Gəncə stadionu nazirliklə AFFA-nı üz-üzə qoyub - ÖZƏL AÇIQLAMA

9.05.2022 18:35 1 147
Ölkə futbolu / Manşet
“Kəpəz”in növbəti mövsümdə premyer-liqada çıxış edəcəyi artıq dəqiqləşib.

Ölkənin ikinci böyük şəhərinin təmsilçisinin futbol elitasına dönəcəyi dəqiqləşsə də çempionatın ilk turlarında ev oyunlarını harda keçirəcəyi hələ naməlumdu. Belə ki, hazırda Gəncə stadionunda təmir işləri aparılır, yeni yardımçı meydanlar salınır, akademiyanın tikintisi davam edir. Belə şəraitdə isə çempionat zamanı orda qonaq qəbul etmək qeyri-mümkündü.

Qeyd etdiyimiz məsələlərlə bağlı “Kəpəz”in mətbuat katibi Azad Mustayevlə əlaqə saxladıq. Klub rəsmisi “Football-plus.az” saytına açıqlamasında bunları söylədi:

“Gəncə şəhər stadionunun ərazisində futbol akademiyasının tikintisi və iki yeni meydanın salınması ilə bağlı işlər tam sürəti ilə davam edir. Tikintinin başlanğıcında yaşanan bütün çatışmazlıqlar aradan qaldırılıb. Çox istərdik ki, əsas stadionumuz da premyer-liqa matçlarına hazır olsun. Azarkeşlərimizin daha yaxşı şəraitdə çempionat oyunlarını izləməsi hamımızın arzusudu”.


Gəzən söz-söhbətlərə inansaq, Gəncə şəhər stadionunda təmir işlərinin aparılması yubanır. Buna səbəb isə arenanın məxsus olduğu Gənclər və idman Nazirliyi ilə AFFA arasında olan fikir ayrılığıdı. Nazirlik stadionun assosisaiyanın nıəzarəti altına keçməsini istəmir. Bu üzdən də AFFA rəhbərliyi stadionun təmirini yubadır. “Sarı-göylər”in mətbuat katibinin söylənilənlərə münasibəti belə oldu:

“Bu barədə mən sizə məlumat verə bilməyəcəm. Yaxşı olardı ki, bununla bağlı sualınızı şəhərin Gənclər və İdman idarəsinə müraciət edərdiz. Stadion onların balansındadı. Biz isə klub olaraq icarədarıq”.


Məsələ ilə bağlı Gəncənin Gənclər və İdman İdarəsi ilə də danışmaq istədik. Ancaq istirahət günü olduğundan idarədən zənglərimizə cavab verən olmadı.

RƏŞAD