Lekler özünü çempion kimi görür, Volff isə Hemiltondan razıdı

19.06.2022 14:31 427
İdman
“Ferrari”nin piloru Şarl Lekler “Formula-1”in cari mövsümünün sonunda özünü çempion kimi gördüyünü deməkdən çəkinməyib:

“İlin sonunda özümü nə kimi görürəm? Dünya çempionu kimi. Nə qədər ki riyazi şans var, mən buna inanmaqdan çəkinməyəcəm. Bəlkə də ağılsızam, ancaq ötən iki mövsümdə də özümə belə inanırdım. Mübarizəyə qatılanda yalnız qələbə haqda düşünürəm. Hərçənd ən yaxşı halda ilk “10-luğ”a düşəcəyimə ümid edə bilərdim. Bu il komandamızın şansı var, özümüzə köklənməli və çətinliklərin öhdəsindən gəlməliyik”.


Dünya çempionatında hələ ki yalnız 8 mərhələ arxada qalıb. “Red Bull”un pilotu Maks Ferstappen 150 xalla liderdi. Peres (129) 2-ci, Lekler (116) isə 3-cü yerdə qərarlaşıb.

“Mersedes”in rəhbəri Toto Volff da maraqlı açıqlama verib. Onun dediyinə görə, komandanın əsas pilotu Lüis Hemilton hazırda “Formula-1”dəki bütün karyerası ərzində ən yaxşı formadadı:

“Düşünmürəm ki, Lüis öz gücünə inamı itirir. Mənə elə gəlir ki, o, hazırda karyerasının ən yaxşı formasını yığıb. Hemilton ötən mövsümün sonunda Əbu-Dabidəki yarışa qədər dominantlıq etdi. 4 ay ərzində ustalığı itirmək olmaz.

Fikrimcə, hər iki pilotumuz – Lüis də, Corc Rassell də işə çox peşəkar yanaşır. Biz onlara heç də ideal maşın verməmişik. Pilotlardan hər biri maşının inkişafına yardım etməyə çalışır. Tənzimləmələr baxımından hər biri fərqli istiqamətdə irəliləyir. Hemilton Azərbaycan mərhələsinin gedişində də eksperimentə əl atdı, ancaq uzunmüddətli perspektivdə belə davam edə bilməz. Hələ ki bizim bolidlər liderlik uğrunda mübarizə baxımından yetərincə yaxşı deyil. Bu üzdən Rassellin Hemiltondan üstün olduğunu və ya əksini demək çətindi. Lüisin Barselonada nə etdiyini gördük, onun nə dərəcədə dahi olduğunu bilirik. Onun Corcla birgə çalışması, hər birinin komandanı liderliyə qaytarmaq yönündəki işləri xoşuma gəlir”.


37 yaşlı Hemilton “Formula-1” üzrə dünya çempionatının 7 qat qalibidi. Cari mövsümün ilk 8 mərhələsindən sonra britaniyalı 62 xalla 6-cı yeri tutur. Onun cari mövsümdəki ən yaxşı nəticəsi Bəhreyn “Qran-pri”sindəki 3-cü yerdi. Avstraliyada və Azərbaycanda isə finişə 4-cü çatıb. Dünya çempionatında növbəti mərhələnin həftəsonu Kanadada keçiriləcəyini də xatırladaq.

Bu arada "Formula-1" Avstraliya “Qran-pri”si ilə müqavilənin müddətini uzadıb. Yeni sözləşmə 2035-ci ilədək nəzərdə tutulub. Anlaşmaya əsasən, 2023-cü ildən yarış həftəsonunda "Formula-2" və "Formula-3" yarışları da keçiriləcək. Qeyd edək ki, Avstraliya mərhələsi 1996-cı ildən Melburnda təşkil olunur.