Dünyanın ən popular klublarından biri, ölkəmizdə də çoxlu azarkeşi olan “Mançester Yunayted” həm premyer-liqanın yeni mövsümünə, həm də ÇL-ə hazırlaşır.
11 günlük ABŞ turnesi “qırmızı şeytanlar” üçün heç də uğurlu olmadı. Yalnız “Arsenal”a qalib gələn mankunianlar “Real” (0:2), “Rekshem” (1:3) və Dortmund “Borussiya”sı (2:3) ilə oyunlarda məğlubiyyətlə barışdılar. Qarşıda komandanı daha iki yoxlama oyunu gözləyir. Avqustun 5-də “Lans” “Old Trafford”un qonağı olacaq, ardından Ten Haqın komandası Dublində “Atletik”lə qarşılaşacaq. Ümumiyyətlə, MY-nin düşərgəsində nə baş verir?
Sarğı niyə Fernandeşə verildi?
Bildiyiniz kimi, niderlandlı baş məşqçi bir neçə gün əvvəl kapitan sarğısını Harri Maquayrdan alaraq Bruno Fernandeşə verib. Ten Haq qərarını belə izah edib:
“Bu qərar məxsusi Harriyə qarşı yönəlməyib, biz yalnız komandanın xeyrini düşünürük. Harri yaxşı müdafiəçidi, mən onun potensialına inanıram, sadəcə, toparlanmalı və heyətdəki yeri uğrunda döyüşməlidi. Düşünürəm ki, o, bunu bacarar. Əlbəttə, Varan və Lindelöf kimi oyunçularla rəqabət aparmaq çətindi, mən də, adətən, iki oyunçu seçirəm, ancaq bu Harriyə inanmamağım anlamına gəlmir. Ümumiyyətlə, bu inam məsələsi deyil. Sadəcə, Harri göstərməlidi ki, komanda onunla daha güclü olacaq, nəinki Rafael və ya Viktor ilə. Elit futbol üçün normaql anlayışdı. Şəxsi münasibətlərimiz idmanla bağlı qərarlara təsir etməməlidi, baş məşqçinin adi adamdan fərqi də budu. Enində-sonunda futbolda əsas nəticədi, onun naminə asan olmayan seçimlər etmək lazım gəlir. Klub mənə belə qərarlar qəbul etmək səlahiyyəti verib, mən də bunu vicdanla etməyə çalışıram”.
Yeni kapitan Bruno Fernandeş isə sarğını daimi əsasda alandan sonra davranış üslubunu dəyişməyəcəyini bildirib. Baxmayaraq ki, portuqaliyalı tez-tez meydandakı davranışına, qəzəbini açıq şəkildə ifadə etməyə və simulyasiyaya görə tənqid olunur. Məsələn, ötən mövsüm “Liverpul” önündəki darmadağından sonra “Yunayted”in əfsanəsi Qari Nevill Brunonun hərəkətini “biabırçılıq” adlandırmışdı. Hər halda, Fernandeş dəyişmək fikrində deyil. 28 yaşlı portuqaliyalı vəd edir ki, qolunda sarğı olanda da əvvəlki oyunçu kimi qalacaq:
“Əvvəlki kimi qalmalıyam, məhz bu məni kapitanlığa daşıyıb və baş məşqçini belə qərar verməyə məcbur edib. Özümü aparmağım, məşqlər, oyunum onun xoşuna gəlir. Mən bu standartları qorumalıyam. Ten Haq kollektiv önündə çıxış etdi – hər kəsin onu dinləməsini istəyirdi. Hər kəs Harri ilə bağlı qərardan xəbərdar idi, ancaq yeni kapitanın kim olacağını bilmirdi. Baş məşqçi bunu komanda iclasında, hamı bir yerdə olarkən açıqladı. Maquayr da məni təbrik etdi, mənə görə sevindiyini dedi. Onun indi ən yaxşı vəziyyətdə olmadığını anlayıram. Ancaq mən kapitan olduğuma görə şadam, aramızda həmişə yaxşı münasibətlər olub”.
Heylunn 85 milyon avroya başa gəldiMY ilə bağlı maraqlı transfer xəbəri də var. “Atalanta”nın forvardı Rasmus Heylunn MY-nin Karrinqtondakı bazasına baş çəkərək tibbi baxışdan keçib və müqavilə imzalamağa hazırdı. Klublar artıq sənəd dəyiş-düyüşü də edib, transferin gerçəkləşməsi üçün bəzi kiçik formallıqları aradan qaldırmaq qalır. Xatırladaq ki, İtaliya klubu “Yunayted”in hücumçu ilə bağlı 50 milyon avroluq (üstəgəl bonuslar şəklində daha 10 milyon avro) ilk təklifini rədd etmişdi. Danışıqları davam etdirən iki klub, nəhayət, ortaq variant tapıb. “The Athletic”in yaydığı xəbərə görə, “Atalanta” Rasmusu “Yunayted”ə 75 milyon avro + 10 milyon bonus müqabilində buraxır. Beləliklə, 20 yaşlı danimarkalının qiyməti 85 milyon avro və ya 73 milyon funt təşkil edəcək ki, bu da “Yunayted”in indiki “yay pəncərəsi”ndə ən baha transferidi.
Onu da vurğulayaq ki, “Atalanta” hələ güzəştə gedib. İtaliya klubu futbolçusunu əvvəlcə 90 milyon avroya dəyərləndirirdi. Rasmus artıq keçidə razılıq verib və MY ilə sonradan müddətin daha bir il uzadılmasını nəzərdə tutan 5 illik müqavilə bağlayacaq. Onu da əlavə edək ki, Heylunn ötən il A seriyasında 32 oyun keçirsə də, bunların yalnız 20-də start heyətində olub.
Heylunn “Yunayted”in hücumçu axtarışında əsas hədəfi olsa da, yeganə seçim deyil. “Qırmızı şeytanlar” “Ayntraxt”dan Randal Kolo-Muani ilə “Ayaks”dan Məhəmməd Kudusun da xidmətində maraqlıdı.
Ten Haq komandasından narazı qaldı…Yuxarıda vurğuladığımız kimi, ABŞ turnesi “Borussiya”dan alınan məğlubiyyətlə bitib. “Yunayted” Dalotun 24-cü dəqiqədəki qolu ilə irəli çıxsa da, 43-44-cü dəqiqələrdə qapısında iki top görüb. 52-ci dəqiqədə Antoni hesabı bərabərləşdirib, ancaq Mukokonun 71-ci dəqiqədə vurduğu qol dortmundlulara qələbə qazandırıb.
Ten Haq oyundan sonra qəzəbini gizlətməyib:
“Oyun iki hissəyə ayrıldı. Bir saat ərzində yaxşı oynadıq, komanda kimi göründük, yaxşı temp və pressinq göstərdik. Bunu görmək xoş idi. Amma hissənin sonunda rəqibə iki qol bağışladıq. Son yarım saatda faciəvi oynadıq. Oyunçular tapşırıqlara əməl etmədi – nə pressinq, nə komanda düzülüşü, nə də hücum baxımından. Meydanda 11 fərdiyyətçi var idi ki, bu da lap pisdi. Bu turnenin komandaya faydası dəydimi? Düşünürəm ki, bəli. Bunu komandaya da dedim. Yaxşı oyunla bitirmək istəyirdik, ancaq yalnız 60 dəqiqədən razı qaldım. Çox sadə qollar buraxdıq ki, bundan razı qala bilmərəm. Topla daha məsuliyyətli davranmaqla oyunun axarına nəzarət etməliyik. Hesab “Borussiya”nın xeyrinə 3:2 olandan sonra da meydanda vəziyyət dəyişmədi. Belə ola bilməz. Lap yoldaşlıq oyunu olsa da, bu cür durum bağışlanmazdı”.
...və klub sahiblərini də vecinə almadıÜmumiyyətlə, Erik ten Haq “sükan arxasına” keçəndən sonra klubda qlobal dəyişikliklər yaşanır. Bu dalğa ABŞ turnesinin gedişində də hiss olunub. Ten Haq turne vaxtı kommersiya fəaliyyətini məhdudlaşdırıb. Əvvəlcədən 11 gündən üçünün kommersiya tədbirlərinə həsr olunacağı deyilmişdi, ancaq baş məşqçi bunun çox olduğunu düşünüb, iki günə endirdi.
Bütün kommersiya təşəbbüsləri Ten Haqın əlinin altından keçməli və onun tərəfindən təsdiqlənməlidi. Lazım olmadığına qərar verərsə, sadəcə, “yox” deyəcək. Ümumiyyətlə, 62 oyunluq mövsüm-marafondan sonra Ten Haq uzaq turneyə çıxmaq istəmirdi. MY adlı brendi inkişaf etdirməyin zəruriliyini anlayan baş məşqçi eyni zamanda hesab edir ki, heç nə komandanı futboldan yayındırmamalıdı, bunu hətta Nyu-Cersidə olarkən klubun həmsahibinə də hiss etdirdi.
Avram Qleyzer və xanımı Cill baş məşqçi ilə danışmaq üçün “Yunayted”in müvəqqəti bazasına baş çəkib, ancaq onlar məşqin başa çatmasını gözləməli olublar. Ten Haq klub sahibi olan adam naminə belə məşqə ara verməyi lazım bilməyib. Sürətli əlsıxma, salamlaşma olub, ardından Ten Haq komandanın yanına yollanıb ki, məşq prosesini nəzarətdə saxlasın.
Turne vaxtı gözə dəyən dəyişikliklərdən biri də yeməyin keyfiyyəti və müxtəlifliyi ilə bağlı olub. Əvvəlki illərdə futbolçular belə turnelər vaxtı menyunun təkrarlanmasından gileylənirdi. Amma “Yunayted” yanvarda baş aşpaz Omar Mezianı işə dəvət edib ki, o da dərhal futbolçular arasında populyarlıq qazanıb. Ten Haqın təşəbbüsü ilə hər futbolçu üçün onun ehtiyaclarına uyğun olan fərdi qidalanma proqramı hazırlanıb. Əvvəllər İngiltərənin kriket, avarçəkmə yığmalarının və bəzi reqbi klublarının baş aşpazı olan Mezian daha yüksək keyfiyyətli inqredientlərdən və təzə məhsullardan istifadədə israrlı olub. Onun “ustad dərsləri” futbolçular arasında çox populyardı. Belə ki, aşpaz elə oyunçuların gözü önündə yeməyi hazırlayır və həftə ərzində düzgün qidalanmanı təmin etmək üçün müəyyən məhsullardan necə yararlanmaqlı olduqlarını göstərir.
ABŞ turnesi vaxtı müxtəlifliyi təmin etmək, həmçinin futbolçuların mətbəx dünyagörüşünü genişləndirəmk üçün menyuya yerli mətbəxin yeməkləri və delikatesləri də salınmışdı. Məsələn, çərşənbə axşamı futbolçulara yerli balıq məhsulları təqdim olundu.
“Yunayted” ABŞ-a iki aşpaz və iki dietoloq aparmışdı. Fitnes, qidalanma və məşq mövzusunda kitab yazan Mezian qidanın yüksək standartlara uyğunluğuna əmin olmaq üçün müvəqqəti bazaya həmişə komandadan bir gün əvvəl baş çəkir.
RAMİL YUSİFOV