Yeni mövsümdə Misli premyer-liqasında 10 komanda mübarizə aparacaq.
2022/23 mövsümü start götürəcək ki, açılış matçı “Dalğa Arena”da baş tutacaq. "Kəpəz" Mərdəkanda "Zirə"ni qəbul edəcək.
Klublarımız təlim-məşq toplanışı çərçivəsində yetərincə yoxlama oyunu keçirdi. Onların yay hazırlığı dönəmində necə yadda qaldığına birgə nəzər yetirək.
“Qarabağ”
Son çempion Avstriyada keçirdiyi hazırlıq çərçivəsində 3 yoldaşlıq oyununda gücünü sınayıb. İyunun 25-də Rumıniya "Botoşani"si ilə baş titan duel ağdamlıların 4:0 hesablı qələbəsi ilə başa çatıb. 29-da Almaniya "Holştayn Kiel"inə qarşı matçda isə qalib müəyyənləşməyib - 2:2. "Qarabağ" eyni gündə son yoxlama oyununu da keçirib. Rumıniya "Universitatya Krayova"sı ilə qarşılaşma da heç-heçə bitib - 1:1. Beləliklə, Qurban Qurbanovun komandası keçirdiyi 3 görüşdə uduzmasa da, cəmi 1 qələbəyə sevinib.
“Neftçi”
Hazırlığı Türkiyənin Bolu bölgəsində keçirən "Neftçi" də 3 yoxlama oyununa çıxıb. "Sakaryaspor"la iyulun 6-da gerçəkləşən qarşılaşma 1:1 hesabı ilə bitib. 11-də "Sivasspor"a məğlub olan (0:1) bakılılar, nəhayət, 14-də "Qaziantep"lə qolsuz bərabərliyə razılaşıb. Göründüyü ki, Laurentsiu Regekampfın komandası Boluda qələbəyə həsrət qalıb.
“Zirə”
Son mövsümü 3-cü pillədə başa vuran "Zirə" də hazırlıq üçün Bolunu seçmişdi. Özü də qəsəbə təmsilçisi orda iki sınaq matçı ilə kifayətlənib. İyunun 29-da Rumıniya "Hermannştad"ına 1:2 yenilən Rəşad Sadıqovun komandası iyulun 6-da "Eyüpspor"un müqavimətini qıra bilməyib - 0:0.
“Qəbələ”
Bölgə təmsilçisi Boludakı təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyunu keçirib. İlk matç iyulun 5-də superliqa klubu "Qaziantep"ə qarşı baş tutub. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İkinci qarşılaşmada isə "Qəbələ" Rumıniya "Çiksereda"sını eyni hesabla üstələyib.
“Sabah”
Avrokuboklardan kənarda qalan "Sabah" hazırlıq dönəmini 5 yoxlama oyunu ilə başa vurub. Murad Musayevin komandası iyulun 9-da "Sumqayıt"a 1:2 hesabı ilə uduzub. 14-də reallaşan ikinci matçda isə "bayquşlar" “Sıabail”i üstələyib - 3:1. Bununla da Bakı toplanışını başa vuran “Sabah” Bolqarıstana yollanıb. İyulun 20-də İsrail "Hapoel Hadera"sına uduzan (0:1) komandanı 26-da Cənubi Kipr "Akritas Xlorakas"ı da məyus edib - 3:2. Nəhayət, “Sabah” iyulun 30-da Cənubi Kipr "Nea Salamina"sına 1:2 hesabı ilə yenilib. Yəqin 5 oyunun 4-də qeydə alınan məğlubiyyət Murad Musayevə dərs çıxarmaq üçün yetərincə material verib.
“Sumqayıt”
“Gənclik şəhəri” təmsilçisi yoxlama oyunlarına “Sabah” üzərində qələbə (2:1) ilə başlayıb. İyulun 14-də isə növbəti “qurban” "Kəpəz" olub - 3:2. Hazırlığın ikinci mərhələsini Ankaranın Qızılcahamam bölgəsində keçirən “Sumqayıt” burda daha üç oyuna çıxıb. "Bandırmaspor"la iyulun 20-də baş tutan dueldə qalib müəyyənləşməyibsə (2:2), komanda 5 gün sonra "Samsunspor"a 0:2 hesabı ilə uduzub. Aleksey Baqanın yetirmələri iyulun 28-də son İran çempionu "İstiqlal"a da yenilib - 0:1.
“Şamaxı”
Mövsüm başa çatandan sonra bəlli səbəblərdən uzun müddət səssiz qalan "Şamaxı" hazırlığı ölkəmizdə keçirib. Komanda iyulun 15-də "Turan Tovuz"a 0:1 hesabıyla uduzub. Növbəti iki qarşılaşma isə uyğun olaraq 20-si və 26-da gerçəkləşib. "Kəpəz" və U-19 ilə duellər qolsuz bitib.
“Səbail”
Hazırlığa Gürcüstanda yekun vuran "Səbail" səfər ərəfəsində iki yoxlama görüşünə çıxıb. İyulun 10-da "Kəpəz"i 3:1 üstələyən Mahmud Qurbanovun komandası 14-də "Sabah"a eyni hesabla uduzub. Gürcüstanda isə 3 oyun baş tutub. İyulun 22-də Tiflis "Dinamo"su təmsilçimizi 2:0 məğlub edib. 25-də Gürcüstanın digər yüksək liqa təmsilçisi "Qaqra"nı üstələyən (2:1) "dənizçilər" son görüşü "Dila"ya qarşı keçirib. İyulun 29-da reallaşan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
“Kəpəz”
Yenidən elitaya qayıdan "Kəpəz" mövsümöncəsi ilk yoxlama oyununu iyulun 10-da "Səbail"ə qarşı keçirib və 1:3 hesabı ilə uduzub. 4 gün sonra "Sumqayıt"a da yenilən (2:3) gəncəlilər, nəhayət, iyulun 20-də "Şamaxı" ilə qolsuz bərabərliyə razılaşıb. İddiasız rəqiblərlə matçlarda qeydə alınan nəticələr Yaşar Vahabzadənin komandasının real durumunun göstəricisidi.
"Turan Tovuz"
Yoxlama oyunlarına "Şamaxı" üzərində minimalhesablı qələbəylə başlayan Tovuz təmsilçisi təlim-məşq toplanışını Gürcüstanda davam etdirib. İyulun 23-də "Merani"ni üstələyən (3:1) Ayxan Abbasovun komandası 27-də Tiflis "Dinamo"suna müqavimət göstərə bilməyib - 0:4. İki gün sonra isə tovuzlular "Qaqra"nı məyus edib (2:1).
Göründüyü kimi, yalnız avrokubok iştirakçıları və “Sabah” hazırlıq dönəmində daha güclü rəqiblərlə üz-üzə gəlib. Qalanları isə əsasən öz aralarındakı və Gürcüstan klubları ilə duellərdə zəif nöqtələrini tapmağa çalışıb. Nəticələr ümumilikdə ürəkaçan olmasa da, yoxlama oyunlarının statusunu da nəzərə almaq lazımdı.
ŞAİR ABDULLA
Yoxlama oyunlarında yalnız “Qarabağ” uduzmayıb
Ölkə futbolu / Manşet




