Ölkə çempionatında yeni mövsümə sabahkı "Araz-Naxçıvan" - "Turan Tovuz" oyunu ilə start veriləcək. Bilindiyi kimi, ötən "futbol ili" əlamətdar hadisələrlə yanaşı, xoşagəlməz hallarla da yadda qaldı. Qəzetimizin ötən saylarında, demək olar ki, bütün məsələləri işıqlandırdığımıza görə heç birini xatırlatmayacağıq.
Peşəkar Futbol Liqası (PFL) ötən mövsüm bölgə oyunlarının işıqlandırılmasını yaxşılaşdırmaq üçün maraqlı təşəbbüslə çıxış etdi. Qurum Gəncə, Tovuz, Qəbələ və Şamaxıda keçirilən oyunları işıqlandırmaq üçün həmin məkanlara baş çəkən idman jurnalistlərinin səfər xərclərini qarşılayırdı. Düzdü, burda da bəzi qəribə hallar yaşanırdı. Məsələn, həmkarlarımız bəzi hallarda oyun başlayandan sonra və ya 2-ci hissənin əvvəlinə özünü çatdırır, yəni diqqətsizlik edirdi. Yaxud bir başqa nümunə: hamı bölgələrə üz tutduğundan turun şəhərdə keçirilən oyunlarında jurnalist tapmaq olmurdu. Bəs növbəti mövsümdə bu məsələlər necə tənzimlənəcək? PFL-in media və marketinq direktoru Sənan Abdullayevin fikirləri:
"Qeydlərinizə hörmətlə yanaşıram. Bəli, bəzi hallarda region səfərləri Bakıdakı oyunda iştirak edən jurnalistlərin sayına təsir edib. Amma bu məqam, məsələn, "Futbol+" kimi geniş heyətə malik, hətta ən azı üç əməkdaşı olan media mənsublarına aid deyil. O ki qaldı qazanca, layihəyə qatılanların hamısının pul dalınca yollanması fikri ilə qətiyyən razı deyiləm. Bu layihə olmadan da, "Futbol+" başda olmaqla bir neçə mətbuat orqanı göstərə bilərəm ki, oyunlarda iştirak edirdi. Sadəcə, regionlarla bağlı addımımız onlar üçün xüsusi dəstək oldu. Həm də rayonlardakı atmosfer sözün həqiqi mənasında hər yerə daşındı, geniş kütlələrə təbliğ edildi. Qərara aldıq ki, region layihəmizi bu mövsüm də davam etdirək. Buna səbəb layihə ilə bağlı əsasən xoş mesajlar almağımızdı. Sizinlə razıyam. Dəfələrlə olmuşdu ki, xüsusilə əcnəbi baş məşqçilər regionlara səfər zamanı Bakıda mətbuat konfransında boş zal önündə çıxış etmələri ilə bağlı kinayəli açıqlama vermişdilər. Hətta bunu ölkəsinə qayıdandan sonra dilə gətirənlər də var idi".
Bilindiyi kimi, "Araz-Naxçıvan" yeni mövsümdə premyer-liqada debüt edəcək. Klubun stadionu hazır olmadığından ilk turların oyunları "Dalğa Arena"da keçiriləcək. Qurum rəsmisindən bununla bağlı jurnalistlər üçün hansısa plan qurulub-qurulmadığını da soruşduq:
"Doğrusu, “Araz-Naxçıvan”la bağlı hələ ki planımız yoxdu. Bakıdakı oyunlar üçün, məsələn, “Zirə”, “Sabah” klubları kimi jurnalistlərin işini rahatlaşdırmaq məqsədilə nəqliyyat vasitəsi ayıra bilərlər".
KƏNAN BAHADIR