Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Vladislav Vaşuk qarət olunub.
"Football-plus.az" xəbər verir ki, 47 yaşlı sabiq müdafiəçi bu barədə "La Repubblica" nəşrinə müsahibəsində bildirib. Vaşukun sözlərinə görə, Rusiya hərbçiləri işğal zamanı onun Qostomeldəki evindən oğurluq ediblər. Veteran oyunçu müharibənin əvvəlində 15 gün ailəsi ilə birlikdə evin zirzəmisində yaşayıb. Vaşuk daha sonra həmin ərazidən çıxmağı bacarıb. Sabiq müdafiəçi evindən bütün futbol mükafatlarının və xatirə əşyalarının yoxa çıxdığını söyləyib.
Qeyd edək ki, Vaşuk 1996-2007 aralığında Ukrayna yığmasının formasını geyib.