“Red Bull”un məsləhətçisi Helmut Marko komandası üçün 2023 mövsümünün necə alınmasıyla bağlı fikrini bölüşüb:
“Mövsümün ilk yarısında qeyri-adi dərəcədə uğurlu seriya yaxalamağımız bizi sevindirir. Maks Ferstappen hər şeyə yetərincə asan nail olur. “Ferrari” ilə “Mersedes”in çıxışının gözləntilərə uyğun olmaması şəxsən məni sevindirmir. 2022-dən 2023-ə keçid zamanı onlar tərəqqi əvəzinə tənəzzül yaşayırlar. Çempionatda üstünlüyümüzün bu qədər böyük olması məhz rəqiblərimizin qeyri-sabitliyinə görədi. İndiki “Red Bull”u tarixinin ən yaxşı komandası saymaq olarmı? Düşünürəm ki, bəli – çox yüksək effektliliyə və nəticələri yetərincə asan qazandığına görə. Hələ ki indiyə qədər heç vaxt şəxsi hesabda ilk iki yeri və Mühəndislər kubokunu qazanmaqla çempion olmamışıq. 2023-cü ildə belə hadisənin yaşanması tam realdı”.
Xatırladaq ki, 452 xal toplayan “Red Bull” hazırda Mühəndislər kubokunda 1-ci yerdədi. “Mersedes” 223 xalla 2-ci, “Ferrari” isə 167 xalla 4-cü pillədə qərarlaşıb. Şəxsi hesaba gəlincə, ilk iki pillə “Red Bull”in pilotlarına – Maks Ferstappenlə Serxio Peresə məxsusdu.
“Formula-1” dünyası ilə bağlı daha bir yeni xəbər budu ki, “Alfa Romeo” yay tətilindən əvvəl son yarış olan Belçika mərhələsində xüsusi rəng çaları ilə yarışacaq. İsveçrəlilər Spada “Kick” ilə tərəfdaşlığı qeyd etmək üçün xüsusi rəng çaları seçəcək. Valtteri Bottas və Quanyuy Çjounun maşını, demək olar ki, indiki rəng çalarında olacaq, amma ön qanaddan tutmuş əksər hissələrdə neon yaşılı rəngi görəcəyik. Neon yaşılıdan sponsor adının olduğu burunda, ön qanadın yan hissələrində, saydpodlarda, arxa qanadda və metal disk qapağında istifadə ediləcək.
Komandanın rəhbəri Alessandro Alunni Bravinin fikirləri: “Kick” qurulduğu gündən etibarən öz sektorunun lideridi. Spa mərhələsi üçün hazırladığı dizayn da bu fəlsəfəyə uyğundu. Fərqli, təəccüb doğuran və diqqət cəlb edən rəng çalarıdı”.
Qeyd edək ki, “Alfa Romeo” bu rəng çalarından ancaq Spada yararlanacaq. Montsadakı yarışda isə bolid normal rəng çalarına qayıdacaq.