Nurlan İbrahimovun məhkəməsini kimlər yubadır? - VƏKİLİ AÇIQLADI

22.03.2022 19:00 643
Aktual / Manşet
“Qarabağ”ın sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun İdman Arbitaj Məhkəməsi ilə problemi davam edir.

Qurum indiyədək bir neçə dəfə qərar tarixini dəyişib. Məsələnin mayın 25-də həll olunacağına ümid bəsləyirik. Necə olur ki, İAM Rusiya - Ukrayna müharibəsinə görə şimal qonşularımızın beynəlxalq yarışlardan uzaqlaşdırılması ilə bağlı dərhal qərar verə bilir, amma Nurlanın məsələsi 2 ilə yaxındı həll olunmur? Ümumiyyətlə, qurumda bu işə baxan məsul şəxslər kimlərdi? Bəlkə bu məsələyə ermənilər təsir edir? Onlar qəsdən prosesi bu qədər uzadırlar? İndiyə kimi İAM-da hansısa işin həllinə bu qədər zaman sərf olunub? Ümumiyyətlə, mayın 25-də Nurlan İbrahimovun cəzası tam ləğv olunsa, qurum bu prosesin uzanmasına görə ona təzminat ödəyəcək? Axı “Qarabağ”ın sabiq mətbuat katibi 2 ilə yaxındı heç yerdə işləmir. Faktiki əli-qolu bağlı vəziyyətdə məsələnin həllini gözləyir. Yekunda bu qədər səbrin mükafatı olacaq? Suallarımızı Nurlan bəyin vəkili Fərid Haqverdiyevə ünvanladıq. Tanınmış hüquqşünas qaranlıq məqamları belə izah etdi:

“Birmənalı şəkildə demək olmaz ki, ermənilərə görə bu məsələ uzanır. Açığı, yadımda deyil hansı işlə bağlı qərarın verilməsi bu qədər uzansın. Amma elə məsələlər olub ki, 6-8 ay çəkib. Belə məsələləri əvvəlcədən bilmək olmur. Mənə də təəccüblüdü. Çünki qərar bir neçə hazırlanma mərhələsindən keçir. Əvvəlcə İAM-da olan hüquqşünaslar işi göndərirlər hakimlərə, daha sonra təkrar baxış keçirilir. Ola bilər ki, ordakı vəkillər təkcə bu işlə məşğul deyillər. Yəqin başları qarışıqdı ki, hələ qərar verə bilmirlər. Onların hardan olduğu haqda məlumat verilmir. Sadəcə, mən bu sahədə oxumuşam deyə bəzi şeylərdən məlumatlıyam. Bilirəm ki, qərar 4-5 hüquqşünasdan asılıdı. Amma konkret bizim işlə kimin məşğul olduğunu, hansı ölkəni təmsil etdiyini bilmirik. Əslində bu, maraqlı məsələdi. Düşünürəm ki, Nurlan İbrahimovun cəzası azalacaq. Amma tam ləğv olunsa, bundan sonra 2 ilə yaxın müddət üçün təzminat tələb etmək olar. İndiki halda qərar verilməyibsə, nəsə demək olmaz. Ümumiyyətlə, cəza verilsə, təzminat haqda danışmağa dəyməz”.


İLKİN SULTANLI