U-21-in noyabrın 15-dən 20-dək Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplanışı uğursuzluqla başa çatdı.
"Football-plus.az" xəbər verir ki, gənclər yoxlama oyunlarında macarıstanlı həmyaşıdlarına 0:3, isveçlilərə isə 1:8 hesabıyla uduzdu.
Biabırçı nəticələrlə bağlı heyətdə yer alan “Turan Tovuz”un üzvü Veysəl Rzayevin fikirlərini öyrəndik:
"Macarıstanla oyunun ilk yarısı normal keçdi. Fasilədən sonra isə rəqib təzyiqi artırdı və penaltidən qol buraxdıq. Bu bizi bir az məyus etdi. Amma həvəsdən düşmədik, hücumlar qurmağa çalışırdıq. Şanslarımız da oldu, təəssüf ki, dəyərləndirə bilmədik. Belə deyim, bizim komandada itkilər də çoxdu, 5-6 oyunçumuz zədəliydi. Bu dəfə Samir müəllim əsasən təcrübəsi az olanlara üstünlük verdi. Rəqib isə tam oturuşmuş komanda idi və gücü bilinirdi. Onların hucumlarda son ötürmə və zərbələri daha dəqiq oldu. Nəticədə 0:3 hesabı ilə məğlub olduq. İkinci oyunda isə İsveç millisiylə qarşılaşdıq. İlk yarıda başabaş mübarizə getdi. Macarlara qarşı matçla müqayisədə hücumlarımız daha çox idi. İlk hissədə 1:2 məğlib idik. İkinci yarıya isə çox gözəl başlamışdıq. Təəssüf ki, yüzfaizlik qol vəziyyətlərini dəyərləndirə bilmədik. Bundan sonra adi epizodlarda səhvlərə yol verdik. Bu da rəqibin hər bir epizodda daha keyfiyyətli davranması ilə bağlıdı. Amma biz yeni qurulan komandayıq, üstəlik yuxarıda dediyim kimi, zədəli oyunçularımız da vardı. Ona görə İsveç kimi güclü komandalara qarşı oynamaq bizim üçün çətindi. Amma belə qarşılaşmaların olması yaxşıdı. Həm təcrübə toplayırıq, həm də komandamızın zəif və güclü tərəflərini bilirik. Dediyim kimi, komandada yeni oyunçular çox idi və taktiki səhvlərə yol verdik. Amma şübhəmiz yoxdu ki, toparlanacaq, oturmuş heyət quraraq Azərbaycanı layiqincə təmsil edəcəyik”.
ABDULLA İSMAYILOĞLU