Xosep Qvardiolanın yaxın gələcəklə bağlı karyerası haqda maraqlı iddia ortaya atılıb. “Mançester Siti”nin baş məşqçisi bu yay İngiltərə klubundan ayrılmaq niyyətindədi.
"Football-plus.az" xəbər verir ki, bu barədə BBC-nin yaydığı məlumatda hazırda “şəhərlilər”in düşərgəsində ispaniyalı mütəxəssisin gələcəyi ilə bağlı qeyri-müəyyənlik olduğu və yekun qərarın mövsümün sonuna yaxın veriləcəyi bildirilir. İddiaya görə, Qvardiola ilkin qərarını dəyişib komandada qalsa belə, 2027-ci ilin yayında müddəti başa çatacaq müqaviləsini yeniləməsi çətin görünür.
55 yaşlı Qvardiola MS-yə 2016-cı ildən rəhbərlik edir. Komanda onun rəhbərliyi altında 6 dəfə İngiltərə çempionu, 2 dəfə ölkə kubokunun, 4 dəfə Liqa kubokunun, 3 dəfə isə Superkubokun sahibi olub. MS 2023-cü ildə Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatında qalib gəlib.
“Şəhərlilər” hazırda premyer-liqada 24 turdan sonra 47 xalla 2-ci yeri tutur. Qvardiolanın komandası Çempionlar Liqasının 1/8 finalına, İngiltərə Liqa kubokunun finalına və ölkə kubokunun 1/16 finalına çıxıb.