Dünən Qazaxıstana 3:2 qalib gələn millimiz tarix yazmağa yaxındı. Finaldakı rəqib isə Rumıniyadı.
Bu komandanın 6 dəfə Avropa çempionu olduğunu nəzərə alsaq, komandamızı çətin oyun gözlədiyini deyə bilərik. Qrup mərhələsində də ilk görüşünü Rumıniyaya qarşı keçirən millimiz 0:2 hesabı ilə məğlub olmuşdu.
Görəsən, milli finalda bizi qələbə ilə sevindirə biləcək? Rumıniya ilə oyuna hazırlıq hansı səviyyədədi? Bu suallarla baş məşqçi Elşad Quliyevlə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Rumıniya ilə final oyununa hazırlıq çox yaxşı gedir. Komandada əhval-ruhiyyə çox yüksəkdi. Baxmayaraq ki, güclü komandadı, qrup mərhələsində onlara məğlub olmuşduq, amma zəif tərəfləri var. Biz də bunun üzərində çalışırıq. İnşallah, bu oyunda da xalqımızı sevindirərik. Heç narahat olmayın. Rumıniya 6 dəfə Avropa çempionu olsa da, biz də zəif deyilik. Ancaq qələbə haqda düşünürük. İnşallah, kuboku Bakıya gətirəcəyik”.
1/4 finalda Slovakiyaya qarşı keçirilən oyunda qırmızı vərəqə alan Vüsal İsayev yarımfinalda komandamıza kömək edə bilmədi. Bəs final oyununda necə, itkilərimiz var? Baş məşqçini eşidək:
“Vüsal cəzalı olduğuna görə oynamırdı. Final görüşünə itkisiz çıxacağıq”.
Qeyd edək ki, Azərbaycan və Rumıniya arasında keçiriləcək Avropa çempionatının final matçı Bakı vaxtı ilə saat 22.15-də start götürəcək.
ŞAİR ABDULLA




