Daim diqqət mərkəzində olan daha bir klub yeni mövsümün hazırlığına başladı.
"Football-plus.az" xəbər verir ki, PSJ-nin futbolçuları iyulun 10-da yeni baş məşqçi Luis Enrikenin rəhbərliyi altında bir araya gəldi. Təbii ki, toplanışın ilk günündə onlar tibbi müayinədən keçdi. Yeri gəlmişkən, toplanış klubun Puassidəki yeni məşq bazasında keçirilir. Əvvəlcə gəlin həmin bazaya qiyabi səyahət edək.
300 milyon avroya başa gəlib
53 ildi yaranan paytaxt klubu indiyə qədər adi yerdə məskən salmışdısa, nəhayət, supermüasir, yenicə tikilən Puassidəki bazaya köçdü. Puassidəki kompleks Parisin mərkəzindən 24 kilometrlikdə yerləşir.
“Daily Mail” yazır ki, hakimiyyət orqanlarından 2019-da müvafiq icazə alan Paris klubu buranın tikintisini bir ilə başa çatdırıb. Burda həm kişilərdən ibarət əsas komanda, həm də qadınlardan ibarət “PSG Feminine” məşq edəcək. Akademiya da burda yerləşəcək, 828 min kvadrat metr əraziyə malik kompleks özü isə multiidman məşq bazasına çevriləcək. Layihənin 2-ci mərhələsində, yəni 2024-cü ildən sonra bazada həndbolçular və hətta cüdoçular üçün də yerlər olacaq.
Kompleksdə ümumilikdə 180 idmançı üçün yer nəzərdə tutulub, 42 yataq otağı, çoxlu meydança, trenajor zallları, hovuzlar, istirahət zonası, videoanalitika üçün də yer olan yeməkxana, mətbuat konfransı salonu, paltardəyişmə otaqları, prosedurlar və masaj üçün zona var. Bu mərkəzin layihəsini PSJ üçün “Nitsa”nın ev oyunlarını keçirdiyi “Alyans Rivyera Stedium”un yaradıcısı – fransalı memar Jan-Mişel Vilmott və onun “Wilmotte & Associé” bürosu hazırlayıb. 2024-cü ildə qədər 5 min yerlik “Pari Sen-Jermen Kampus” stadionunun yenidənqurması da başa çatacaq. Həmin stadionda 2-ci divizion oyunlarının, qadınlar arasında turnirlərin, UEFA yeniyetmələr liqasının oyunlarının keçirilməsi planlaşdırılır.
Yeri gəlmişkən, Luis Enrike də hələ ki yeni bazada yaşayır. İspaniyalı mütəxəssis uyğun ev tapa bilmədiyinə görə Puassidə qalır. İş ondadı ki, Enrike Parisin mərkəzində və ya hansısa başqa yerdə yox, məhz bazanın yaxınlığında yaşamaq istəyir. İspaniyalı mütəxəssis Parisin daşınmaz əmlak bazarında problemlə üzləşib. Əslində Maurisio Poçettino da eyni çətinliyi yaşamışdı. 2021-ci ilin yanvarında Paris klubunun “sükanı arxasına” keçən argentinalı mütəxəssis yaxşı ev tapana qədər bir ildən artıq müddətdə oteldə yaşamışdı.
Beləliklə, iyulun 11-də futbolçular ilk məşqə çıxıb. İyunda yığmalarının düşərgəsində olan futbolçular isə iyulun 17-də klubun sərəncamında olacaq. İyulun 21-nə “Havr”la yoxlama oyunu nəzərdə tutulub, ertəsi gün parislilər Yaponiya turnesinə çıxacaq. Bütün indiyə qədər yazdıqlarımız adi məqamlar idi. Amma PSJ-ni narahat edən bəzi başqa məqamlar və adlar da var.
Mbappe nə vaxt satılacaq?
Mbappe ilə PSJ-nin münasibətləri gündən-günə müəmmalı xarakter alır. Klub lap yaxınlara qədər ulduzu ilə müqavilə müddətini istənilən yolla 2025-ci ilə qədər uzatmağa hazır idi. İndi isə parislilər Kilianın satışı üzərində ciddi şəkildə düşünür. AS yazır ki, PSJ rəhbərliyi, sadəcə, gözləməkdən yorulub və kimsəni klubdan yüksək tutmaq niyyətində deyil. Mbappenin gec-tez Fransa paytaxtını tərk edəcəyi, demək olar ki, şübhə doğurmur. Ancaq futbolçu əvvəlcə çox qazanmaq fikrinə düşüb.
Yenə də həmin nəşrə inansaq, Kilin iyulun 31-də PSJ-dən 40 milyon avro, yəni loyallığa görə nəzərdə tutulan bonusun yarısını almalıdı. Təbii ki, parislilər tezliklə komandanı tərk edəcək futbolçuya bu qədər pul vermək istəmir. PSJ-nin Mbappeni satmaq üçün daha bir əsası var – oyunçunun imic problemləri yarana bilər. AS-ın əməkdaşı fransalı həmkarlarına istinadla yazır ki, 5-ci respublikanın vətəndaşlarının yığmanın kapitanına münasibəti dəyişməyə başlayır. Belə bir təhlükə var ki, Kilian növbəti mövsüm “Park de Prens”də fit səsləri ilə üzləşəcək. O da bildirilir ki, “Real” hadisələrin axarını diqqətlə izləyir. “Ağ şimşəklər” yalnız PSJ-nin superulduzu buraxmağa hazır olduğunu qətiləşdirəndən sonra hərəkətə keçəcək.
Yuxarıda vurğuladığımız kimi, Mbappe iyulun 17-də Puassidəki yeni bazada olmalıdı. Əlbəttə, həmin günə qədər klub qeydiyyatını dəyişməsə. Ümumiyyətlə, bu mövzuda başqa maraqlı informasiyalar da var. Bəzi qaynaqlara görə, Mbappenin gələcəyi avqusta qədər həll olunmayacaq. “Marca” iddia edir ki, indiki vəziyyətdə zaman yalnız PSJ-ni sıxır – klub müqavilə müddətini uzatmağa tələsir. Kilian o halda fəallaşacaq ki, transfer təqdirində PSJ-dən gedişinə görə itirəcəyi pulu qazanacağı ilə bağlı təminat alsın. “Real” isə bir kənarda dayanmağa və futbolçu ilə birbaşa münasibət saxlamamağa üstünlük verir. Ümumiyyətlə, madridlilərin 2023/24 mövsümü üçün planlarında Mbappe yoxdu, klub indiki durumu sakit qarşılayır, anlayır ki, bu problemin ona dəxli yoxdu. Qarşıdakı günlərdə vəziyyətin aydınlaşacağına dair heç bir əlamət görünmür. Ümumiyyətlə, “Real”da güman edirlər ki, avqusta qədər Mbappe ilə bağlı yekun qərar olmayacaq. İndi hər şey PSJ ilə futbolçunun bu gedişi necə razılaşdıracağından asılıdı. O da qeyd olunur ki, Mbappe gündən-günə ucuzlaşır. Axı fransalı ulduz müqavilə müddətini 2025-ci ilə qədər uzatmaqdan imtina etdiyindən PSJ onu istənilən halda satmağa məcburdu. Karlo Ançelotti isə “Real”ın indiki heyətindən razıdı, əlinin altındakı futbolçularla işləyir.
Neymar da hoqqabazlıqdan əl çəkmir
PSJ-də “xatakar” futbolçuların sırası Mbappe işə məhdudlaşsaydı, dərdyarı. İş ondadı ki, Neymar da bu mənada komanda yoldaşından geri qalmır. Vətənində ev tikintisi zamanı təbiəti mühafizə qaydalarına əməl etmədiyinə görə böyük məbləğdə cərimələnən braziliyalı daim qalmaqalların mərkəzindədi. “Mundo Deportivo” onun Braziliyadakı gecə klublarından birində davaya səbəbkar olmasından yazır. Bu qaynaq iddia edir ki, münaqişə populyar müğənni Tyagindonun konsertinin keçirildiyi müəssisədə baş verib. Futbolçunun qız dostu Bruna Byankardi də yanında olub. Neymar konsertdən sonra klubun müştərilərindən biri ilə münaqişəyə girişib, onu itələyib və üzərinə qışqırıb. Təhlükəsizlik xidmətinin əməkdaşları məsələyə müdaxilə etməli olub.
Braziliyalının idman karyerası da sual doğurur. PSJ-nin onu transferə çıxardığını iddia edən qaynaqlar da var. “Mundo Deportivo”ya inansaq, agentlər ulduzu “Barselona”ya təklif edib, ancaq kataloniyalılar “yox” cavabı verib. Belə görünür ki, Neymar növbəti mövsümü Fransa paytaxtında keçirəcək.
Verratti şantaja məruz qalıb?
Bu arada Marko Verrattinin sabiq agenti Donato Di Kampli maraqlı iddia ilə çıxış edib. Onun dediyinə görə, PSJ vaxtilə italiyalı yarımmüdafiəçinin “Barselona”ya keçidinə mane olmaq üçün şantaja əl atıb. Di Kampli “Relevo”ya verdiyi müsahibədə bildirib ki, Paris klubu futbolçularla danışıqlarda şantaja əl atmağı xoşlayır: “Parisdə oyunçular sanki həbsxanaya düşür, onlar özlərinin yox, klubun istədiklərini etməlidilər. PSJ həmişə məsələləri şantaj yolu ilə həll edir. Biz “Barselona”ya yollanmağa qərar verəndə əmirin xoşuna gəlmədi. Əl-Xelayfi hətta mənə dedi ki, “Barsa” ilə danışıqları davam etdirsən, Verratti səndən ayrılacaq. Sonra başverənlərdən hamı xəbərdardı. Əminəm ki, Marko qorxuduldu, ancaq o, olanları etiraf etmir. Verratti klubun düşərgəsinə qədəm qoyan kimi həbsxanaya düşdü. Biz “Barselona” ilə təmasa keçəndə PSJ nümayəndələri Verratti ilə bir neçə dəfə görüşdü. Onlar Markoya deyirdilər ki, Neymarla müqavilə bağlamağa hazırlaşırlar, yeni layihə həm də Verrattiyə hesablanıb... Bu klubun əleyhinə getsəz, hər şeyi şəxsi məsələyə çevirəcəklər. “Barselona”nın sabiq prezidenti Xosep Bartomeu Əl-Xelayfiyə zəng etməkdən yoruldu, amma o bir dəfə də cavab vermədi. Bu klubla bağlı pis, çox pis təcrübəm var. Onları yalnız pul düşündürür. PSJ-də qəlb yoxdu. Oyunçuları buraxmırlar. Çünki əmir və Əl-Xelayfi düşünür ki, hər şeyi almaq olar, yalnız pulun hesabına bütün dünyanı fəth etmək mümkündü. Ancaq hər kəs gördü ki, bu mümkünsüzdü”.
Həqiqətən də 2017-ci ildə Verratti agentini dəyişdi və Mino Rayolanın “qanadları altına keçdi”. Ancaq heç kim bu hərəkətin səbəbləri haqda danışmadı. Bəlkə də hər şey Di Kamplinin danışdığı kimi olub...