Ranqnik "Mançester Yunayted"dəki potensial xələfi haqda danışdı

10.03.2022 19:10 551
Dünya futbolu
Ralf Ranqnikin “Mançester Yunayted”i mövsümün sonuna qədər çalışdıracağı hamıya bəllidi.

İngiltərə klubu artıq indidən alman mütəxəssisin yerinə əsas namizədi müəyyən etməyə çalışır. Bu günlərdə jurnalist Conatan Şröger MY-ni növbəti mövsümdən Erik ten Haqın çalışdırmaq şansının yüksək olduğunu bildirmişdi. O, “Ayaks”ın baş məşqçisinin də premyer-liqada işləmək arzusunda olduğunu qeyd etmiş, “Daily Mail” qəzeti Ten Haqın artıq MY-dən təklif aldığını yazmışdı. Sonuncu mənbə onun ingilis dili kursuna getdiyini də xəbər vermişdi. Ranqnik potensial xələfi haqda fikirlərini bu şəkildə bildirib:

“Əvvəla onu deyim ki, rəhbərliklə yeni baş məşqçinin mümkün təyinatı haqda müzakirələrə başlamamışıq. Erik ten Haq ilə şəxsi tanışlığımız yoxdu. Amma “Ayaks”ın onun rəhbərliyi altında necə yüksəlişə nail olduğu göz qabağındadı. Ten Haqın vaxtilə “Bavariya”nın ikinci komandasında hansı işləri gördüyünü bilirəm. O, Avropada ən yaxşı mütəxəssislərdən biridi. Amma MY-də işləmək potensialı olan başqa məşqçilər də var”.