Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən Avropa birinciliyində yarımfinal döyüşləri davam edir.
Yığmamızın heyətində finala vəsiqə üçün Kənan Babayevin (48 kq) ardınca Amin Məmmədzadə (51 kq) də rinqə çıxıb.
1/8 finalda irlandiyalı, 1/4 finalda ermənistanlı rəqibinə qalib gələn Azərbaycan çempionu üçüncü qarşılaşmasında Gürcüstan idmançısı ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.
Nəticədə Məmmədzadə Avropa birinciliyini bürünc medalla başa vurub.
Qeyd edək ki, yarışda final görüşləri aprelin 21-də baş tutacaq. Kənan Babayev çempionluq döyüşündə polşalı Nikolas Marsel Pavliklə qarşılaşacaq.