Matçda diqqətiçəkən məqamlardan biri də “qırmızı-qaralar”ın futbolçusu Asif Məmmədovun 88-ci dəqiqədə meydana çıxması oldu. İş ondadı ki, 40 yaşlı oyunçu buna qədər elitada sonuncu dəfə 2023/24 mövsümündə görünmüşdü.
Bəs, dönüşün səbəbi nədi? Artıq onun müntəzəm şans qazanacağını düşünə bilərikmi?
Bu suallarla Asif Məmmədova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Baş məşqçimiz Yeton Bekiri mənə meydana daxil olmaq üçün hazırlaşmağı tapşıranda hesab 0:1 idi. Ancaq mən hazır olana kimi “Sabah” daha iki qol vurdu. Yaşıl meydana qayıtmağım baş məşqçinin təklifi ilə gerçəkləşdi. Dedi ki, təcrübəli oyunçu kimi komandaya lazımam. Mənim də oynamaq fikrim olduğundan razılaşdım. Təbii ki, baş məşqçinin qərarına hörmətlə yanaşmalıydım”.
Fürsətdən istifadə edib futbolçudan “Qəbələ”nin uğursuzluğunun səbəbləri haqda fikirlərini də soruşduq:
“Son iki mövsüm ürəyimizcə deyil. Hadisələrin axarı istədiyimiz kimi getmir. Ancaq irəliləyə bilmək üçün əlimizdən gələni edirik. Düşünmürəm ki, problemlər maddi durumla bağlıdı. Əksinə, bizim səviyyədə olan komandalardan daha yaxşı imkana malikik. Əsas çatışmazlıq kollektivə yeni qoşulan futbolçuların yanaşma tərzi ilə bağlıdı. Düşünürdülər ki, Azərbaycan çempionatında gözüyumulu oynayacaqlar. Amma indi mübarizənin nə dərəcədə çətin olduğunu bilirlər. Müsbət nəticə üçün meydanda can qoymaq lazımdı. Əziyyət çəkməlisən. Heyətimizin zəif olduğunu düşünmürəm. Özümüzə gələcəyik. Məncə, bir qələbə komandanın özünəinamını qaytaracaq. Müsbət düşünməliyik. Çempionat hələ yeni başlayıb. Nəsə itirməmişik. Qarşıda hələ xeyli oyun var”.
Xatırladaq ki, “Qəbələ” 4 xalla 10-cu pillədə qərarlaşıb.
KƏNAN BAHADIR





