Nə qədər acı təsadüf olsa da, barışmalı olduğumuz reallıq var: “Qarabağ”ın “Tvente” ilə başlayan avrokubokların qrup və ya indiki liqa mərhələsi ilə bağlı seriyası məhz “Tvente” ilə bitdi.
Düzdü, “köhlən atlar” Niderland təmsilçisi ilə ilk dəfə Avropa Liqasının 2009/10 mövsümünün pley-offunda qarşılaşmış, səfərdə keçirilən ilk oyunda 1:3 hesabıyla uduzmuş, evdə qolsuz “sülh”ə razı olmuş, bu üzdən avrokubok mövsümünü başa çatdırmışdı. Ancaq xoşbəxtlikdən 2014/15 “futbol ili”ndə qisas almaq mümkün olmuşdu. Belə ki, Avropa Liqasının pley-offunda yenidən qarşılaşan komandaların həm Bakıdakı, həm də Ensxededəki oyunları heç-heçə nəticələnmiş (0:0, 1:1), “Qarabağ” “səfər qolu” sayəsində ilk dəfə Avropa Liqasının qrup mərhələsində vəsiqə qazanmışdı. Ağdamlılar bundan sonra ardıcıl 12 dəfə avrokubokların əsas mərhələsində çıxış etməklə adını Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazdırdı. Özü də bunlardan ikisi Çempionlar Liqasında baş verdi.
Heç şübhəsiz, “köhlən atlar”ın uğurlarının nə dərəcədə böyük olduğunu dərk etmək üçün keçmişə boylanmaq yetərlidi və bu yöndə istənilən məlumatı ən müxtəlif mənbələrdən öyrənmək mümkündü. Odu ki, təkrarçılığa yol vermədən, mətləbə keçid alaq.
Bu gün “Qarabağ” ciddi ictimai qınaqla üz-üzədi. Öz aramızdı, bəlkə də “Sabah” ölkədaxili yarışlarda “qızıl dubl”a imza atmasa, Çempionlar Liqasında iştirak etdiyi ilk mövsümdəcə liqa mərhələsinə vəsiqə qazanmasa, “köhlən atlar”ın həm ötən “futbol ili”ni titulsuz başa vurması, həm də 12 ildən sonra ilk dəfə liqa mərhələsindən kənarda qalması belə geniş əks-səda doğurmazdı. Amma təbii ki, burda yalnız “bayquşlar”ın tarixi nailiyyətinin payı yoxdu. Bu barədə onu iddia edə bilərik ki, “Qarabağ” heyəti yeniləmək üçün həddən artıq tələsdi. “Sabah”ın həm premyer-liqada, həm də ölkə kubokunda qalib olmasına dözməyən ağdamlılar təcrübəli, aparıcı oyunçularını qısa müddətdə gözdən çıxardı. Halbuki Valdas Dambrauskasın komandasının məlum nailiyyətləti qazanması “köhlən atlar”ın heç də zəif rəqibdən geridə qalmadığını isbat etdi. Kəsəsi, klub heyəti yeniləmək prosesini mərhələli şəkildə həyata keçirə bilərdi.
“Qarabağ”ın növbəti səhvlərə Leandro Andrade ilə Kevin Medinanı, ardından Kamilo Duranla Abdulla Zubirin yola salmaqla yol verdi. Bəli, hamı onların çox yorulduğunu, başqa klublardan gələn təkliflər fonunda psixoloji durumunun dəyişdiyini görür, əvvəlki qədər faydalı olmadıqlarını hiss edirdi. Ancaq daha bir mövsüm döyüşməyin “Qarabağ” üçün daha rahat proses vəd etdiyinə şübhə yoxdu.
Bəli, “köhlən atlar” “Tvente”ni keçsə, bu gün bu məsələləri danışmayacaq, klubun bəlkə də düzgün siyasət yürütdüyünü yazacaqdıq. Ancaq həmin ehtimal, təbii ki, çox zəif idi. Axı əsas heyətdə 8 dəyişiklikdən söhbət gedirsə, qısa müddətdə avrokubokların liqa mərhələsinə vəsiqə qazanmaq səviyyəsinə çatmaq, yumşaq desək, yalnız şirin xəyal kimi səslənir. Görünür, indiyə qədər bizi xeyli möcüzə ilə sevindirən komanda daha bir imkansızı bacarmaq eşqinə düşübmüş ki, bu dəfə alınmadı.
Qurban Qurbanova gəlincə, bəli, mütəxəssis cavab matçında taktiki səhvlərlə yadda qaldı. Öyrəşmədiyimiz, daha doğrusu, müdafiə olunmağa üstünlük verən, hücumda cəsarətli görünməyən “Qarabağ” gördük. Komandanın olanı bu idi, yoxsa “Tvente” rəqibini qorxmağa məcbur etdi? Bunu deyə bilmərik, ancaq səbəb nəticəni dəyişmir. Hazırda mütəxəssis böyük kütlə tərəfindən qınanılır. Xatırlayırsızsa, Qurban bəy bu yaxınlarda verdiyi müsahibələrdən birində bəzən futboldan getmək haqda düşündüyünü etiraf etmiş, bunu ağır tənqidlərlə əlaqələndirmişdi.
Hər halda, o, bu gün aramızdadı, bizimlədi, vəzifəsini davam etdirir. 22 yaşlı Nəriman Axundzadə deyil ki, ictimai qınağa tab gətirə bilməsin. Üstəlik qarşısında növbəti ciddi vəzifə var: “Qarabağ”la yenidən ölkə daxilində titullar qazanmaq, avrokuboklarda irəliləmək. Özü də mümkün olsa, əvvəlkindən daha böyük, daha ciddi uğurlar qazanmaq. Bunun üçün isə “Qarabağ” azarkeşlərinin dəstəyinə, inamına ehtiyac var. Bəli-bəli, məhz tərəfdarlar baş məşqçiyə sahib çıxmalı, dar gündə komandanı tək qoymadıqlarını sübut etməli, tayı-bərabəri olmayan motivasiya mənbəyi ortaya qoymalıdılar. Əks halda, “köhlən atlar”ın çoxdan başlayan eniş dövrü uzanmaqda davam edəcək.
Bəlkə də, Allah eləməmiş, “Qarabağ” sıravi klubların, avrokuboklarda maksimum bir-iki mərhələ adlayan komandalarımızın sırasına qayıdacaq.
Bəs, “Sabah”, “Neftçi”, “Zirə”, “Turan Tovuz” kimi rəqiblərinin yüksəlişi fonunda ilk “dördlük”dən kənarda qalsa, necə olacaq? Həqiqətənmi hadisələrin axarı “Qarabağ” azarkeşlərini narahat etmir? Qurban Qurbanova sahib çıxın! Həmişəki kimi, sizin Qurbanınız olsun. Yoxsa tənqidlərin qurbanı olacaq...
KƏNAN BAHADIR
Qurban... - KÖŞƏ
Manşet / Yazarlar






