“Çelsi” Moysez Kaysedo uğrunda mübarizədən qalib ayrıldı.
"Football-plus.az" xəbər verir ki, bununla da yarımmüdafiəçi premyer-liqa tarixinin ən bahalı futbolçusu oldu.
“Liverpul”da görünə bilərdi
Bu yayın transferlərlə bağlı çoxlu “sabun operası” var. Bəziləri artıq bitib. Məsələn, Harri Keynin “Bavariya”ya keçidi kimi – Münhen klubu “Tottenhem”i sıxdı, İngiltərə yığmasının kapitanı artıq Almaniya Superkuboku uğrunda “Leyptsiq”lə oyunda yeni komandasının heyətində debüt edə bilib. Bəziləri, məsələn, Kilian Mbappenin əhvalatı, çox güman, avqustun sonuna qədər uzanacaq, hətta bəlkə yeni mövsümə keçəcək. Kaysedo olayı bu fonda bir qədər gözdən itir, ancaq burda həqiqətən cəsarətli süjet var. “Brayton”un 21 yaşlı yarımmüdafiəçisi İngiltərənin top-klublarının çoxdankı hədəfidi. “Arsenal” yanvarda ekvadorlunu çox istəyirdi, London klubu 70 milyon funt ödəməyə hazır idi, ancaq imtina cavabı aldı. Yayda “Çelsi” əsas iddiaçıya çevrildi – “göylər” “qağayılar”ın ofisinə bir neçə təklif göndərsə də, nəticəsiz qaldı. Kaysedonun özü ilə “Çelsi” hələ mayın sonunda anlaşmışdı. Hansısa məqamda Səudiyyə Ərəbistanına yollanan Hendersonla Fabinyoya əvəz axtaran “Liverpul” da oyuna qoşuldu. Ümumilikdə yarımmüdafiə xəttini yeniləməyə qərar verən “qırmızılar” hədəfinə daha yaxın görünürdü. “The Athletic” və Devid Ornşteyn “Brayton”un onların 115 milyon funtluq (133 milyon avro) təklifini qəbul etdiyini yazmışdı. Və bu təklif Kaysedonu İngiltərə premyer-liqası tarixinin ən bahalı futbolçusuna çevirəcəkdi. Ancaq həlledici məqamda ekvadorlu özü inad göstərdi: Fabritsio Romanoya inansaq, o, “Liverpul”a bildirib ki, artıq “Çelsi”yə söz verib, şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb və sözünü tutmaq niyyətindədi. Son nəticədə futbolçu “Stemford Bric”in yolunu tutdu. Qiymət elə həminkidi – 115 milyon və ya təxminən 133 milyon avro. Bəs bu gün transferinə ağlasığmaz para ödənilən Kaysedonun üstün yönləri hansılardı?
Qoruyucu mələk kimi məşqçi
Premyer-liqa tarixinin ən baha oyunçusu Ekvadorun 4-cü böyük şəhərində - Santo-Dominqoda dünyaya gəlib. Kaysedo ailənin 10-cu uşağı olub. Atası arabaçılıqla pul qazanıb, anası isə ailənin xərclərini qarşılamaq üçün paltar yuyub. Ailə bər-bəzək içində üzməyib, ancaq Kaysedonun yoxsulluq içində böyüdüyünü də demək olmaz. Moyses futbol oynamağa qardaşları ilə birgə tozlu küçələrdə başlayıb. Burda daş qalaqları qapı rolunu oynayırdı. Şərtlər çox sərt idi, böyüklər yaşa görə kiməsə güzəşt etmirdi. Kaysedo sonradan müsahibələrinin birində etiraf edirdi: “Məhz orda sərt oynamağı öyrəndim”.
Ardından xoş təsadüf baş verdi. Kərpic divara topla zərbələr vuran uşaq yerli məşqçi İvan Querranın diqqətini çəkdi. Moysesin hər iki ayaqla vurduğu zərbələr Querraya xoş təsir bağışlamışdı. Məhz bu şəxs gələcəyin ulduzunun qoruyucu mələki oldu. Ona buts aldı, avtobusa bilet pulunu ödədi ki, məşqlərə gedib-gələ bilsin, lap çətin vaxtlarda isə Moysesin ailəsinə yardım etdi. Bəzən Querra onu səhər tezdən oyadırdı ki, Kaysedo avtobusa gecikməsin, “Barselona” adlanan komandanın başqa şəhərdəki səfər oyununa çatsın. Moyses bu yerlərə hardan gəldiyini unutmur. Ekvador DÇ-2022-də qrup mərhələsində mübarizəni dayandırandan sonra Kaysedo doğma Santo-Dominqoya yollanaraq turnirdə iştirak etdi, hətta finalda qol da vurdu. Querranın komandasını bütün zəruri vasitələrlə təmin edir, komanda artıq Moysesin adını daşıyır.
Ağır zədə
Kaysedonun yüksəlişi sürətli olub: 13 yaşında vilayət yığmasında oynayıb, 15 yaşında isə regionun əsas komandası “İndepentyente del Valle”yə qoşulub. Enişi də belə sürətli ola bilərdi. Yarımmüdafiəçi 2017-ci ildə dizinin xaçvari bağlarını qırmaqla ciddi zədə aldı. Bir neçə dəfə əməliyyat olunan Kaysedo 10 ay yaşıl meydandan kənarda qaldı. Çox vacib olan 16-17 yaşda – hətta karyerası yarımçıq qala bilərdi. Kaysedo həmin günləri belə xatırlayır: “Bəzən ağlayırdım. Heç kim bunu bilmir. Sadəcə, otağıma çəkilir, qapını bağlayır, məyusluqdan və inciklikdən göz yaşı axıdırdım. Çox çətin vaxt idi, ancaq inamımı itirmirdim”.
Bu dəfə də bəxti gətirdi. “İndependyente” Ekvador ölçüləri ilə baxanda əla infrastruktura malik idi. Klubun sahibi olan yerli inşaat maqnatı Miçel Dellar investisiyanı əsirgəmirdi. Kaysedonun bərpa olunmaq üçün yaxşı şəraiti var idi, zədədən dönəndən sonra onun üçün fərdi məşq və pəhriz rejimi hazırlandı. “İndepentyente”nin gənclər komandasında Kaysedonu çalışdıran Yuri Solano belə deyir: “Moyses həmin vaxt atletizmi ilə seçilirdi. Çox dözümlü, güclü və sürətli idi. Üstəlik oyunu əla oxuyurdu, demək olar ki, bütün oyun epizodlarında var idi. Kaysedo həm topla, həm də topsuz çox aqressiv idi, bu enerjini komanda yoldaşlarına da ötürürdü”. Klub akademiyasının direktoru Migel Anxel Ramires isə ulduzu belə xatırlayır: “O, meydan boyunca dayanmadan yerini dəyişirdi, bütün təkbətək mübarizələrdən qalib ayrılırdı”.
Elə bu iki sitat Kaysedonun nə dərəcədə yaxşı futbolçu olduğunu anlamağa kifayət edir. O, tədricən hücum vərdişlərini də yaxşılaşdırıb. Solana ondan əsasən dağıdıcı xavbek kimi yararlansa da, bəzən müdafiənin mərkəzinə də qoyurdu. Ancaq sonradan Kaysedo əsasən öz cərimə meydançasından rəqibin cərimə meydançasına qədər oynayan yarımmüdafiəçinin və ya başqa cür desək, “8 nömrə”nin funksiyalarını mənimsədi. Onun yetərincə enerjisi var ki, müdafiə əməliyyatları zamanı pressinq etsin, rəqibi səhvə məcbur etsin, hücum zamanı isə sonuncu ötürməni verə və ya özü də zərbə vura bilər.
Kumiri Kantedi
Kaysedo 19 yaşı olanda, 2020-nin sonunda Ekvador yığmasında debüt etdi. Həmin vaxt ölkədə artıq ən yaxşı futbolçulardan biri kimi tanınırdı. 2021-ci ilin yanvarında onun uğrunda mübarizədən məhz “Brayton”un ayrılması indi bəlkə də qəribə görünür. Ancaq digər tərəfdən, “qağayılar”ın futbolçuları necə tapdığını və onlarla necə işlədiyini (klubun fenomenal skaut sistemi var) nəzərə alsaq, burda təəccüblü heç nə yoxdu. Hətta Kaysedo kimi istedad da İngiltərədə dərhal özünü göstərə bilmədi. İlk yeddi ayı “Brayton”un gənclər komandasında keçirdi, əsas heyətdə isə yalnız bir dəfə - Liqa kubokunun oyununda göründü. Ardından Belçikanın “Bershot” klubuna icarəyə göndərildi. Həmin vaxt Belçika klubunu çalışdıran Torrentenin fikirləri: “Moyses bizə qoşulanda müəyyən mənada ruhdan düşmüşdü. Son bir neçə ayda, demək olar ki, oynamadığından ritmi itirmişdi. Ancaq hər dəfə məşqlərdə topa toxunanda açıq-açkar görünürdü ki, xüsusi oyunçudu. Onda qəribə vərdişlər gördüm: Kaysedo lazım olanda topu alırdı. Top özündə olanda isə onu itirmirdi”.
Yarım il sonra – 2022-nin yanvarında “Brayton” Kaysedonu qaytardı. O isə dərhal əsas heyətdə möhkəmləndi. Bir il sonra, girişdə vurğuladığımız kimi, “Arsenal” Moysesə görə 70 milyon funt təklif etdi, yarım il sonra o, premyer-liqa tarixinin ən baha futbolçusuna çevrildi. Onu Səudiyyə Ərəbistanına yollanan Kantenin davamçısı sayırlar. Kaysedo vaxtilə məhz fransalının oyunundan ləzzət aldığını deyir, onu özünə kumir hesab edirdi: “Nqolo meydan boyunca hərəkət edir və bu mənim xoşuma gəlir. Həmişə sakitdi, yalnız öz oyununa köklənir, mübahisələrə yox”.
Moysesin “Çelsi”də yarımmüdafiənin mərkəzindəki oyundaşı Entso Fernandes olacaq. Keysedo məhz onun transfer rekordunu qırıb. Bir neçə il əvvəl isə bu iki futbolçu gənclər arasında (U-20) keçirilən Libertadores kubokunun finalında bir-birinə qarşı oynayıb – “İndependyente” onda sensasiyalı şəkildə “River Pleyt”ə qalib gəlib. Fernandes – Kaysedo tandemi premyer-liqada özünü ən yaxşı şəkildə göstərə, illər ərzində dominantlıq edə bilər.
İki oyunçuya 254 milyon avro
“Çelsi” 2023-cü il ərzində Cənubi Amerikadan olan iki yarımmüdafiəçinin transferi üçün 254 milyon avro ödəyib. Londonlular qışda “Benfika”dan Entso Fernandesi almışdı, bu yay isə “Brayton”dan Moyses Kaysedonu götürdülər. 133 milyon avroya alınan ekvadorlu futbol tarixinin ən baha transferləri siyahısında 5-ci pillədə qərarlaşıb. Yalnız PSJ (Neymarla Mbappeyə görə) və “Barselona” (Koutinyo ilə Dembeleyə görə) hansısa futbolçu üçün bundan artıq pul xərcləyib.
Futbol tarixinin ən baha transferləri
il oyunçu vətəndaşlıq hardan hara məbləğ*
2017 h. Neymar Braziliya Barselona PSJ 222 000 000
2018 h. Kilian Mbappe Fransa Monako PSJ 180 000 000
2018 y. Filippe Koutinyo Braziliya Liverpul Barselona 135 000 000
2017 y. Usman Dembele Fransa Borussiya D Barselona 135 000 000
2023 y. Moyses Kaysedo Ekvador Brayton Çelsi 133 000 000
2019 h. Joao Feliş Portuqaliya Benfika Atletiko 127 200 000
2023 y. Entso Frenandes Argentina Benfika Çelsi 121 000 000
2019 h. Antuan Qrizmann Fransa Atletiko Barselona 120 000 000
2021 y. Cek Qriliş İngiltərə Aston Villa Mançester Siti 117 500 000
2018 h. Kriştiano Ronaldo Portuqaliya Real Yuventus 117 000 000
* avro ilə (transfermarkt.de saytının məlumatı)
İlk 5 yerdən üçü “Çelsi”yə aiddi
İngiltərə klublarının ən bahalı transferlərinin ilk “5-liy”ində üç ad “Çelsi”yə məxsusdu. Kaysedo ilə Fernandes 1-2-ci yerlərdə qərarlaşıbsa, Romelu Lukaku beşincidi. 3-cü yeri iki il əvvəl “Mançester Siti”yə keçən Cek Qriliş, 4-cü yeri isə yaxınlarda “Arsenal”ı seçən Deklan Rays tutur.
İngiltərə klublarının ən baha transferləri
il oyunçu vətəndaşlıq hardan hara məbləğ*
2023 y. Moyses Kaysedo Ekvador Brayton Çelsi 133 000 000
2023 y. Entso Frenandes Argentina Benfika Çelsi 121 000 000
2021 y. Cek Qriliş İngiltərə Aston Villa Mançester Siti 117 500 000
2023 y. Deklan Rays İngiltərə Vest Hem Arsenal 116 600 000
2021 h. Romelu Lukaku Belçika İnter Çelsi 113 000 000
2016 y. Pol Poqba Fransa Yuventus Mançester Yunayted 105 000 000
2022 y. Antoni Braziliya Ayaks Mançester Yunayted 95 000 000
2023 m. Yoşko Qvardiol Xorvatiya Leyptsiq Mançester Siti 90 000 000
2019 m. Harri Maquayr İngiltərə Lester Mançester Yunayted 87 000 000
2021 y. Ceydon Sanço İngiltərə Borussiya D Mançester Yunayted 85 000 000
* avro ilə (transfermarkt.de saytının məlumatı)