Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Paris-2024 günlərində fəaliyyət göstərəcək olimpiya kəndinə baş çəkib.
"Football-plus.az" xəbər verir ki, BOK-un saytında yer alan şəkildən dəbilqə və jiletdə olan prezidentin yarışların keçiriləcəyi obyektləri təftiş etdiyi görünür. Bir başqa şəkildə isə onun otaqdakı çarpayını necə yoxladığını görmək olar. Bir müddət əvvəl Parisdəki olimpiya kəndində çarpayıların kartondan hazırlanacağı haqda xəbər yayılmışdı. Tokioda keçirilən son Olimpidada da təşkilatçılar bu praktikadan yararlanıb.
Yeri gəlmişkən, metallurgiya şirkəti 2 min olimpiya məşəli hazırlamaqdadı. Bunların 1,5 mini Parisdəki Olimpiya, 500-ü isə Paralimpiya Oyunları üçün nəzərdə tutulub. AFP agentliyi xəbər verir ki, məşəl emal olunmuş poladdan hazırlanacaq, aşağı hissəsi cilalanmış, yuxarı hissəsi isə mikropartlamaya məruz qalmış poladdan. Predmet şampan rəngində olacaq. Məşəlin yandırılması gələn il aprelin 16-na nəzərdə tutulub və Yunanıstanın Olimpiya kəndində gerçəkləşəcək. Alov mayın 8-də Marselə çatdırılacaq və bundan sonra Fransanı dolaşmağa başlayacaq. Xatırladaq ki, Paris Olimpiadası 26 iyul – 11 avqust aralığında keçiriləcək.
Bu arada Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Petr Siyarto qəribə açıqlama varib. O, Rusiya və Belarusdan olan idmançıların Paris Olimpiadasında iştirakına icazə verilməsi ilə bağlı çağırış edib. Macar nazir BOK-un 1-ci vitse-prezidenti Nq Ser Mianqla görüşün ardından belə açıqlama verib. Siyarto hazırda su idman növləri üzrə dünya çempionatının keçirildiyi Yaponiyanın Fukuoka şəhərindədi.
Rusiya – Ukrayna müharibəsinə də obyektiv qiymət verməkdə çətinlik çəkən ölkənin naziri M4 telekanalına belə açıqlama verib: “BOK bunun üzərində çalışır ki, bütün ölkələrdən, o cümlədən Rusiya və Belarusdan da olan idmançılar Olimpiadada iştirak edə bilsin. Biz bu cəhdi dəstəkləyirik. Ona görə ki, idmançılar geopolitika sahəsində olan qərarların nəticələrindən əziyyət çəkməməlidi”.