“Biz bu zaman neçə əvəzetmə etdiyimizi unutduq” – Yuri Vernidub

9.10.2026 22:32 198
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 7-ci turunda “Neftçi” evdə “Palms Sports Arena”da “Sabah”la qolsuz heç-heçə etdi - 0:0.

Matçdan sonra “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub mətbuat konfrans keçirdi.

- Epizodlardan istifadə etməməyiniz şanssızlıqdı, yoxsa ustalıq çatmadı?
- Hər iki komandanın oyunu xoşuma gəldi. Biz Çempionlar Liqasında oynayan komandaya qarşı oynayırdıq. “Sabah” “Mançester Yunayted”lə belə məğlub olduğu halda sona qədər mübarizə aparırdı. Bu gün də bərabər oyun gördük. Bir çox epizodumuz olsa da, istifadə edə bilmədik. Çempionatda “Sabah” 5 oyun ərzində 1 qol buraxmışdı. Mən oyunçularıma minnətdaram ki, tempi saxlayaraq intensivliyi qorudular, top uğrunda mübarizədə məğlub olmadılar. Təəssüf ki, qol vura bilmədik. Bu futboldu. Nəzərə alsaq ki, çempionla oynayırdıq. Bu 1 xal bizim üçün kifayətdi ki, yolumuza davam edək. Hər iki komandadan bir çox futbolçu milli komandalarda oynayıb. Jubitana dünən gəldi, D’Almeyda, ümumiyyətlə, məşqlərə qoşula bilmədi. Rəqibdə də Mikels gec qoşuldu. Bu həyatdı, bəzən belə olur.

- Sizcə, bu gün komandanız 2 xal itirdi, yoxsa 1 xal qazandı?
- Mən 2 xal itirdim. Mən həmişə 3 xal qazanmaq istəyirəm. Düşünürəm ki, Dambrauskas da eyni fikirdədi. O elə hesab etmirsə… Fərq etmir, hər komandaya qarşı 3 xal qazanmaq istəyirik. Baş məşqçi fərqli cür düşünsə, komanda da elə çıxış edəcək.

- Emil Səfərova qarşı kobud oyunun sarı vərəqə ilə qiymətləndirilməsinə münasibətiniz necədi?
- Hakimliyi şərh etmək istəmirəm. Oyun zamanı emosional adamam. Lakin matçdan sonra sakinləşirəm. Hakimlərin işini qiymətləndirən şəxslər var. Hakimliklə bağlı ciddi səhv görmədim.

- Bu xalı qənaətbəxş hesab etdiz. Qarşıda “Qarabağ”, “Turan Tovuz” ilə görüşlər gəlir.
- Mən həmişə qalib gəlmək istəyirəm. Ev, səfər - fərqi yoxdu. Çempion olmaq istəyiriksə, buna layiq çıxış etməliyik.

- Klisman meydanı tərk etmədən öncə ayağını tutdu. Son 20 dəqiqədə Emin Mahmudovu hücumla müdafiəni əlaqələndirmək üçün meydana buraxmaq olmazdı?
- Biz oyundan öncə dəyişiklikləri müəyyən edirik. İntensiv oyun gedirdi. Bu səbəbdən Emil Səfərovu buraxdıq. Bu gün belə düşündük. 20 futbolçumuz, lakin 5 əvəzetmə haqqımız var. Qustavonu Varqasla əvəz edərkən hakim 1 dəqiqəliyə onu kənarda saxladı. Biz bu zaman neçə əvəzetmə etdiyimizi unutduq. Bu səbəbdən dörd əvəzetmə ilə kifayətləndik.

İSRAYIL XEYRULLAYEV