Bolqarıstanda keçirilən gənc boksçular arasında Avropa birinciliyi davam edir.
"Football-plus.az" saytının məlumatına görə, turnirin üçüncü günündə Azərbaycan millisinin daha 2 üzvü çıxışını qələbə ilə başa vurub.
Yığma üzvü Amin Məmmədzadə (51 kq) 1/8 final mərhələsi çərçivəsində irlandiyalı Patrik Makkenna ilə üz-üzə gəlib. Görüş həmyerlimiz üçün uğurlu alınıb. O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək mərhələ adlayıb.
Boksçumuz 1/4 final döyüşünü aprelin 19-da keçirəcək.
80 kq çəkidə mübarizə aparan Sərxan Budaqov Vladislav Dudarla (Ukrayna) qarşılaşıb. Gərgin keçən döyüşdə Azərbaycan təmsilçisi rəqibini məğlub edib. Qələbə sayəsində 1/4 finala vəsiqə qazanan həmyerlimiz yarımfinal üçün aprelin 19-da rinqə çıxacaq.
Komandamızın heyətində Daniel Xolostenko (71 kq) 1/8 finalda Levent Qemeslə (Macarıstan), Kənan Babayev (48 kq) 1/4 finalda Oruc Əhmədovla (Gürcüstan), Fətəli İsmayılov (86 kq) isə Oğuzxan Türklə (Türkiyə) üz-üzə gələcək.