Prezident onu “Marsel”də görmək istəyir, ancaq PSJ-də qalmasının da əleyhinə deyil.
Məlum olduğu kimi, aprelin 24-də Fransada prezident seçkisinin 2-ci turu da keçirildi. Növbəti 5 ildə də ölkəyə Emmanuel Makron rəhbərlik edəcək. O, səslərin 58,6 faizini qazanmaqla xanım rəqibi Marin le Peni məğlub etdi. Makrona 18 milyon 867 min 639 səs getdi. Daha 10 səs isə ...Kilian Mbappenin oldu. Təəccüblənməyin, PSJ-nin ulduzu prezidentliyə namizədlər sırasında deyildi. Sadəcə, 400-ə yaxın adamın yaşadığı kiçik Talnye kommunasında onu prezident kimi görmək istəyən 10 nəfər tapıldı. Təbii ki, bu səslər etibarsız sayıldı. Yeri gəlmişkən, seçkinin ilk mərhələsində seçicilərdən biri əllə namizədlər siyahısına Kərim Benzemanın adını yazmış və ona səs vermişdi. Belə baxanda bu mövsüm Mbappedən da layiqli namizəddi. Bəs Makronla Mbappe arasında hansı əlaqələr var?
Prezident Kilianın PSJ-də qalmasını istəyir
Makron idman mövzusuna tez-tez müraciət edir, son vaxtlar isə Mbappedən daha çox danışır.
• 2021-nin iyunundan Mbappenin PSJ-dən mümkün keçidinə toxunan prezident futbolçunun bacarığına heyranlığını gizlətməmişdi:
• O da məlumdu ki, Fransa yığması AÇ-2020-nin 1/8 finalında Mbappenin həlledici penaltini boşa verməsi üzündən İsveçrəyə uduzub mübarizəni dayandıranda Makron 22 yaşlı forvarda dəstək xarakterli mesaj göndərmişdi.
• “Marca” sentyabrda Fransa prezidentinin Mbappenin PSJ ilə müqaviləsinə dair verəcəyi qərara təsir etməyə çalışdığı haqda xəbər yaymışdı (baxmayaraq ki, bu xəbər Makronun yuxarıda xatırlatdığımız vədinə ziddi). Elə həmin qaynaq bildirirdi ki, fransalı hücumçu siyasətçidən şəxsi mesajlar alıb. “Marca” Makronun yenidən Mbappe ilə əlaqə saxlayacağını istisna etmirdi.
• Makron oktyabrda Paris və Fransa xəstəxanalarının fondu üçün pul yığmaq niyyəti ilə xeyriyyə matçı təşkil etmişdi, komanda yığmışdı. Mbappe həmin oyunda iştirak etdi və prezidentlə danışmaması əsla mümkün deyil.
• 2022-nin fevralında “El Mundo” belə bir xəbər yaydı ki, Makron və Fransanın sabiq prezidenti Nikolya Sarkozi Mbappeyə PSJ ilə müqavilə müddətini uzatmaq xahişiylə üz tutub.
• Fransanın RTL kanalı elə bu ay Makronun hücumçu ilə nəinki futbol, başqa mövzularda da hücumçu ilə müntəzəm danışdığını xəbər verdi. Həmkarlarımız iddia edir ki, bu ünsiyyətin əsası 2018-də qoyulub. Fransa yığması dünya çempionatını qazanandan sonra Yelisey sarayında keçirilən tədbirə yeniyetmə Mbappe Makrona xoş təsir bağışlamışdı.
• “Marsel” azarkeşi olan Fransa prezidenti bir neçə gün əvvəl “Quotidien”ə müsahibəsində belə deyib: “Təəssüf ki, onun “Marsel”ə keçidi ilə bağlı variant müzakirə belə olunmur. O, buna hazır olsaydı, mən də mübarizə aparardım, ancaq mənə dərhal etiraz etdi. Mbappenin Fransa çempionatında qalması uğrunda mübarizə aparmaq lazımdı. Axı o, qeyri-adi futbolçudu”.
Kilian ölkənin populyar adamları siyahısındadı
PSJ-nin forvardının ölkədəki populyarlığını dəyərləndirmək üçün Fransanın İctimai Rəy İnstitutunun tədqiqatına göz gəzdirək. Bu şirkət marketinq, əyləncə və siyasət sferalarında ictimai rəyi öyrənmək üzrə ixtisaslaşıb. İnstitut hər il fransızların daha çox sevdiyi adamların reytinqini hazırlayır. Hazırda həyatda olan adamlardan musiqiçi Jan-Jak Qoldman siyahıya hamıdan çox düşür – 11 dəfə reytinqin lideri olub. 2018d-ə “top-50”də debüt edən Mbappe dərhal 4-cü yerə qalxıb. O, yalnız aktyorlardan Dani Bunla Omar Siyə, həmçinin Qoldmana uduzub. Aydın məsələdi ki, populyarlıq dalğasının belə yüksəlməsinə DÇ-də qələbə səbəb olub. Kilian sonrakı illərdə də sabit şəkildə ilk “20-liy”də yer alır: bir dəfə 14-cü, iki dəfə 19-cu pillədə qərarlaşıb. Bu üzdən Fransa prezidentinin gənc, amma superpopulyar Mbappe ilə müntəzəm ünsiyyətində qəribəlik axtarmağa dəyməz.