Qurumun rəsmi saytı bu xəbəri ictimaiyyətə açıqladıqdan dərhal sonra müzakirələr başladı. Sosial şəbəkələrdə şərh yazan azarkeşlər arasında PFL-in qərəzli addım atdığını, “Neftçi”yə üzgörənlik etdiyini yazanlar da oldu, normal qarşılayan, komandalarının performansına güvəndiyini qeyd edənlər də. Görəsən, kuboku qazanmaq şansı olan klublar bu haqda nə düşünür?
Bunu aydınlaşdırmaq üçün yarımfinalçıların rəsmilərinə tribuna verdik. “Qəbələ”nin baş meneceri Nail Kərimov məsələ ilə bağlı "Football-plus.az"a bunları söylədi:
“Neftçi” finala çıxsa, meydan sahibi komanda kimi cüzi üstünlüyü ola bilər. Buna baxmayaraq, “Qəbələ” səfər oyunlarında dəfələrlə qalib gəlib. “Bakcell Arena”da yaddaqalan matçlarımız olub. Sözügedən məkanda həm ölkə daxilində, həm də Avropa miqyasında tarixi uğurlar qazanmışıq. Stadion seçiminin klub üçün təhlükəli olduğunu düşünmürəm”.
KƏNAN BAHADIR



