Millinin AÇ-2024-ün seçmə mərhələsindəki performansı həm komandanı, həm baş məşqçi Canni de Byazini, həm də AFFA-nı tənqid hədəfi etdi.
İctimaiyyətin ən çox müzakirə etdiyi mövzulardan biri də italiyalının postunda qalıb-qalmamasıdı. Çoxluq onun vəzifəsindən azad olunmasını tələb edir. Görəsən, Azərbaycan futbolunun gələcəyi baxımından hansı qərar daha əlverişlidi? Bu sualı təcrübəli mütəxəssis Yunis Hüseynova ünvanladıq:
"Hələ ki iki oyunun şahidi olmuşuq. Nəticələr çox acınacaqlıdı. Bu vəziyyətlə barışmaq çox çətindi. Qapımıza 9 qolun vurulması rəzalətdi, lakin daha az buraxmağımız da məğlubiyyətin adını dəyişməyəcəkdi. Avstriya ilə oyunda ilk 20 dəqiqə qənaətbəxş keçdi. İsveçlə matçda isə 60-cı dəqiqəyə qədər dözümlü olduq. Bu qarşılaşmalarda "qırılma nöqtəsi" ilk qollardan sonra baş verdi. Təəssüf ki, komanda tez həvəsdən düşdü. İnanıram ki, millimiz qarşıdakı matçlarda həmin oyunların ilk hissəsindəki performansını sona qədər göstərsə, xal qazana biləcək. Əminəm ki, bu baş verəcək. Canni de Byazinin yola salınması məsələsinə gəlincə, müşahidələrimə əsasən deyə bilərəm ki, bu, rəsmi dairələr tərəfindən müzakirə olunmur. Bu yöndə çoxsaylı azarkeşlərin tələbi var. Müqavilə müddəti də davam edir. Soruşmaq olar ki, biz nəyi gözləyirik? Azərbaycan yığmasının AÇ-2024-ə vəsiqə qazanmasını? Özü də bu qrupda? Rəqiblərimizin futbol təcrübəsi və performansı beynəlxalq ictimaiyyətə məlumdu. Avstriya, İsveç, Belçika və Estoniyanın olduğu qrupda 4-cü yer üçün mübarizə apara bilərik. 3-cü yeri tutsaq, təbii ki, əla olar. De Byazinin müqaviləsinin yenilənməsi gündəmdə olarkən aparılan müzakirələr zamanı mətbuata açıqlamalarımda qalmasının tərəfdarı olduğumu bildirmişdim. İstəyərəm ki, millimizi yerli baş məşçilərdən biri çalışdırsın. Fikrimcə, yerli mütəxəssisə şans verilməyəcəksə, elə 3 ildi komandanı hazırlaşdıran De Byazi vəzifəsində qalmalıdı. Çünki kim gəlsə, yenidən 2 və ya 3 il vaxt tələb edəcək. Üstəlik, komandanın heyətini dəyişmək də mümkün deyil. Əlimizdə olan futbolçular göz önündədi. Reallıqla barışmaq lazımdı".
KƏNAN BAHADIR