1-ci divizionun 9-cu turunun "Neftçi-2" - "Kəpəz-2" matçında qalib müəyyənləşmədi.
Gərgin keçən, hətta qonaqların baş məşqçisinin qovulduğu oyun 1:1 hesabı ilə başa çatdı. "Football-plus.az" saytı olaraq "Kəpəz-2"nin çalışdırıcısı Xaliq Mərdanovun fikirlərini öyrəndik:
"Sevindirici haldı ki, 4 oyundu uduzmuruq. Bilirsiz ki, mövsümə yaxşı başlamadıq, ardıcıl məğlubiyyətlərlə üzləşdik. Əsas odu ki, yenilgilərdən sarsılmadıq, qələbəyə ümidimizi itirmədik. Yetirmələrimə maksimum düzgün istiqamət verməyə çalışıram. Sağ olsunlar, məşqlərdə və meydanda əllərindən gələni edirlər. "Neftçi-2" ilə oyunda qələbə qazanmaq istəyirdik, amma alınmadı. İstənilən halda yetirmələrimin oyunundan razı qaldım. Növbəti turlarda da mübariz oyunumuzu davam etdirəcəyik".
Təcrübəli mütəxəssis qırmızı vərəqə almasına və oyun zamanı əvəzetməyə ehtiyac duymamasına belə reaksiya verdi:
"Hakim qapımıza penalti təyin edəndə, buna etiraz edərək meydana daxil oldum. Məhz buna görə mənə qırmızı vərəqə göstərdi. Belə hərəkətə görə birbaşa “qırmızı” verildiyini bilmirdim. Elə bilirdim, bu qayda pozuntusuna görə “sarı” düşür. Deməli, yanılmışam. Əvəzetmələrə gəlincə, risk etmək istəmədim. Dəyişiklik bəzən komandanın oyun ritmini pozur. Meydandakı futbolçular tapşırıqlarımın 80 faizini yerinə yetirdilər. Bu üzdən də əvəzetmələrə ehtiyac duymadım".
Xaliq bəy heyətdə yer alan təcrübəli Rauf Əliyevlə Əli Səmədovun oyununa da toxundu:
"Raufla Əli komandaya yaxşı motivasiya verirlər. Meydanda həm təcrübələrini, həm də bacarıqlarını nümayiş etdirməklə gəncləri daha yaxşı oynamağa sövq edirlər. Rauf çox yaxşı formadadı, 3 oyundu qolları sıralayır. Artıq 4 qol vurub. Əli də uzun illərdi "Kəpəz"də çıxış edir. Qısası, hər ikisindən çox razıyam, onlara ancaq təşəkkür edə bilərəm”.
ABDULLA İSMAYILOĞLU