Martinesin təyinatı və Ronaldoya münasibəti

10.01.2023 14:49 237
Dünya futbolu
Roberto Martinesin işsiz günləri çox da çəkməyib.

Dünya çempionatındakı uğursuzluğa görə ötən il dekabrın 1-də Belçika yığmasından istefa verən ispaniyalı mütəxəssis Portuqaliyada qərar tutub.

Son həftələr onun məhz bu milli komandanı çalışdırmaq ehtimalı ilə bağlı xəbərlər yayılmışdı. Martinesin pireneylərin baş məşqçisi vəzifəsinə təyinatı rəsmiləşib. Portuqaliya Futbol Federasiyasının (PFF) yaydığı məlumatda 49 yaşlı mütəxəssislə imzalanan müqavilənin detallarına aydınlıq gətirilməyib.

Xatırladaq ki, Portuqaliya millisinin sonuncu baş məşqçisi Fernando Santuş da DÇ-2022-dəki nəticəyə görə işini itirib. Komandanı 1/4 finala qədər irəliləsə də, bu nəticəni qənaətbəxş saymayan PFF təcrübəli çalışdırıcını istefaya göndərmişdi.

Martines 2016-cı ildən çalışdırdığı Belçika yığmasını DÇ-2018-də 3-cü yerə çıxarıb. Lakin komandanın Qətərdə təşkil edilən mundialın qrup mərhələsini adlaya bilməməsi onun işini itirməsinə səbəb olub. İndi çoxlarını Kriştiano Ronaldonun yığmadakı gələcəyi düşündürür. Martines bununla bağlı açıqlamasında 37 yaşlı hücumçunun beynəlxalq karyerasına hörmət etdiyini bildirib:

“Meydandakı və məşqdəki vəziyyətə əsasən qərarlar qəbul edilməlidi. Mən tələsik qərarlar verən məşqçi deyiləm. Bütün futbolçularla görüşmək istəyirəm və bu gündən onlarla danışmağa, görüşməyə başlayacağam. Kriştiano yığmada 19 il çıxış edib və bu, hörmətə layiqdi. Bundan sonra Avropa çempionatı üçün ən yaxşı heyəti seçməliyəm. Sabah bu işə başlayacağıq, bütün futbolçuları yaxından tanıyacağıq, Kriştiano da onlardan biridi. Milli komandaya qoşula biləcək bütün futbolçularla tanışlıq prosesinə başlayacağıq. Biz hər bir oyunçuya fürsət verəcək və artıq komandanın bir hissəsi olanlara hörmət edəcəyik. Kriştiano da onlardan biridi”.