Xatırlayırsızsa, hazırda “İmişli”nin şərəfini qoruyan qapıçı ötən yay müqaviləni birtərəfli qaydada pozaraq “Sabah”ı tərk etmişdi. Bundan sonra klub müvafiq qurumlara şikayət edərək “əlcək sahibi”ndən 53 min manat təzminat tələb etsə də, nə AFFA-nın Oyunçuların Statusu və Transfer Komitəsi, nə də AFFA Apellyasiya Arbitraj Tribunalı “Sabah”ın xeyrinə qərar çıxardı. Daha dəqiqi, Oyunçuların Statusu və Transferi Komitəsi klubun Yusifə 10 min manat təzminat ödəməsinə dair qərar vermiş, ikinci instansiya isə həmin qərarı qüvvədə saxlamışdı. Bu qərarla da barışmayan “bayquşlar” ötən ayın əvvəlində İdman Arbitraj Məhkəməsinə (CAS) üz tutdu.
Maraqlıdı ki, “Sabah”ın həmin addımından sonra Yusif “İmişli”də şans qazanmırdı. Belə ki, “pələnglər”in baş məşqçisi Fərid Namazov sentyabrın 11-nə qədər keçirilən 4 premyer-liqa oyununda qapıçıya əvvəldən sonadək şans vermişdisə, 5-ci və 6-cı turlarda, müvafiq olaraq, “Neftçi” və “Sabah”a qarşı oyunlarda “çərçivə”ni Sadiq Məmmədzadəyə əmanət etmişdi. Ancaq Aran təmsilçisinin 7-ci turda “Qarabağ”a qarşı oyununda Yusif əvvəldən sonadək meydanda oldu.
Görəsən, artıq “Sabah”la Yusif arasında problem həll edilib? Qapıçını növbəti oyunlarda da meydanda görə bilərikmi?
Bu suallarla Fərid bəyə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Sabah”la Yusif arasında olan məsələlərdən şifahi xəbərim var. Ancaq Yusifin meydana çıxmaması bu mövzu ilə bağlı deyildi. Heyətdə iki qapıçı var. Yusif əsas milliyə namizəddi, Sadiq isə U-21 yığmasının qapıçısıdı. Bu üzdən rotasiyalar edirik və mövsüm ərzində edəcəyik. Kəsəsi, Yusifin komandada şans qazanmamasının “Sabah”la mübahisəyə aidiyyatı yoxdu”.
KƏNAN BAHADIR






