Amma fransalılar heç cür məğlubiyyətlə barışmaq istəmir. Bilindiyi kimi, Kilian Mbappenin mükəmməl performans sərgiləyərək het-trik etməsi “üçrənglilər”in qələbəsi üçün kifayət etməmişdi. 120 dəqiqəsi 3:3-lük bərabərliklə başa çatan finalda Argentina penalti seriyasında qalib olmuşdu. Finaldan bir gün sonra Fransanın məşhur “Ekip” nəşri Leo Messinin hesabı 3:2 edərkən vurduğu qol zamanı oyun qaydalarının pozulduğunu iddia etmişdi. Belə ki, qoldan öncə meydana argentinanın ehtiyatında olan bir neçə oyunçunun ayaq basdığı məlum olmuşdu. İndi də fransalıılar Argentinanın penaltidən vurduğu birinci qola “barmaq etmək” qərarına gəliblər. Onların fikrincə, penalti yox idi və Dembele Di Mariyaya qarşı kobudluq etməmişdi. Penaltinin səhv olması və oyunun yenidən keçirilməli olduğu barədə petisiyanı artıq 200 minə yaxın insan imzalayıb! Təbii ki, bu petisiya heç nəyi dəyişməyəcək. Oyunun yenidən keçirilməsi ehtimalı sıfra bərabərdi. Fransa yığması, sadəcə, bu məğlubiyyətlə barışmalı və irəli boylanmalıdı.
Bu arada finalı idarə edən polşalı Şimon Marçinyak haqqında səsləndirilən tənqidlərə cavab verib. Öz vətənində idman nəşrlərindən birinə diqqətçəkən açıqlamalar verən 41 yaşlı ədalət təmsilçisi bunları deyib:
“Mənim üçün önəmli olan mətbuatda yazılanlar yox, futbolçuların matçdan sonra yaxınlaşıb dediyi sözlərdi. Fransızların böyük əksəriyyəti final fitindən sonra mənə təşəkkürünü bildirdi. Onların bəziləri ilə bir neçə kəlmə söhbət etdim. Əsasən də Uqo Lyoris və Olivye Jiru ilə bir neçə dəqiqəlik dialoqum oldu. Mbappe isə matçdan sonra məni qucaqladı. Üzgün olduğu dərhal hiss edilirdi. Amma yenə də mənə idarəçiliyə görə təşəkkürünü bildirdi. Mən də ona sarıldım və ruhlandırmağa çalışdım. “Bu kuboku 4 il öncə qazanmışdın, yenə qazanacaqsan, çünki çox böyük bir futbolçusan” dedim. Argentinanın vurduğu qolda oyun qaydalarının pozulduğunu iddia edənlər var. Eləyə qalsa, Mbappe də penaltidən hesabı 3:3 edəndə diqqətlə baxsaz, Fransanın ehtiyatdakı 7 futbolçusunun vaxtından əvvəl meydana girdiyini görərsiz. Bu cür oyunlarda belə xırda şeyləri diqqətdə saxlamaq çətin olur. Futbolun qaydaları cəza qanununda qeyd olunan qaydalar kimi deyil! Futbolda hər şeyə nöqtə-vergülünə qədər riayət etmək olmur. Ən önəmli məqam oyunun ruhunu qorumaqdı. Məsələn, qaydalarda yazılıb ki, künc bayrağının taxtası olmadan matçı davam etdirmək olmaz, elə deyilmi? Tutaq ki, həmin taxtalar qırıldı. Stadionda da onları əvəz edəcək başqa bir şey yoxdu. İndi nə etməliydim? Künc bayrağının taxtası olmadığı üçün DÇ-nin finalını təxirə salmalıydım? Oyunun ruhu bütün qaydalardan üstündü! FİFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın məşhur bir sözü var. O deyir ki, oyun qaydalarını əzbər bilənlərin hamısı hakim olsaydı, dünyada 300 milyon möhtəşəm hakim olardı. Gördüyünüz kimi, dünyada 150 səhifəlik qaydalar kitabını əzbər bilən yüzlərlə hakim var. Amma mundialın finalını idarə etməyə qadir olan cəmi bir neçə ədalət təmsilçisi var”.




