Ten Haq ingilis dilini niyə öyrənir?

20.03.2022 16:00 571
Dünya futbolu
Bu günlərdə “Mançester Yunayted”i növbəti mövsümdən çalışdırmaq imkanı olacaq məşqçilərin siyahısı açıqlanmışdı.

İngiltərə mənbələri komandanı müvəqqəti çalışdıran Ralf Ranqnikin yerinə namizədlərin müəyyənləşdiyini və rəhbərliyin baş məşqçi vəzifəsində 4 mütəxəssisdən birini görmək istədiyini xəbər vermişdi. İddiaya görə namizədlərin siyahısına Tomas Tuxel (Çelsi), Xulen Lopeteqi (Sevilya), Erik ten Haq (Ayaks) və Luis Enrike (İspaniya yığması) daxil edilib. Onlar arasında Ten Haqın favorit olduğu, onun artıq ingilis dilini öyrənməyə başladığı da iddia edilir.
“Ayaks”ın çalışdırıcısı haqqında gəzən xəbərlərə belə reaksiya verib:

“Mən hələ ki bütün diqqətimi cari mövsümə ayırmışam. Gələcək haqda düşünmürəm. Biz iki turnirdə mübarizəmizi davam etdiririk və hər ikisində qalib gəlmək istəyirik. İngilis dilini niyə öyrənirəm? Bu dil üzrə kursa MY-ni çalışdırmaq üçün getməyimlə bağlı iddia doğru deyil. Komandamızda legioner oyunçular kifayət qədərdi və onlar ingilis dilini bilirlər. Mən isə bütün oyunçularımızla ünsiyyətimi daha da yaxşılaşdırmaq üçün bu dillə bağlı bilgilərimi artırmağa çalışıram”.