Türkiyəni Avropada uğurlu şəkildə təmsil edən oyunçulardan biri də Ozan Kabakdı. 23 yaşlı mərkəz müdafiəçisi son mövsümü “Hoffenhaym”da keçirib və bu klubla 2026-ya qədər müqaviləsi var. “Qalatasaray”ın yetirməsi olan və 2019-dan etibarən Avropada top qovan Ozan buna qədər “Ştutqart”, “Şalke-04”, “Liverpul” və “Norviç”in şərəfini qoruyub.
"Football-plus.az" xəbər verir ki, istedadlı futbolçu bugünlərdə Türkiyə mətbuatına müsahibə verib. O, karyerasından, Almaniyadakı həyatından və başqa məqamlardan danışıb.
- Almaniya futbolunda bir neçə mövsüm keçirmisən. AÇ-2024 məhz Almaniyada keçiriləcək. Bu məqamı sənin üçün əlavə motivasiya mənbəyi saynaq olarmı?
- Əlbəttə. Bundesliqada 4 mövsüm keçirmişəm. Bütün meydanları, şəhərləri yaxından tanıyıram. Orda bir çox dostlarım var. Türkiyə yığmasının heyətində Almaniyada AÇ-nin final mərhələsində oynamaq mənim üçün mükəmməl olardı. Ona görə də çox səbirsizlənirəm. Almaniya əsl futbol ölkəsidi. İnanılmaz stadionları və azarkeşlik mədəniyyətləri var. Seçmə mərhələ bizim üçün pis keçmir. 4 oyuna 9 xal yaxşı nəticədi. Amma qarşıda hələ 4 oyun da var. İnşallah, bu oyunları da uğurlu şəkildə başa vurub final mərhələsinə vəsiqə qazanacağıq.
- Amma son Latviya və Uelsə qarşı matçlarda o qədər də çox oynamaq şansın olmadı.
- Yığma komanda hər futbolçunun olmaq istədiyi bir yerdi. Mənim üçün yığmada olmağın özü artıq qürur mənbəyidi. Rəqabət çox böyükdü. Təbii ki, ümumi götürəndə indiyə qədər yığma karyeramda arzuladığımdan daha az forma geymişəm. Hərçənd sonuncu dəfə düşərgəyə çox yaxşı formada gəlmişdim. Çünki ötən mövsüm “Hoffenhaym”da 33 rəsmi oyun keçirdim. Hər kəs oynamaq istəyir və yığmanın düşərgəsinə bu arzu ilə gəlir. Digər tərəfdən əsas olan komandanın qələbəsidi. Yığma qalib gələndə hər kəs xoşbəxt olur.
- Ümumiyyətlə, Ştefan Kuntsla münasibətlərin necədi?
- Çox simpatik və oyunçu ilə ünsiyyət qurmağı bacaran mütəxəssisdi. Hər kəslə zarafatlaşır. Mənimlə də münasibəti çox yaxşıdı. Alman dilində danışa bildiyim üçün çox rahat şəkildə ünsiyyət qururuq. Yığmada həmişə meyarlar olmalıdı. Baş məşqçi kimi nəyə görə oynatdığını və ya oynatmadığını bu meyarlara əsasən müəyyənləşdirməlidi. Bu şəffaflıq vacibdi.
- Gənc yaşda bundesliqa və premyer-liqa kimi turnirlərdə oynamaq sənə nə verdi?
- İlk növbədə əvəzsiz təcrübə qazandım. İndiyə qədər bundesliqa və premyer-liqada ümumilikdə 150-yə yaxın oyun keçirmişəm. Bir-birindən önəmli oyunçularla birlikdə oynamışam və güclü mütəxəssislərin başçılığı altında çalışmışam. Çempionlar iqasında da oyun təcrübəm var. Bu yaşda belə şeylər hər oyunçuya qismət olmur. Karyeramın indiyə qədər olan dönəmindən razıyam. 18 yaşımda ailəm və menecerimlə birlikdə karyeramla bağlı bir planlaşdırma etmişəm. Ona uyğun addımlayıram. Ötən mövsüm “Hoffenhaym”ın heyətində 33 rəsmi oyunda 4 qol, 4 məhsuldar ötürmə ilə fərqləndim. Yığmanın heyətində də 1 qol vurdum. Fikrimcə, yetərincə yaxşı mövsüm keçirdim. Düzdü, daha yaxşı ola bilərdi. Xüsusilə də az öncə dediyim kimi, yığmanın heyətində oyun sayım daha çox ola bilərdi. Amma qismət belə imiş. Hər şeyin öz səbəbi var. Klubdakı performansımdan razı qaldım və gələn mövsüm bundan da yaxşı çıxış etməyə çalışacam. Gələcəkdə yenidən Avropa nəhənglərindən birində oynamaq istəyirəm.
- Bundesliqada ötən mövsüm nəfəsləri kəsən bir çempionluq mübarizəsi izlədik. Sən həmin mübarizə haqda nə düşünrsən?
- “Bavariya” təkcə bundesliqada yox, Çempionlar Liqasında da həmişə favoritlərdən biridi. Heyətlərində çox dəyərli və özəl oyunçular var. “Borussiya” üçün mövsüm çox şanssız şəkildə bitdi. Çempionluğu son turda əldən verdilər. “Bavariya” təcrübəsi və həmişəki qalib ruhu ilə hesabına növbəti çempionluğu yazdı. Dramatik və gözəl bir yarış izlədik. Bundesliqanın nüfuzu üçün də belə mövsümlər çox önəmlidi. “Bavariya” tam fərqli səviyyədədi. Qalib gəlsən də, məğlub olsan da, onlara qarşı oyunlar həmişə fərqli ab-havada keçir. “Alyans Arena”da inanılmaz atmosfer var. Hər oyuna 70-80 min azarkeş gəlir. Biz bu mövsüm ordan 1 xalla qayıtdıq. Çox mühüm və dəyərli xal qazandıq. Çünki aşağı pillələrdəydik. Mən də karyeramda ilk dəfə “Bavariya” ilə səfər oyununda uduzmadım. Ona görə də yaddaqalan oyun oldu.
- Türkiyə çempionatını izləyirsənmi?
- Əlbəttə. Superliqanı yaxından təqib edirəm. Elə “Hoffenhaym”dakı bəzi komanda yoldaşlarım da bu turnirin oyunlarını izləyirlər. Bəzi şeyləri məndən soruşurlar. Xüsusilə ötən mövsüm böyük marağa səbəb oldu. Çünki çempionatda Avropa səviyyəli məşqçilər, ulduz futbolçular iştirak etdi. Çox səviyyəli bir mövsüm alındı. “Qalatasaray”ın çempionluğu məni ikiqat sevindirdi. Okan Buruk və Ərdən Timur gözəl iş görərək güclü komanda qurdular. Çempionluqdan sonra mən də hər kəsə zəng vuraraq təbriklərimi çatdırdım. “Qalatasaray” kimi klub həmişə bu səviyyədə oyunçulara malik olmalı və bu cür səviyyədə futbol sərgiləməlidi. Bir “Qalatasaray”lı olaraq, belə bir komanda izlədiyim üçün xoşbəxtəm.
- Müdafiəçi olsan da, hücumlara qoşulub qollar vurmağı xoşlayırsan...
- Bəli, məşqlərdə bunun üzərində ayrıca çalışıram. Adətən, məşq bitəndən sonra komanda yoldaşlarımdan birinə cinah asmaları etməyi tapşırıram. Baş zərbələrinin, eləcə də uzaq məsafələrdən zərbələrin üzərində çalışıram. Komanda yoldaşlarım artıq bu xüsusiyyətimi bildikləri üçün onlara adi gəlir. Həqiqətən də ötən mövsüm gözəl qollar vurdum. Qəribədi ki, 5 qolun hamısı ilk dövrəyə təsadüf etdi. İkinci dövrədə nə qədər çalışsam da, qol vura bilmədim. Açığı, bu məqam məni bir qədər üzdü. Qol vurduqca adam daha da həvəslənir. Hər növbəti oyunda qol vurmaq istəyirsən. Ritmi tutmaq, topun hara gələcəyini əvvəlcədən müəyyənləşdirmək çox önəmlidi.
- Ötən mövsümdəki qolların arasında ən çox bəyəndiyin hansıdı?
- Almaniya kubokunun ilk mərhələsində (“Rödinqhauzen”lə oyunu nəzərdə tutur – Ə.R.) gözəl bir qol vurmuşdum. Əlavə vaxtda başla fərqlənmişdim. Səhv etmirəmsə, 115-ci dəqiqə idi və həmin qolun hesabına mərhələni adlamışdıq. Bundan başqa, Frankfurt səfərindəki qolum da gözəl alındı. Həmin matçda o ana qədər bir neçə dəfə uzaqdan təhlükəli zərbə endirmişdim. İkinci hissə başlayan kimi rəqibdən topu oğurladıqdan və driblinqlə bir rəqibi keçdikdən sonra cərimə meydançası kənarından uzaq küncə baxımlı bir qol vurdum.
- “Liverpul”da oynadığın dönəm haqda nə deyərdin? Orda özünə dost qazana bildinmi?
- Salah inanılmaz peşəkardı. Eyni zamanda çox yaxşı insandı. Hər məşqdən əvvəl və sonra onu mütləq trenajor zalında görmək mümkündü. Fiziki cəhətdən “əjdaha” olmasının sirri bundadı. Onunla eyni kollektivdə olmaq, eyni meydanda oynamaq mənim üçün əla təcrübə oldu. Elə məşqlərdə ona qarşı müdafiə olunmaq nəyə desən, dəyərdi. Telefonumda indiyə qədər onun nömrəsi var. İstədiyim vaxt əlaqə saxlaya bilirəm. Əlamətdar bir gün olanda ya “instaqram”da, ya da telefonda bir-birimizi təbrik edirik. Həyatımda belə insanı tanıdığım üçün xoşbəxtəm.
- Öz mövqeyində Avropada ən çox bəyəndiyin oyunçular kimlərdi?
- Arttıq 23 yaşıma gəlmişəm. 2-3 il əvvələ qədər Avropada ən gənc mərkəz müdafiəçilərindən sayılırdım. Amma yavaş-yavaş 2003, 2004, 2005-ci il təvəllüdlü futbolçular da səhnəyə çıxır. Son vaxtlar “Benfika”nın mərkəz müdafiəçisini (Antonio Silvanı nəzərdə tutur – Ə.R.) bəyənərək izləyirəm. Türkiyə çempionatında da yaxşı müdafiəçilər var. Təbii ki, Van Diyki də unutmuram. Onunla bərabər oynamaq fürsətim oldu və mənim üçün həmişə özəl futbolçulardan olacaq. Məncə, Kim Min Çje hazırda dünyanın ən yaxşı mərkəz müdafiəçilərindən biridi. Onu da böyük maraqla izləyirəm.
- Həyatda sakit təbiətli insan kimi tanınırsan. Bu, karyeranda sənə üstünlük qazandırırmı?
- Akademiyada oynadığım illərdən sakit təbiətli olmağımla seçilirəm. Müdafiənin mərkəzində oynayan futbolçu üçün bu sakitlik və özünəinam çox önəmlidi. Oynaya-oynaya bu sakitlik artıq təcrübəyə çevrilir. Beş ildi Avropada oynayıram. Bu xarakterimin mənə çox şey verdiyini düşünürəm. Amma hələ öyrənəcəyim çox şey var. Dünya futbolunda indi universal müdafiəçilərə tələbat böyükdü. Çünki hər məşqçi fərqli sistemlə oynayır. Bu yaşıma qədər müdafiədə, demək olar, bütün mövqelərdə oynamışam. Məncə, bu, pozitiv məqamdı. Hər məşqçi belə profilli oyunçunu komandasında görmək istəyir.
- Almaniyada yaşayan türklər sənə dəstək verirmi?
- Mənə çox böyük maraq və dəstək var. Xüsusilə də “Qalatasaray”lılardan. Sağ olsunlar, həmişə maraqlanırlar və dəstəklərini əsirgəmirlər. Hətta “Hoffenhaym”ın ev oyunlarında çoxlu sayda “Qalatasaray” formalı azarkeşlər görürəm. Bu, məni sevindirir və mənə əlavə motivasiya verir.
- Yaşadığın şəhəri bəyənirsənmi?
- Heydelberq şəhərində yaşayıram. Zinshaymdan bir qədər aralıda yerləşir və inanılmaz gözəlliyi var. Oranın təbiətini çox sevirəm. İki dağın arasında yerləşən, yanından çayın axdığı mükəmməl bir şəhərdi. Hətta deyərdim ki, Almaniyada indiyə qədər yaşadığım şəhərlər arasında ən gözəli məhz Heydelberqdi. Ordakı həyatım öz axarı ilə maraqlı şəkildə davam edir.
- Ən çox hansı forvarda qarşı oynamağı sevirsən?
- Ümumiyyətlə, böyük klublara qarşı oynamaq xoşuma gəlir. Bundesliqada “Bavariya”, “Borussiya”, “Bayer-04”ün heyətində əla hücum oyunçuları var. Belə rəqiblərlə matçlarda futbolçunun əsl səviyyəsi üzə çıxır. Mənim üçün də həmişə onlara qarşı oyunda performansım özümə maraqlı gəlir. Konkret bir oyunçunun adını çəkməyimi istəyirsizsə, hazırda “Bavariya”da oynayan sabiq komanda yoldaşım Maneni qeyd edərdim.