Yaşlı və orta nəsil azarkeşlər Mehman Yunusovu yaxşı tanıyır.
Vaxtilə Sumqayıt “Xəzər”i, “Neftçi”, “Şəmkir”, “Karvan”, “Qarabağ” kimi klubların şərəfini qoruyan, milliyə cəlb olunan müdafiəçi karyerasını başa vurandan sonra “İnter”in, “Karvan”ın, “Şəmkir”in məşqçilər korpusunda yer alıb.
Onun sonuncu klubu isə “Sumqayıt” olub. Aleksey Baqanın gedişindən sonra Yunusov da “kimyaçılar”ın əsas komandası ilə vidalaşıb.
"Football-plus.az" olaraq onunla söhbətdə bizi maraqlandıran suallara cavab tapmağa çalışdıq.
- İstər Ayxan Abbasovun, istərsə də Aleksey Baqanın dönəmində əsas komandanın məşqçilər korpusunda yer alırdız. Ancaq Samir Abasovun gəlişindən sonra orda yoxsuz. Samir bəy sizi niyə yanında görmək istəmədi?
- Hər bir baş məşqçinin güvəndiyi, çalışdığı korpus olur. Samir müəllim də köməkçiləri ilə artıq bir neçə ildi bir yerdədi, bir-birini çox gözəl anlayırlar. İş prinsiplərinə bələddilər. “Sumqayıt”a təyinatı gerçəkləşdikdən sonra tanıdığı, güvəndiyi korpus ilə işləməyə qərar verdi. Burda qeyri-adi heç nə yoxdu.
- Həm Ayxan bəylə, həm də Baqa ilə çalışmaq imkanınız oldu. Onların iş metodu barədə nə deyə bilərsiz?
- Hər məşqçinin futbola baxşı, işə yanaşması fərqlidi. Ümumiyyətlə, futbolda məşqçinin işinə nəticəyə görə qiymət verirlər. Komanda qarşıya qoyulan hədəfə çatırsa, istədiyinə nail olursa, deməli, iş prosesində hər şey düz olub. Əksi yaşanırsa, hardasa səhvə yol verilib. Ayxan müəllimin dönəmində “Sumqayıt” iki dəfə ölkə kubokunun finalına yüksəldi, avrokuboklara qatıldı, “bürünc” qazandı. Belaruslu mütəxəssisdə isə alınmadı. Ancaq bu o demək deyil ki, Baqa zəif məşqçidi, onu komandaya dəvət etmək yanlış addım idi. Sadəcə, onunku burda alınmadı. Halbuki Azərbaycana gələnə qədər çalışdığı bütün ölkələrdə uğura imza atmışdı.
Belarusla yanaşı, Latviyada, Qazaxıstanda çalışmışdı. Məşqçi kimi BATE ilə birgə Çempionlar Liqası kimi dünyanın ən güclü klub turnirinin həyəcanını yaşamışdı.
- Sizcə, “Sumqayıt”da işi niyə alınmadı?
- Əslində baş məşqçi kimi çox çalışırdı, komandanın uğur qazanması üçün əlindən gələni edirdi. Köməkçi kimi görürdüm ki, adam bura vaxt keçirməyə yox, işi ilə irəli getməyə gəlib. Ancaq istədiyi nəticəni əldə edə bilmədi. Bəlkə də mentallığı nəzərə almamışdı. Baqa xasiyyətcə çox mülayim idi, futbolçuların peşəkarlığına güvənirdi, onların üstünə çox getmirdi. Mentalca Avropaya yaxın olduğundan bəlkə də Şərq insanlarını düz təhlil edə bilməmişdi.
- Seleksiyası da zəif oldu. Ötən yay “Sumqayıt”a dəvət etdiyi legionerlər ümidləri doğrultmadılar...
- Hardasa sizinlə razılaşa bilərəm. Ancaq yenə deyirəm, hər məşqçinin futbola öz yanaşması, baxışı var. Ötən yay təlim-məşq toplanışında keçirdiyimiz yoxlama görüşlərində dəvət olunan legionerlər heç də pis təsir bağışlamamışdı. Təəssüf ki, çempionatın startı istədiyimiz kimi alınmadı. Komanda nə qalib gələ bilirdi, nə də qol vurmağı bacarırdı. Təbii ki, bu da həm özünü, həm də bizi əsəbləşdirirdi. Ola bilsin, legionerlər də yeni mühitə uyğunlaşmaqla bağlı problem yaşayırdılar. Nə qədər olmasa da, yeni ölkə, yeni futbol mədəniyyəti özünü göstərirdi.
- Ötən mövsümün gedişində uğursuz nəticələrə görə belaruslu məşqçini Samir Abasov əvəzlədi. Buna baxmayaraq, komanda heç də parlaq oyun sərgiləmədi, çox çətinliklə elitada yerini qorudu.
- Özünüz də qeyd etdiz ki, Abasov mövsümün gedişində “sükan arxasına” keçdi. Tək-tük hallarda olur ki, bir baş məşqçi özünün yığmadığı komandaya gələn kimi onu 180 dərəcə dəyişməyi bacarır. Samir müəllim komandanı premyer-liqada saxlamalıydı ki, bunu da bacardı. İndi artıq istədiyi transferləri reallaşdıracaq, öz komandasını formalaşdıracaq. Ondan nəticəni qarşıdakı mövsümdə tələb etmək olar. Əsas odu ki, Sumqayıt kimi futbolu çox sevən şəhərin təmsilçisi birinci dəstəyə düşmədi.
- Birinci dəstədən söz düşmüşkən, uzun illərdən sonra premyer-liqada idman prinsipi qorundu. “Şamaxı” elitanı tərk etdi, aşağı dəstənin qalibi “Araz Naxçıvan” premyer-liqaya yüksəldi. Bəziləri “say atırılmalıydı” söyləyib İK-nın qərarından narazı qaldı. Müəyyən qism isə bu addımı aldışladı. Sizin də münasibətinizi bilmək istərdik.
- Düzgün addım olduğunu düşünürəm. Nə olur-olsun, idman prinsipi qorunmalıydı. Narazı qalanları isə başa düşə bilmirəm. Bu məsələ mayda gündəmə gəlmədi ki... Mövsümün əvvəlində hamıya deyilmişdi ki, sonuncu komanda premyer-liqanı tərk edəcək. O fikirlə razıyam ki, premyer-liqada komanda sayı çox olmalıdı, futbol bölgələrə daşınmalıdı. Ancaq bunu süni yolla, idman prinsipinə riayət etmədən etmək olmaz.
Əminliklə deyə bilərəm ki, son 5 ildə premyer-liqanın son turları bu qədər gərgin olmamışdı. Xüsusilə ikinci “beşlik”də yer alan komandaların qarşılaşması həyəcanlı alınırdı, hər xal uğrunda amansız mübarizə gedirdi. “Şamaxı”nın birinci dəstəyə düşməsi dünyanın sonu deyil. Klub rəhbərliyi yenidən elita həyəcanı yaşamaq istəyirsə, artıq indidən qollarını çırmalayıb komanda quruculuğu yolunda əməli addımlar ata bilər. Bildiyim qədər Vüqar Əsgərli baş məşqçi olacaq. Gənc olsa da, savadlı mütəxəssislərdən biridi. Ona dəstək olsa, növbəti mövsüm “Şamaxı”nı yenidən elitaya qaytara bilər.
- Əsas komandadan ayrılandan sonra nə işlə məşğulsuz?
- “Sumqayıt”ın futbol akademiyasında çalışıram. Hazırda həm U-16-nın baş məşqçisi, həm də akademiyada əlaqələndiriciyəm.
- Uzun illər əsas komandada peşəkar futbolçularla işləyəndən sonra yeniyetmələrlə çalışmaq çətin deyil?
- Bəlkə də kiməsə çətin görünə bilər. Ancaq mən heç bir diskomfort yaşamıram. Bəli, əsas komandada şərait başqadı, hər nüans xırdalığına kimi nəzərə alınır, hər addım ölçüb-biçilir. Məşqə çıxanda da hiss edirsən ki, qarşında böyük futbol görmüş peşəkarlar dayanıb. Ancaq yeniyetmə və gənclərlə işləmək də mənim üçün xoşdu. Özünüz də bilirsiz ki, məşqçi kimi belə təcrübəm var. Bir müddət “Qəbələ” Futbol Akademiyasında və “Neftçi” İK-də çalışmışam. Odu ki, heç bir çətinlik hiss etmirəm. Yeniyetmələrlə işləmək maraqlıdı. Onlar böyük futbolun astanasındadı. Gənclərə düzgün istiqamət vermək lazımdı ki, inkişafdan qalmasınlar.
- Bir qədər də yığma barədə danışaq. Estoniya ilə matçı izlədiz?
- Bəli, baxmışam.
- Oyundan öncə, demək olar, hamı Canni de Byazinin çalışdırdığı komandanın qalib gələcəyini söyləyirdi. Ancaq 90 dəqiqənin tamamında məğlubiyyətə bərabər heç-heçə qeydə alındı. Qalib gəlmək üçün nə çatmadı?
- Sabitlik. İkinci hissə göstərdi ki, milli futbol oynamağı bacarır, estonlarla qalib gəlmək mümkündü. Təəssüf ki, oyunun başlanğıcı istədiyimiz kimi olmadı. Bəlkə də futbolçularımız qələbəni çox istədiklərindən “yandılar”. Birinci yarıda top saxlaya bilmirdik ki, rəqib də bundan maksumum istifadə etdi. Estoniyanın heyətində Emin Mahmudov, Ramil Şeydayev kimi oyunçular yoxdu. Ancaq onların da oyunu alınmadı. Mərkəzdə top saxlaya, sürətli hücumlar qura bilmədik. Bu da rəqibin işinə yaradı. İkinci hissədə isə sanki bizimkilər yuxudan oyandılar. Üstünlük bizim tərəfimizdə olsa da, bir topdan artıq vurmaq mümkün olmadı.
- Əksər futbol veteranları millini yerli məşqçinin çalışdırmalı olduğunu deyir. Siz necə düşünürsüz?
- Mən də bu fikrin tərəfdarıyam. Səbəblər müxtəlifdi. İndi bir-bir onları sadalamağa ehtiyac görmürəm. Ancaq bu söz xatirinə deyilən söz deyil. Nüanslar çoxdu. Onsuz da əcnəbi ilə qrup sonuncusu olmamağa çalışırıq. İmkan verək, azərbaycanlı məşqçi də özünü göstərsin. Son vaxtlar kifayət qədər bilikli, savadlı, özünü yaxşı mənada təsdiq etmiş yerli mütəxəssislərimiz var. Onlara da güvənmək lazımdı. Millini əcnəbiyə tapşırırıq, sonra da deyirik ki, futbolçularımız kimi, məşqçilərimiz də xaricə yollanmır.
- Səhv etmirəmsə, bu yaxınlarda 55 yaşınız tamam olacaq. Yubileyi kimlə və harda keçirməyi planlaşdırırsız?
- Təmtəraqlı doğum günləri keçirməyi heç vaxt sevməmişəm. Bir də adam qocalır deyə niyə sevinsin?! (gülür) Əslində özümü heç də yaşlı saymıram. Bu gün də həftədə bir neçə dəfə futbol oynayıram, idman rejiminə riayət edirəm. Yubileyi kimlə keçirəcəm? Yəqin ki, ailə üzvlərimlə. Ya Sumqayıtda olacam, ya da rayona yollanacam.
RƏŞAD