Joze Mourinyo A seriyasının 25-ci turunun “Yuventus”la matçında texniki zonada olacaq.
"Football-plus.az" xəbər verir ki, “Roma” baş məşqçisi 24-cü turun “Kremoneze” ilə oyununun (1:2) gedişində və matçdan sonra hakimlərlə ciddi mübahisə etdiyinə görə 2 oyunluq cəzalanmışdı. Diskvalifikasiyası ilə bağlı apellyasiya şikayəti verən Mourinyo qeyd edib ki, onun görüş zamanı və qarşılaşmadan sonrakı davranışı 4-cü hakimin təxribatına reaksiyadı. İtaliya Futbol Federasiyası portuqaliyalı mütəxəssisin cəzasının tətbiqini dayandırmaq qərarına gəlib.
Məşqçi ilə hakimlər arasındakı münaqişə ilə bağlı vəziyyəti daha yaxşı dəyərləndirmək üçün federasiyaya bir qədər vaxt lazım olduğu vurğulanıb.
Qeyd edək ki, bu gün keçiriləcək “Roma” – “Yuventus” oyunu saat 23.45-də başlayacaq.