“Kəpəz” Misli premyer-liqasının 36-cı turunda “Turan Tovuz” önündə darmadağın oldu - 4:0.
“Football-plus.az” qonaqların baş məşqçisi Azər Bağırovun oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.
- Bir məşqçinin həyatında jurnalistin böyük əməyi var. Oyunun nəticəsi oyun başlamamış mənim üçün bəlli idi. “Turan Tovuz”u təbrik edirəm. Onların əziyyəti də yerdə qalmaz.
- Artıq hamıya məlumdu ki, “Kəpəz”in “sükanı arxasından” getdiz. Dünənki iclasda nə danışıldı?
- Bəzi məsələlərdə razılaşa bilmədik. Qarşılıqlı razılıq əsasında yolları ayırdıq. Yeni rəhbərlik tam başqa cür düşünür.
- Komandada kimin qalıb-qalmayacağına rəhbərlik, yoxsa baş məşqçi qərar verir?
- Hamınıza hörmətim böyükdü. Bu gün sonuncu dəfə “Kəpəz” barədə danışacam. Burda yaxşı dostlar tapdıq. Sabah kimlərin qərar verəcəyini bilmirəm. Düşünürəm ki, yaxşı şeylər olacaq.
- Bu oyunun nəticəsinin əvvəlcədən bəlli olduğunu dediz…
- Futbolçular baş məşqçinin komandada qalmayacağını artıq bilirdi. Ruh düşkünlüyü olur. Döyüşkənlik hesabına premyer-liqada qalmışıq.
- Bilərəkdən oynamamaq ehtimalı var idi?
- Ola bilməz. Mən burda elə futbolçu tanımıram. Ruh düşkünlüyü oldu. Futbolçular da hissiyyatlı insanlardı.
- Hansı məsələlərdə ortaq məxrəcə gələ bilmədiz?
- Bunu açıqlaya bilməyəcəm. “Kəpəz”dən xoş sözlər deyə bilərəm. Mənin burda haqqım var. Ailəmlə keçirə biləcəyim vaxtın çox hissəsini akademiyada futbolçularla keçirmişəm.
- Sizdən halallıq aldılarmı?
- Biz hər şeyə peşəkar tərəfdən yanaşdıq. Həyat davam edir. Zaman göstərəcək ki, kim hardadı? Həmişə demişəm ki, həyatda düz olmaq lazımdı.
- Bu proseslərin belə olacağı gözlənilirdi. Peşman deyilsiz?
- Həftələr əvvəl mən getsəydim, komanda premyer-liqada qalmayacaqdı. Gəncəyə böyük futbol yaraşır.
- Təxminən iki həftə əvvəl mediada xəbər yayılmışdı ki, Baqa məhz “Kəpəz”in “sükanı arxasına” gəlir. Bu məlumat gəlib sizə çatmışdı?
- Mediada belə məlumat var idi. Şərtlər məni qane etmədiyinə görə ayrılıram. Sabah Baqa və ya Rednik də gələ bilər. Əsas odu ki, “Kəpəz” böyük futbolda olsun.
ƏSƏD SEYİDOV
“Şərtlər məni qane etmədiyinə görə ayrılıram” – Azər Bağırov
Ölkə futbolu / Manşet





