“Şəki camaatı bizə necə diqqət göstərirsə, biz də Şəkini o cür təmsil edirik” – bu nə danışıqdı?

11.10.2026 13:55 108
Yazarlar / Manşet
2-ci liqada iştirak edən "Şəki"nin başına gələnlərdən xəbərdarsız. Dəfələrlə yazdığımız kimi, bölgə təmsilçisi stadion tapa bilmədiyindən məşq edə bilmir. Şəki şəhər stadionu kluba bir oyun üçün 750 manata təklif olunur. Maliyyə problemləri ilə mübarizə aparan klubun həmin vəsaiti qarşılaya bilməməsi isə tarixinə biabırçı məğlubiyyətlərin düşməsinə səbəb olur.

Düzdü, vəziyyətdən çıxış yolunu azarkeşlərə müraciət etməkdə görən "Şəki" yaxınlarda 1000 manata qədər pul toplayıb. Lakin söhbət 2-ci liqadan getsə də, daha çox maliyyəyə ehtiyac var. Kəsəsi, hələ klubun dərdinə dərman tapılmayıb. İş o həddə çatıb ki, kollektiv ölkə kubokunun 1-ci təsnifat mərhələsində "Qaradağ Lökbatan"la oyuna 13 yaşlı futbolçu buraxıb!

Bu oyundan sonra "Şəki"nin rəhbəri növbəti dəfə ictimaiyyətə müraciət edib. Kluba aylıq 14 min manat vəsait lazım olduğunu bildirən funksioner çətinliklərdən söz açıb, bizim də qeyd etdiyimiz çatışmazlıqları dilə gətirib. Buna söz yox. Biz media nümayəndələri də mümkün qədər şəffaflığın tərəfdarıyıq. Axı işimizin əsas hissəsi ictimaiyyəti problemlərdən xəbərdar etməkdi. Ancaq Elgün bəy ya təngə gəldiyindən, ya da 0:12 hesablı məğlubiyyətin yaratdığı emosiyalara uduzduğundan həm də bu ifadələri səsləndirib:

"Şəki camaatı bizə necə diqqət göstərirsə, biz də Şəkini o cür təmsil edirik".

Elgün bəy sözügedən çıxışında stadiona görə klubdan 750 manat məbləğ tələb edənləri qınaya bilər. Xatırladaq ki, "Sumqayıt" "Mehdi Hüseynzadə"də icarə haqqı ödəmədən çıxış edir. Düzdü, klub bu mövsüm hələ həmin jestdən faydalana bilməyib. Nə nəticələri ürəkaçan olub, nə də orda meydana çıxıb. Amma ortada belə reallıq var. Deməli, Şəki stadionu da "Şəki"nin ixtiyarına pulsuz və ya daha cüzi məbləğ qarşılığında verilə bilər. Biz də Elgün bəyin "750 manat" məsələsi ilə bağlı fikirlərini saytımızda canla-başla işıqlandırmışıq. Ancaq Şəki camaatını hədəf almaq, uğursuzluğun günahını əhalinin üzərinə yıxmaq nə etikdi, nə də idman prinsipləri ilə uzlaşır.

Bəli, azarkeş istəsə, "Şəki"yə 20 yox, 20 min manat da yardım edə bilər. Ancaq istəmirsə, hədəfə alınmamalı, tənqid olunmamalıdı. Burda yalnız klub özü işə qoyulmalı, maliyyə dayaqlarının möhkəmləndirilməsi yönündə əməli addımlar atmalıdı. Buna güc çatmırsa, nə Şəki adını biabır etməyə gərək var, nə də əhalini qınamağa. Belədə işə son vermək lazımdı. Axı hər son bir başlanğıcdı!

KƏNAN BAHADIR