Rövşən Babayevin işsiz günləri başa çatır

8.06.2022 22:53 716
Ölkə futbolu
Martda “Turan Tovuz”dan ayrılan Rövşən Babayevin işsiz günləri başa çatmaq üzrədi.

"Football-plus.az" xəbər verir ki, təcrübəli mütəxəssis premyer-liqa təmsilçisində çalışacaq. Adı “Mingəçevir”lə yanaşı hallanan mütəxəssis “Sabah”ın akademiyasında çalışacaq. Daha doğrusu, “bayquşlar”ın U-19 komandasında. Babayev üçün iki seçim var. O, yaxın günlərdə klub rəhbərliyi ilə görüşəcək. Ya adı çəkilən komandanın baş məşqçisi, ya da köməkçi məşqçi olacaq. Belə ki, “Sabah”ın U-19 komandasının əsas çalışdırıcısı İqor Ponomaryov ola bilər. Klubun Müşahidə Şurasının üzvü özünü məşqçi kimi sınamaq istəməsə, Rövşən bəy baş məşqçi kimi “Sabah”ın 19 yaşadək futbolçulardan ibarət kollektivinə rəhbərlik edəcək.

Məsələ ilə bağlı Rövşən Babayevlə əlaqə saxladıq. Ondan “Sabah”la hansı şərtlərlə razılaşdığını soruşduq:

“Hələ köməkçi, yoxsa əsas məqşçi işləyəcəyim bəlli deyil. İqor Ponomaryovun ölkəyə qayıtmasını gözləyirəm, hazırda İsveçdədi. Mənə dedilər ki, iyunun 20-dən sonra geri qayıdacaq. Görəcəyimiz işləri bir yerdə oturub müzakirə edəcəyik. Açığı, bir-iki başqa təklifim var idi, amma o qədər real görünmürdü. “Sabah”a qayıtmağıma çox sevindim. Bura mənə doğmadı, tanış simalar çoxdu”.


İLKİN SULTANLI