FİBA Ukraynaya xəyanət etdi

7.09.2026 10:00 23
İdman
Beynəlxalq Basketbol Federasiyası (FİBA) Rusiya və Belarusun basketbol və 3x3 basketbol üzrə oyunçu, məşqçi, hakim və digər rəsmilərinə tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Rusiya Basketbol Federasiyası məlumat yayıb.

FİBA İcraiyyə Komitəsinin İsveçrədə keçirilən iclasında qəbul edilən qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya və Belarus basketbolçularının yarışlarda iştirakına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tövsiyəsindən sonra verilib.

Bununla da Rusiya və Belarusun basketbol və 3x3 basketbol üzrə oyunçuları FİBA-nın bütün yarışlarında iştirak edə, hakimlər, komissarlar və digər rəsmilər isə bütün vəzifələrə təyin oluna biləcəklər. Qərar dərhal qüvvəyə minib.

Xatırladaq ki, FİBA Rusiya və Belarus təmsilçilərinə qarşı məhdudiyyətləri 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra tətbiq etmişdi. Rusiyanın işğalçılıq müharibəsinin davam etdiyi məqamda verilən bu qərar Ukraynaya xəyanətdən fərqli qəbul oluna bilməz.