni mövsüm start götürüb.
“Football-plus.az” xəbər verir ki, “Barselona”nın mövsümdəki ilk ev oyununu – “Kadis”lə qarşılaşmanı izləyənlərin sayının cəmi 39603 olması, yəqin ki, diqqətinizi cəlb etdi. Bəli, komanda yeni mövsümə doğma “Kamp Nou”dan kənarda başlayıb. Möhtəşən arenanın söküntüsü davam edir. “Barsa” əfsanəvi stadionda sonuncu oyunu bəlli görkəmdə mayın 28-də keçirib. İspaniya çempionları həmin gün “Malyorka”nı darmadağın edib və köhnə arena ilə vidalaşıb.
Əslində 1922-ci ildən bəri kataloniyalıların əsas stadionu 60 min yerlik “Les Korts” idi. İllər sonra “Kamp Nou” adını alan stadionun tikintisi isə 1954-cü ildə başladı. Avropanın ən böyük futbol stadionunun dəbdəbəli açılış mərasimi 1957-ci il sentyabrın 24-də keçirildi. Uzun müddət stadionun adı “Estadio del Klub de Futbol Barselona” (sözbəsöz tərcüməsi belədi – “Barselona” futbol klubunun stadionu”) idi. Ancaq azarkeşlərin əksəri arenanı köhnə “Les Korts”dan fərqləndirmək üçün “kamp nou” (“yeni meydan”) adlandırırdı. Yalnız 2021-ci ildə jurnalistlər və fanatlar arasında sorğudan sonra klub prezidenti Xuan Qaspar indiki adı rəsmi şəkildə təsdiqlədi.
Stadion bir çox önəmli oyuna səhnə olub. Futbol üzrə AÇ-64-ün yarımfinalı və 3-cü yer uğrunda oyun burda keçirilib. İspaniyada keçirilən DÇ-82 ərəfəsində Barselonadakı stadionun tutumu 120 minə çatdırıldı. Turnirin açılış mərasimi və 5 oyunu burda keçirildi.
1998-ci ildə arena yenidənqurmaya məruz qaldı. Ona görə ki, FİFA stadiondakı ayaqüstü yerlərdən istifadəni qadağan etdi. Yenidənqurmadan sonra kreslo sayı 98934-ə endi. 1999-cu il mayın 26-da Çempionlar Liqasının “Mançester Yunayted”lə “Barselona” arasında keçirilən məşhur final oyununda tribunalar ağzınacan doldu. Təkcə bir faktı xatırladaq ki, Avropa klub turnirlərinin 9 finalı “Kamp Nou”da keçirilib. 1992-ci il avqustun 8-də İspaniya yığması Olimpiadanın finalında Polşanı məhz bu arenada məğlub edib. “Kamp Nou” futbolla yanaşı, dünya ulduzlarının çoxlu konsertinə də qucaq açıb. Stadionun meydançasında Frenk Sinatra, Xose Karreras, Plasido Dominqo, Luçano Pavarotti, Maykl Cekson, Xulio İqlesias və başqa məşhurlar çıxış edib. “Kamp Nou” 65 illik tarixi ərzində çoxlu möhtəşəm futbol oyunu, dünya futbolunun minlərlə ulduzunu görüb. Ancaq arenanın infrastrukturu daha müasir tələblərə cavab vermir.
“Barselona”nın maliyyə vəziyyətinin çətin olmasına baxmayaraq, klub rəhbərliyi arenanın baha yenidənqurma layihəsinə başlamaqdan başqa çıxış yolu görmədi. Bu layihənin büdcəsi 1,5 milyard avrodan artıqdı. İyunun əvvəlində tribunalardan kreslolar yığışdırıldı və ağır texnika işə düşdü. Avqusta qədər əsas tribunada üst yarusun söküntüsü bitdi, əks tribunada dam örtüyünün demontajı başladı. Anomal istilərə baxmayaraq, işlər öz axarı ilə gedir. “Barselona” növbəti ilin sonuna qədər şəhərdəki Olimpiya stadionunda oynayacaq. 1992-ci ilin yay Olimpiadasının Monjuik dağında yerləşən əsas arenasının tutumu cəmi 50 mindi. Bu üzdən Kataloniya klubunun azarkeş azlığına görə illik itkisi 100 milyon avro təşkil edəcək.
“Barselona” 2024/25 mövsümünün gedişində “Kamp Nou”ya qayıtmağı planlaşdırır, ancaq yerlərin 50 faizini doldurmaqla oynayacaq. Yenidənqurma işləri 2025/26 mövsümünün gedişində başa çatmalıdı.
Tikinti başa çatandan sonra “Barsa” bunun üçün götürdüyü kreditləri ödəməyə və yenilənmiş “Kamp Nou”dan gəlir götürməyə başlayacaq. Klub rəhbərliyinin proqnozlarına görə, gəlir ildə 250 milyon avroya yaxın olmalıdı. “Barselona”nın yenilənmiş və müasir stadionu 106 min azarkeş qəbul edəcək, hərəkət edən tavanı, adi azarkeşlər və əlillər üçün liftləri və eskalatorları olacaq. Yəni beşulduzlu futbol arenaları üçün müasir tələblər nədisə, yeni stadion bunlara cavab verəcək. Və əlbəttə, “Barselona”nın məşhur muzeyi də yenidən qapılarını açacaq ki, futbol həvəskarlarına Kataloniya klubunun əfsanəvi tarixi haqda “danışsın”.