Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Neftçi”nin səfərdə “Aris”ə uduzması istər mətbuatda, istər sosial şəbəkələrdə, istərsə də futbol ictimaiyyəti arasında çox tənqid olundu.
Heç kim Laurentsiu Regekampfın çalışdırdığı komandadan belə zəif oyun gözləmirdi. Görəsən, “ağ-qaralar”ın sabiq çalışdırıcısı Samir Abasov Larnakada keçirilən matç barədə hansı fikirdədi? Hazırda rayonda istirahət edən 44 yaşlı mütəxəssislə söhbətdə cavab görüşləri ərəfəsində qalan komandalarımızın da şansını dəyərləndirib, bizi maraqlandıran başqa suallara da cavab tapmağa çalışdıq.
- İstirahət edə bilirsiz?
- Kimin üçün istirahət, kimin üçün isə iş.
- Sirr deyilsə, tətildə rayonda nə işlə məşğulsuz?
- Bir az olar ki, odunları qırıb qurtardım.
- Qışa hazırlaşırsız?
- Kənd həyatıdı, indi işini ehtiyatlı tutmasan, qışda bunun əziyyətini çəkə bilərsən.
- Və bu kənd həyatı nə vaxta kimi davam edəcək?
- Onu dəqiq deyə bilməyəcəm... Ən azı məktəblər açılana qədər kənddəyəm.
- Yəqin ötən həftə klublarımızın avrokuboklarda keçirdiyi matçları izləmisiz?
- Yalnız “Qarabağ”ın oyununa baxdım.
- “Zirə”nin, “Neftçi”nin, “Qəbələ”nin matçlarını niyə izləməmisiz?
- Həmin gün başqa yerdə olduğum üçün baxa bilmədim.
- İlk qarşılaşmalardan sonra təmsilçilərimizin şansları barədə fikrinizi bilmək istərdik.
- “Qarabağ”ın mərhələ keçmək şansı yüksəkdi. Qurban Qurbanovun çalışdırdığı komandanın yetərincə avrokubok təcrübəsi var və belə vəziyyətlərə çox düşüb. Sürixdəki oyun asan olmayacaq, ancaq mən ağdamlılara inanıram. Fikrimcə, çoxları mənim kimi düşünür. “Zirə” barədə nə deyim? Təl-Əvivdə möcüzə olmalıdı ki, komanda mərhələ adlasın. Ümumiyyətlə, son illər İsrail klubları yüksəlişdədi. Ötən yay Hayfa “Makkabi”si ilə qarşılaşmada özüm də bunun şahidi oldum. İlk görüşdə qeydə alınan nəticədən sonra “Qəbələ”nin “Fehervar”ı keçəcəyi inandırıcı görünmür. Bir qədər “Neftçi”yə inamım var.
- İlk oyundan sonra “Neftçi”nin ünvanına çox tənqidlər yağdırıldı...
- Çox maraqlıdı ki, Konfrans Liqasında üç komandamız oynadı və hər üçü uduzdu, ancaq ən çox “Neftçi” tənqid olunur.
- Sizcə, belə olmamalıdı? Yeni baş məşqçi, yenilənmiş heyət... “Aris” də güclü rəqib sayılmırdı.
- Hər halda, Tiflis “Dinamo”sundan güclü deyil.
- Sizcə, nə alınmadı, uğursuzluğa səbəb nə oldu?
- Bunu klubun rəhbərliyindən və məşqçilərindən soruşmaq lazımdı. Mən hardan bilim? Komandanın içində olan şəxs bu barədə nəsə danışa bilər. Yadıma gəlir ki, ötən yay 12 futbolçu ilə “Dinamo” ilə oyuna hazırlaşırdıq. Çempionlar Liqasına hazırlaşan klubun rəhbərliyi bir dəfə demədi ki, yeni transferlər lazımdı, toplanışı daha yüksək səviyyədə keçirmək üçün nə edək? Eşitdiyimə görə, Reqekampf məşqlərdən çəkilişlər etməyə də icazə verməyib. Halbuki bizim vaxtımızda komandanın məşqləri “Neftçi TV” vasitəsi ilə yayınlanırdı. Buna baxmayaraq, ilk mərhələni adlaya bildik. Bakıdakı cavab görüşünə gəlincə, fikrimcə, şans həmişə var. “Neftçi”nin futbolçuları səviyyə baxımından “Aris”in oyunçularından qat-qat üstündü.
- “Neftçi”nin bu yay reallaşdırdığı transferlər barədə nə deyə bilərsiz?
- Açığı, ciddi maraqlanmamışam. Ancaq İsrail çempionatından gəliblərsə, deməli, yüksək səviyyəlidilər. Əslində komandaya yeni cəlb olunanları araşdırmaq mənim işim deyil. Bir də ki bir oyuna görə futbolçu barədə fikir bildirmək düzgün olmaz. Qısa müddətdi kollektivə qoşulublar, gələn kimi də vacib oyuna çıxıblar. Elə futbolçu var ki, ilk matçda özünü göstərə bilir, elə səviyyəli oyunçular da var ki, oyundan-oyuna açılışır, komandanı irəli aparanlardan biri olur. Odu ki, yeni transferlər barədə fikir bildirməyə vaxt lazımdı. Bu müddət 10 gün də ola bilər, 2 ay da.
- Rumın mütəxəssis sizdən fərqli 4-lü müdafiəyə üstünlük verir. Və ən maraqlısı: sizin stopper kimi oynatdığınız Mamadu Mbocu müdafiənin sağına çəkib. Mboc yeni mövqeyində effektli olacaq?
- Oyuna baxmasam da, mətbuatda yazılanları oxumuşam. Ancaq inamıram ki, Mboc sırf sağ müdafiəçi kimi oynayıb. Müasir futbolda hibrid sistem deyilən bir anlayış var. Düşünürəm ki, Laurentsiu Reqekampf buna əl atıb. Hibrid müdafiə və hibrid keçidlər. Jurnalist ona “niyə Mbocu sağda oynatdız” sualını verəndə rumın mütəxəssis Samir kimi detallı izahat verməyi lazım bilməyib. Fikrimcə, komanda hücuma keçəndə Mboc müdafiənin mərkəzinə çəkilib. Bu sistemdən Alleqri istifadə edirdi. Bartsalyi, Kyellini və Bonuççinin oynadığı vaxt “Yuventus” məhz belə oynayırdı. Yenə deyirəm, qarşılaşmaya baxmadığımdan dəqiq fikir yürüdə bilmirəm. Məncə, Mbocu cinahda yalnız belə oynatmaq olar. Mən onu müdafiənin sağına çəksəydim, dediyim kimi istifadə edərdim. Başqa cür onu sağda oynatmağı təsəvvür etmirəm.
- “Neftçi”dən ayrılandan sonra iş təklifi olub?
- Niyə olmayıb? Bütün Avropa mənimlə maraqlanır (gülür). Bildiyiniz kimi, Avropada işlədiyim agent var. O əlaqə saxlayaraq, Yunanıstan və Cənubi Kipr klublarının mənimlə maraqlandığını bildirdi. Yəni namizədlərdən biri olumuşam. Görünür, sonda alınmayıb. Xaricdə niyə işləməyim? Dil bilməklə bağlı problem yoxdu, ölkədən kənara çıxmaqdan da çəkinmirəm.
- Alınmamasının səbəbi ilə maraqlanmısız?
- Burda maraqlanmalı nə var ki? Agentin işi nədi? Bilir ki, hansısa klub yeni baş məşqçi axtrarır. Bununla bağlı ona müraciət edirlər. O da müştərisi olan məşqçini onlara təklif edir. Ondan başqa da agentlər bu işi görürlər. Sonda klub rəhbərliyi namizədləri gözdən keçirib layiq bildiyi mütəxəssislə anlaşır. Bu yay “Neftçi”də olduğu kimi. Mən klubdan gedəndən sonra rəhbərlik bir neçə məşqçinin namizədliyini gözdən keçirdi və sonda Regekampfla ortaq məxrəcə gəldi. Ancaq bu yöndə işlər yenə davam edir.
RƏŞAD