Böyük Britaniya mərhələsini Lüis Hemilton üçün müəyyən mənada uğurlu saymaq olar. Britaniyalı pilot “doğma divarlar” arasında 3-cü yeri tutmaqla cari mövsümdə ilk dəfə qələbə uğrunda ciddi mübarizə apardı. “Mersedes”in pilotu belə hesab edir ki, W13 maşınının sürəti ümid verir. Ancaq qələbədən danışmaq hələ tezdi.
- Lüis, Silverstounda 13-cü dəfə fəxri kürsüyə qalxdız. Son dövrələrdəki mübarizə haqda danışardız. Rəqiblərlə mübarizə aparmaq xoşunuza gəldimi?
- Müəyyən mənada bəli. Belə mübarizə mənə kartinqdə çıxış etdiyim vaxtları xatırlatdı. “Formula-1”i ən yaxşı obrazında gördük. Rəqibləri sıx izləməyimiz, mübarizə aparmağımız onu göstərir ki, indi tutduğumuz istiqamət doğrudu. Yenidən mübarizəyə qoşulduğuma görə çox sevinirəm.
- W13-ün sürətini necə qiymətləndirirsiz? Son mərhələdə maşının tempi komandanı ümidləndirdimi?
- Mənim baxışıma görə, temp ciddi ümid verir, axı mübarizədə iştirak edə bildik. Zaman-zaman mən də “Ferrari” qədər, hətta bəzən ondan da iti sürətlə gedirdim. Mərhələnin sonunda ən yaxşı dövrə göstəricisinə nail oldum. Düşünmürəm ki, bu mövsüm daha əvvəllər buna qadir idik. Komanda son mərhələdə tempi yüksəltməyə imkan verən yeniliklər etdi. Bu il maşınımız belə sürətli olmamışdı. Bu üzdən fərqi bir qədər azalda bildim. Ancaq düşünmürəm ki, indi qələbə uğrunda mübarizə aparmağa qadirik, sadəcə, həmin gün də uzaqda deyil.
- Zaman-zaman “Ferrari”nin pilotlarından daha sürətli getdiyinizi xatırlatdız. Təhlükəsizlik maşını trassa daxil olmasaydı, onları qabaqlaya bilərdizmi?
- Gücüm daxilində olan hər şeyi etdim, hətta hansısa məqamda qələbəyə də ümid etməyə başladım... Hansısa məqamda sürətim artmağa başladı, təkərlər get-gedə yaxşılaşdı və mən geriliyi aradan qaldırma girişdim. Güman edirəm ki, təhlükəsizlik avtomobili olmasaydı, son dövrələrdə qələbə uğrunda mübarizə apara bilərdim. Ancaq belə olmadı.
- Lüis, karyeranızda ilk dəfə mövsümün ilk 10 mərhələsinin heç birində qələbə qazana bilməmisiz. Ancaq Silverstounda bir müddət liderlik etdiz. Bu liderlik sizdə bu il çox ehtiyac duyduğunuz qığılcımı yandırdımı?
- Belə statistika üzündən heç bir qəribə hiss keçirmirəm. Karyeram artıq illərdi davam edir, yetərincə uzun müddət qələbə qazana bilmədiyim dövrlər də olub. Qığılcıma gəlincə... Son bir neçə mərhələdə nail olduğumuz tərəqqi get-gedə daha artıq dərəcədə ümid verir. Maşının potensialı var. Odu ki, biz diqqətlə işi davam etdirməli, hamılıqla bu işə köklənməli və qətiyyən təslim olmamalıyıq.