Premyer-liqa klubları ilə yanaşı, birinci divizionda mübarizə aparan komandalar da yeni mövsümün planlarını cızırlar ki, onlardan biri də “Araz Naxçıvan”dı.
“Qırmızı”ların baş məşqçisi Azər Bağırov “Football-plus.az” saytına açıqlamasında komandasının iyunun son günlərində Naxçıvanda bir araya gələcəyini bildirdi:
“İyunun 29-dan başlayaraq komanda üzvləri Naxçıvana toplaşacaq. İki gün ərzində bütün oyunçular tibbi baxışdan keçəcəklər. İyulun ilk günlərində isə kolektivə cəlb olunan yeni futbolçularla müqavilə imzalanacaq. Təlim-məşq toplanışının ilk mərhələsi 4-dən 12-dək muxtar respublikada olacaq. İki günlük fasilədənin ardından ikinci mərhələ başlayacaq. İylun 29-da isə komanda Ərzuruma yollanacaq. Türkiyə toplanışında 5 qarşılaşma keçirməyi planlaşdırırıq ki, onlardan üçünü daha ciddi rəqiblərə qarşı keçirəcəyik. Hələ ki, yoxlama matçlarında üz-üzə gələcəyimiz rəqiblərdən ikisi məlumdu. Onlar Küveytin “Əl Ərəbi” və Türkiyənin “1460 Trabzon” klublarıdı. Türkiyə toplanışı avqustun 14-nə kimi davam edəcək”.
Bağırov bizimlə söhbətdə çalışdırdığı transfer çalışmalarından da söz açdı:
“U-21-in şərəfini qorumuş Ege Atamanla artıq anlaşmışıq. O stopper mövqeyində çıxış edir.Danışıq apardıqlarımız arasında iranlı forvard da var. Böyük ehtimalla, yaxın günlərdə onunla da razılıq əldə olunacaq. “Qaradağ Lökbatan”dan, “Sumqayıt-2”dən, “Zaqatala”dan dəvət etdiyimiz futbolçular var. Bir sözlə,divizion üçün iddialı komanda qurmağı planlaşdırırıq. Qarşıdakı yoxlama görüşləri transfer məsələlərində nə dərəcədə düzgün addım atdığımızı göstərəcək”.
RƏŞAD