Bakıda fəaliyyət göstərən klubun hələ ki aşağı yaş qrupları formalaşdırılıb. Hətta paytaxt təmsilçisinin əlaqələndiricisi Tural Rzayevlə özəl müsahibəni sizə təqdim etmişdik. Həmin söhbət zamanı klub rəsmisi sənədləşmə işləri ilə bağlı problemin olduğunu, “Şəfa”nın varisi olmaq istədiklərini dilə gətirmişdi. Çünki paytaxt təmsilçisinin sənədləri Ədliyyə Nazirliyində yox imiş. Yeni rəhbərlik də bununla bağlı AFFA-ya, daha doğrusu, vitse-prezident Vaqif Sadıqova müraciət etmiş, bu məsələdə onlara köməkçi olmalarını istəmişdi.
Görəsən, bu yöndə hansı yeniliklər var? Sualımızı klubun icraçı direktoru Hüseyn Mehdiyevə ünvanladıq:
“Sənədləşmə prosesi ilə bağlı problem qalmayıb. Bütün hüquqi prosedurlardan keçmişik. AFFA-da da görüşümüz olub. Vaqif Sadıqovdan xeyir-dua almağa getmişdik. Görüş də elə bu istiqamətdə baş tutdu. Sənədləşmə ilə bağlı hüquqi prosesləri həmin vaxta kimi həll etmişdik. Bu səbəbdən də Vaqif müəllimlə ancaq futbolla bağlı nüanslardan danışdıq. Yeniliklərə gəlincə, Masazırda “Şəfa”nın bir filialı fəaliyyət göstərirdi. Artıq ikinci də futbolsevərlərin ixtiyarına verildi. Əhmədlidəki “Azəri” İdman Kompleksi baza filialımız olacaq. Növbəti həftədən “Azfar”ın Gənclikdəki stadionunda da məşqlər keçəcəyik. Həmçinin ADBTİA-nın stadionda da fəaliyyət göstərəcəyik”.
İLKİN SULTANLI

