Bəxtiqara Marandiçi... – bu dəfə də kəllə sümüyü sınan moldovalının durumu açıqlandı

14.10.2026 18:29 81
Ölkə futbolu / Manşet
“Turan Tovuz”un Misli premyer-liqasının 7-ci turunda ciddi itki ilə üzləşdiyindən xəbərdarsız.

Xatırladaq ki, “bozqurd” Sumqayıtda “Şəfa”ya qarşı keçirilən oyunda (1:0) 86-cı dəqiqədən sonra azlıqda qaldı. Buna qonaqların futbolçusu Denis Marandiçinin top uğrunda mübarizə zamanı rəqibin oyunçusu İsmayıl Zülfüqarlı ilə kəllə-kəlləyə toqquşması səbəb oldu. Bu vaxt artıq əvəzetmə limiti bitdiyi üçün bölgə təmsilçisi qalan vaxtda azlıqda oynadı. Oyunsonrası mətbuat konfransında baş məşqçi Kurban Berdıyev Marandiçinin kəllə-beyin zədəsi aldığını açıqladı.

Moldovalı müdafiəçinin son durumu öyrənmək məqsədilə “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:

“Marandiçinin zədəsi ciddi deyil. Düzdü, kəllə sümüyündə sınıq var. Aparılan müayinələrdən sonra aydın oldu ki, əməliyyata ehtiyac yoxdu. 3-4 gün sonra fərdi məşqlərə başlayacaq”.

Xatırladaq ki, Marandiçi 2024-cü il dekabrın 3-də ölkə kubokunun “Sabah”a qarşı 1/4 final görüşündə ağır zədə almışdı. Rəqibin futbolçusu Pavol Şafranko ilə mübarizə zamanı ayağı qırılmışdı. O, təxminən iki il sonra, daha dəqiqi, sentyabrın 13-də “Araz-Naxçıvan”la Misli premyer-liqasının 5-ci tur matçında meydana qayıtmışdı.

KƏNAN BAHADIR