“Fənərbaxça”nın sabiq üzvü Rade Kruniç Serbiya mətbuatına diqqətçəkən, hətta qalmaqallı açıqlamalar verib.
"Football-plus.az" xatırladır ki, təcrübəli bosniyalı yarımmüdafiəçi “Fənər”ə 2023/24-ün qış transfer dönəmində böyük ümidlərlə “Milan”dan gəlmişdi. Amma o, yeni mühitə və kluba uyğunlaşa bilməyərək cəmi 6 ay sonra 3,5 milyon avroya “Srvena Zvezda”ya satıldı.
32 yaşlı futbolçu “Fənər”dəki mühiti yıxıb-sürüyərək bunları deyib:
“Fənərbaxça”da çox çətin ab-hava var. Həqiqətən çətin idi. Məni ən çox təəccübləndirən də elə bu oldu. Belə böyük və ciddi hədəfləri olan bir klub necə olur ki, bu dərəcədə bəsit düşünə bilir? İtaliya ilə Türkiyə futbolu arasında çox ciddi fərqlər var. Türklər futbol biliyi baxımından geridədilər. Futbolu düzgün şəkildə anlamırlar. Xüsusilə də İtaliyada oynayandan sonra Türkiyəyə gələndə bu fərqi dərhal hiss etmək mümkündü. Əslində transferdən öncə hara getdiyimi, məni orda nələrin gözləyəcəyini bilirdim. Məni Duşan Tadiçlə Edin Ceko qarşıladı. Elə Dominik Livakoviç və Miha Zayts kimi tanıdığım futbolçular da heyətdə idi. Onlar mənə hər şeyi anlatmışdılar. Amma klubun bu dərəcədə həvəskar şəkildə idarə olunacağını gözləmirdim! Xüsusilə futbolun idarəçiliyi çox bərbad idi. Açıq danışsam, Türkiyə futboluna heç cür uyğunlaşa bilmədim. Nə oyun tərzinə, nə də başqa məqamlara uyğunlaşdım. Əsasən da necə gəldi, xaotik oynanılan futbol məni çətinə salırdı. İtaliyada meydandakı işimin konkret nədən ibarət olduğunu bilirdim. Ancaq meydanda özün bildiyin kimi oynamaq, daim özündən yeni şeylər uydurmağa çalışmaq mənlik deyil. Orda keçirdiyim yarım mövsümün ardından baş məşqçi postuna Joze Mourinyo gəldi. Onun təyinatının mənim üçün yeni bir fürsət olacağını düşünürdüm. Çünki Mourinyo hələ “Roma”da çalışdığı dönəmdə məni transfer etmək istəyirdi. Yetərincə yaxşı məşqçidi. Ancaq Mourinyo kimi məşqçi də “Fənərbaxça”da bəyənilmədi. Onu hədsiz müdafiəyəmeyilli oynamaqda günahlandırdılar. Komandanın məhsuldarlığının aşağı olmasından gileyləndilər. Halbuki Mourinyo əsl qalib mentallığına malikdi. Nəticəyə oynayan məşqçi də olsa, qələbə qazanmağın yollarını gözəl bilir. Amma “Fənər”də buna önəm vermədilər və sonda onu da qovdular. “Fənərbaxça”lılar nə üçün 12 ildi çempion ola bilmədiklərini özlərindən soruşmalıdılar. Məncə, “Qalatasaray” “Fənərbaxça” ilə müqayisədə daha görkəmli və avropasayağı komandadı! Ona görə də daxili çempionatda ağalıq edirlər”.