ABŞ-nin Las Veqas şəhərində keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında Azərbaycanın sərbəst güləşçiləri daha iki bürünc medal qazanıblar.
"Football-plus.az" xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan Xetaq Karsanov üçüncü yer uğrunda görüşdə rusiyalı Andrey Bestayevi 8:1 hesabı ilə məğlub edib.
92 kq çəki dərəcəsində çıxış edən Anar Cəfərli də fəxri kürsüyə yüksəlib. Azərbaycan təmsilçisi bürünc medal uğrunda qarşılaşmada italiyalı Qabriele Nikkolinini 10:0 hesabı ilə vaxtından əvvəl məğlub edib.
Cəfərli təsəlliverici görüşlərdə də uğurlu çıxış edib. O, əvvəlcə Ermənistan təmsilçisi Muşeq Mkrtçyana 18:8, daha sonra Puerto-Rikodan olan Lorenzo Vaskesə 12:0 hesabı ilə qalib gəlib.
86 kq çəki dərəcəsində yarışan Səbuhi Əmiraslanov isə medal qazana bilməyib. Təsəlliverici görüşdə gürcüstanlı Tornike Samxaradzeyə 10:0 hesabı ilə qalib gələn güləşçimiz bürünc medal uğrunda qarşılaşmada monqolustanlı Batbilquun Naadambata 0:3 hesabı ilə uduzub və dünya çempionatını beşinci pillədə başa vurub.
79 kq çəki dərəcəsində çıxış edən Elcan İsmayılzadə yarışa qələbə ilə başlayıb. O, kanadalı Konor Çerçi 11:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
Digər üç təmsilçimiz isə ilk görüşlərində məğlubiyyətlə üzləşiblər. Musa Ağayev (65 kq) qazaxıstanlı Şattık Alaydara 2:12, Ramik Heybətov (70 kq) qırğızıstanlı Rustamcan Kaxarova 4:11, Zəfər Əliyev (97 kq) isə iranlı Məhəmmədmobin Əzimiyə 0:8 hesabı ilə uduzub.
Beləliklə, Azərbaycanın U-23 dünya çempionatında qazandığı medalların sayı beşə yüksəlib. Daha əvvəl Elmir Əliyev (60 kq) və Günay Qurbanova (59 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal əldə ediblər.
Oktyabrın 12-də start götürən dünya çempionatı bu gün başa çatacaq.
Güləşçilərimiz daha iki medal qazandı - DÇ
İdman





