“Sumqayıt”ın “rənglərinə bağladığı” yeni futbolçulardan biri də Terrens Tisdeldi. Qış fasiləsi ərəfəsində “kimyaçılar”ın düşərgəsinə qoşulan Liberiya yığmasının yarımmüdafiəçisi meydana çıxdığı oyunlarda heç də pis təsir bağışlamayıb.
Sürəti və texnikası ilə seçilən futbolçu “Football-plus.az” saytına müsahibəsində “Sumqayıt”a keçidindən və yeni komandasındakı durumundan danışdı.
- Komanda yoldaşlarınızın çoxu qış fasiləsində istirahət üçün müxtəlif ölkələrə, bölgələrə üz tutsa da, səni Sumqayıtda gördük. Səbəbini bilmək istərdik.
- Yeni ili ailəmlə burda, Sumqayıtda keçirdim. Çempionata hazırlaşmaq üçün məşqləri də davam etdirdim. Xanımım da Sumqayıtı sevir. Gözəl şəhərdi, gözəl insanlar var. Bu səbəbdən heç yerə getmək istəmədik.
- Premyer-liqada artıq debüt etmisən. Geridə qalan oyunlar barədə təəssüratını bölüşməyini istərdik.
- Düzünü desəm, kluba qoşulduğum gündən bəri keçirdiyimiz bütün matçlarda komandamız çox yaxşı oynayıb. Yeni oyunçular çoxdu və bir-birlərinə öyrəşmək üçün bir qədər vaxt lazımdı. Lakin komanda həqiqətən yaxşı oynayır və qısa müddətdə daha da yaxşı olacağına inanıram.
- “Sumqayıt”dan təklif gəlməmişdən öncə klub və Azərbaycan futbolu barədə bilgin var idi?
- Təbii ki, “Sumqayıt”dan təklif gələndə mənimlə bir komandada oynayan, vaxtilə Azərbaycanda legioner həyatı yaşayan həmkarımdan maraqlandım. Demək olar, hamısı həm Azərbaycan çempionatını, həm də yerli insanları təriflədilər. Müəyyən informasiya topladıqdan sonra məmnuniyyətlə bura gəldim.
- Azərbaycana gələnə qədər Türkiyədə, Rumıniyada, İsraildə çıxış etmisən. Bu ölkələrin çempionatları ilə Azərbaycan premyer-liqasını müqayisə etməyini istərdim...
- Düzünü desəm, Azərbaycan çempionatı həqiqətən yaxşı səviyyədədi və həqiqətən də yaxşı klublar var. Oynadığım çempionatların çoxundan daha yaxşı səviyyədədi. Əminəm ki, yaxın bir neçə ildə Azərbaycan klubları avrokuboklarda həqiqətən böyük işlər görəcək.
- Səncə, qarşıdakı turlarda “Sumqayıt” turnir cədvəlində daha üst pillələrə yüksələ biləcək?
- Klubun layihəsinə inanıram və bizə təklif olunan şərait yüksək səviyyədədi. Bu bizim işimizi asanlaşdırır. “Sumqayıt”ın daha yaxşı yerlərə yüksələcəyinə inanıram.
- Vaxtilə “Qarabağ”ın şərəfini qoruyan Dino Ndlovu ilə “Kocaelispor”da komanda yoldaşı olmusan. Təklifi dəyərləndirməmişdən öncə onunla da məsləhətləşdin?
- Bəli, Dino Ndlovu ilə oynamışam. O həm otaq yoldaşım, həm də çox yaxın dostum idi. Hər dəfə mənə Azərbaycanın, azərbaycanlıların və “Qarabağ”ın necə yaxşı olduğunu söyləyirdi. Düzünü desəm, Azərbaycana gəlməyimdə onun da rolu oldu. İndi də danışırıq. “Sumqayıt” mənimlə əlaqə saxlayan kimi dərhal Dino ilə danışdım. Mənə hər şeyin yaxşı olacağını söylədi.
- Səndən əvvəl də Azərbaycanda liberiyalı futbolçular çıxış edib. Onlarla tanışlığın olub?
- Bəli, Omeqa Roberts, Teo Uiks və İsaak Puponu tanıyıram. Onlarla millidə oynamışam və hamısının Azərbaycan futbolu ilə bağlı yaxşı təəssüratı qalıb.
RƏŞAD